Elşad Miri ələ saldı: Hacı Şahinin cavabı - VİDEO

2022-04-22 12:50:00

Elşad Miri ələ saldı: Hacı Şahinin cavabı - VİDEO

İlahiyyatçı Elşad Miri Azərbaycanda Qədr (Əhya) gecəsində lentə alınmış görüntüləri tənqid edib. E.Mirinin bu barədə Feysbuk səhifəsində etdiyi paylaşımından sonra ilahiyyatçı Hacı Şahin Həsənlinin məscidə toplaşan insanlarla birgə Quranı başının üzərinə qoyması, imamların adını zikr etməsi sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Hurriyyet.az bununla bağlı Hacı Şahin Həsənlinin Axar.az-a müsahibəsini təqdim edir:

- Qədr gecəsində yayılan məlum görüntülər söz-söhbətə səbəb oldu. Bu barədə nə demək istərdiniz?

- Anlamıram ki, bu, nə üçün narahatlıq doğurub. Burada insanlar arasında təəccüb doğuran hansı hal var? Quranı başının üstünə qoyub zikr etmək yeni bir məsələ deyil. İllərdir bu ayin var. Bəzi insanlar bunu müzakirəyə qoymaqla özlərini gündəmə gətirmək istəyirlər. Məqsədləri budur. Ümumiyyətlə, bu tipli mövzuları məsxərə, istehza tonunda, ələ salmaqla müzakirəyə çıxarmaq qəti yolverilməzdir. Dini məsələlər - həssas məsələlərdir. Bunları belə şəkildə gündəmə gətirib cəmiyyətdə qütbləşmə yaratmaq, ixtilafı dərinləşdirmək yanlışdır. Dini mövzular bu şəkildə müzakirə olunmamalıdır. Bir insan ilahiyyatçıdırsa, belə məsələni ilahiyyatçılarla, elm əhli ilə ədəbli şəkildə, elmi müzakirənin tələblərinə cavab verən formada müzakirəyə çıxarmalıdır. Amma görüntüləri qoyub ələ salan tonda nəsə danışmaq... Mən bunu böyük bir toplumun heysiyyatına toxunmaq kimi qəbul edirəm. Cəmiyyətdə də bu, dini zəmində hansısa bir fərqli görüntü, lazımsız hallar yarada bilər, ittihamlara səbəb olar. Bir dəstə radikal var ki, “Allahu-Əkbər” deyib baş kəsirlər. Din adıyla baş kəsənləri tənqid etmək lazımdır, Quranı başı üzərinə qoyub, dua oxuyanları deyil.

- Quranı baş üzərinə qoyub zikr etmək ayininin dini baxımdan anlamı nədir?

- Əvvəla, mötəbər qaynaqlarda Qurani-Kərimin baş üzərinə qoyub dua edilməsi haqqında hədislər var. İnama görə, bu, duanın qəbula yetməsinə yardım edir. İkincisi, bir toplumun, xalqın Quranı, Kitabı başı üzərinə qaldırması mütərəqqi addımdır. Bu, elmə göstərilən qayğının, hörmətin təzahürüdür. Quran elm xəzinəsidir, zəngin biliklər toplusudur. İstənilən ayinin forması var. Bəzi insanlar ancaq əməllərin zahiri ilə kifayətlənir. Bu, təkcə ayinə aid deyil. Bunu namaza, digər dini məsələlərə də aid edə bilərik. Quranı başın üzərinə qoymaqda anlaşılmaz, qəribə, qorxulu bir şey yoxdur. Normal haldır. Bu, gənclər üçün də bir ibrətdir. Müqəddəs kitaba sayğı göstərməklə Allaha daha da yaxınlaşmış oluruq.

- Bəs Quranı baş üzərinə qoymaq yalnız Qədr gecəsinə xasdır, yoxsa başqa günlərdə də bunu etmək olar?

- Quran istənilən zaman baş üzərinə qoyula bilər. Sadəcə olaraq, Qədr gecəsində Quran nazil olub deyə, həmin gecədə bunu etmək müqəddəs kitaba hörmət əlaməti kimi izah olunur. Biz Quranı əlimizə götürüb onu öpüb gözümüzün üzərinə qoyuruq. Onda da bəzi insanlar deyir ki, niyə öpdük? Halbuki müqəddəs kitabın özündə qeyd olunub ki, Yaqub peyğəmbər oğlu Yusifin köynəyini gözünə sürtür. Peyğəmbər mənasız bir iş görməz təbii ki... Övladına sevgisini bu şəkildə ifadə edir və sonra gözləri açılır.

- Həmin ayində İmam Cəfərin zikr olunması da ayrı bir müzakirə mövzusuna çevrilib. Bunun mənasını da izah edərdiniz.

- Ayinə görə, Quranı baş üzərinə qaldırılır, əvvəlcə Allahı müqəddəs kitaba and veririk, sonra 10 dəfə Allahın özünə and veririk. Bu, dualarda da var: “Səni öz allahlığına and verirəm”. Dua kitablarımızda bu ifadəyə çox rast gəlirik. Sonra 10 dəfə Məhəmməd (s) peyğəmbərə və 14 məsumun, imamın hər birinə and veririk. Qədr gecəsi həssas məqamdır. Duaların qəbul olunduğu gecədir. Allahı onun özünə və dostlarına, yəni övliyalara and veririk ki, dualarımız qəbul olunsun. Sonda isə Azərbaycanımız üçün dualar edirik. Hətta insanlar evlərindən canlı yayıma qoşulurlar.

- Son olaraq nə demək istərdiniz?

- Allah Ramazan ayında tutulan orucları, qılınan namazları, dualarımızı qəbul etsin.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya