Emilin ömür yolu...

2023-09-12 14:31:00

Emilin ömür yolu...

İkinci Qarabağ müharibəsində Vətənin, millətin yolunda  canını fəda edən minlərlə qeyrətli oğlanlardan biri də Emil Qurbanovdur. Emil kimi Vətən sevdalıların qanı, canı bahasına xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, Azərbaycanımızın yeni, şanlı tarixi yazıldı. Şəhidliyi Vətən sevgisindən başlanan igidlərimiz isə səmanın parlaq günəşi olmaqla ürəklərə köçdülər.

Emil Qurbanov 1980-ci ildə Lənkəranda anadan olub. Lənkəran şəhər A.Məhərrəmov   adına  7  saylı  tam orta məktəbdə təhsil alıb, daha sonra isə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsində oxuyub.

Həqiqi hərbi xidmətdə olanda Emil Qurbanov leytenant rütbəsini alıb. 2003-cü ilin oktyabrında Tərtər rayonunun “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində Vətənini göz-bəbəyi kimi qoruyub.  2005-ci ildə “Zirvə” idman kompleksinə məşqçi-müəllim gəlir, vətənpərvər, sağlam əqidəli idmançılar yetişdirməklə  bərabər,  qatıldığı  müxtəlif yarışların qalibi olub. Daha sonra o, Lənkəran Şəhər Uşaq – Gənclər İdman Məktəbinə məşqçi-müəllim təyin olunub. 2012-ci ildə Lənkəran şəhər A. Məhərrəmov adına 7 saylı  tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı müəllimi kimi işləməyə başlayıb.

Vətən müharibəsi zamanı tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 29 oktyabr 2020-ci ildə Qubadlının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə  40 yaşında əbədiyyətə qovuşub. 6 noyabr 2020-ci ildə Lənkəranda  canından əziz bildiyi torpağa tapşırılıb. Tarix  yazan Lənkəranın qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə” medalları,  “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. 

Vətən müharibəsindən üç ilə yaxın vaxt keçir. Lənkəranlılar  həmişə, hər yerdə  öz qəhrəman  oğlu Emilin  adını uca tutur, xatirəsini əbədiləşdirmək  üçün layiqli işlər görürlər. İndi bu baxımda ucaldılmış “Emil bulağı”  adamların ən çox olduğu müqəddəs yerdir.  43 yaşının tamamında  doğum gününü də böyük qürurla qeyd etmək şəhidə dərin ehtiramdan irəli   gəlirdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları,  yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkdilər, qəhrəman övladımızın məzarını ziyarət edib önünə gül dəstələri düzdülər.

Mərasim iştirakçıları çıxışlarında onu da bildirdilər ki, Azərbaycan xalqının tarixinə qeyrət və şərəf səhifəsi kimi yazılan İkinci Qarabağ müharibəsində Emil Qurbanov da   xüsusi qəhrəmanlıq göstərib. Vətəninə olan məhəbbətini şəhidliyi ilə bir daha sübut edib. Şəhidlər heç zaman ölmürlər.  Qərinələr boyunca, nəsillər  bir-birini əvəz etdikcə onların həyatları həmişə örnək göstərilir. Məhz buna görə bizim Emilin ömür yolu daimi və əbədi olacaq.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140638