Elşən Bağırzadə: "Qərblə əlaqələrimizi inkişaf etdirməliyik”

Azərbaycan ilə Belarus arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Belarusun Baş nazirinin müavini, Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının həmsədri İqor Petrişenko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Belarus arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldığı vurğulanıb.
Qeyd edək ki, Belarus Ukraynadakı müharibədə iştirakına görə Avropa İttifaqının sanksiyalarına məruz qalır.
Buna görə də, bəzi ekspertlər Belarusla əməkdaşlığın Azərbaycana problem yarada biləcəyini iddia edirlər. Təbii ki, belə bir ehtimalın səsləndirilməsi cəmiyyətin narahatçılığına səbəb olub.
Ümumiyyətlə, bu iddia nə dərəcədə doğrudur? Belarusla əməkdaşlıq Azərbaycan üçün hansısa problemlərə yol aça bilər?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elşən Bağırzadə bildirib ki, keçmiş Sovet və indiki MDB ölkələri kimi Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin müəyyən bir ənənəsi var:
"Hazırda hər iki ölkə arasında sərbəst ticarət sazişi mövcuddur. İqtisadi əlaqələr də hər iki ölkənin bir çox müqayisəli üstün sahələri üzrə davam edir. Hesab edirəm ki, Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin inkişafı hazırda potensiala yaxındır. Orta və aşağı texnalogiyaya əsaslanan məhsullar, xüsusilə də kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət əlaqələri mövcuddur".
Ekspertin sözlərinə görə, sanksiyalar Azərbaycana müəyyən çətinliklər yarada bilər:
"Ancaq Azərbaycan öz iqtisadi maraqlarının tələb etdiyi hər hansı addımı atmaqdan çəkinməməlidir. Biz Rusiya və Belarusla iqtisadi əlaqələrimizi davam etdirməklə yanaşı, Qərblə də iqtisadi əlaqələrimizi inkişaf etdirməliyik. Çünki Qərbin enerji təhlükəsizliyinin qurulmasında iştirak edirik. Bu baxımdan, Azərbaycan üçün hər hansı problem ortaya çıxacağını gözləmirəm. Ümumiyyətlə, ölkəmizin iqtisadiyyatı kiçikdir və beynəlxalq iqtisadi proseslərə həlledici təsirimiz yoxdur".
Elmir
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya