Saat:17:06
Haqqımızda

“ELMİ BAZARA ÇEVİRMƏK OLMAZ” - Azad Mirzəcanzadə: “Daim keyfiyyətsiz işlərə qarşı mübarizə aparıram”     

2021-07-17 08:34:00

“ELMİ BAZARA ÇEVİRMƏK OLMAZ” - Azad Mirzəcanzadə: “Daim keyfiyyətsiz işlərə qarşı mübarizə aparıram”     

...Bəzən bizimlə bir sırada dahi bir insanın dayandığını hiss etmirik. Və nədənsə özgələrin ayranını tərifləmək, qiymətləndirmək mərəzi hələ də içimizdədir. Dahilər təriflərə uymayan, sadə insanlardır. Elə bil Allah onlara qeyri-adi olduqları qədər də təvazökarlıq bəxş edib. Əslində, əlçatmaz hesab etdiyin müdrik şəxsiyyətlərlə üz-üzə olmaq da bir xoşbəxtlikdir. Amma onlara vaxtında qayğı göstərmədiyimizə görə sonralar təəssüflənən də elə bizik... Azərbaycan elminin fundamental tədqiqatları sahəsində böyük uğurları olan elə insanlar var ki, hələ sağlığında öz heykəlini qurublar. Ancaq belə insanların qədir-qiymətini layiqincə bilirikmi?

Ali Attestasiya Komissiyasının sədri, akademik, Azərbaycanda neft elminin patriarxı Azad Mirzəcanzadə bu gün öz dəyərli tədqiqatları ilə məşhurdur. Onu Müstəqil Dövlətlər Birliyi məkanında, eləcə də dünyanın bir çox ölkələrində yüksək qiymətləndirirlər. Bu gün elmi kadrların yetişdirilməsində, elmi kəşf və tədqiqatların üzə çıxarılmasında müstəsna rolu, fədakarlığı ilə fərqlənən Azad müəllim haqqında yalnız fəxrlə danışmaq mümkündür.

Akademik Azad Mirzəcanzadə müasir Azərbaycan elminin problemləri və qayğıları haqqında maraqlı mülahizələrə malikdir. O, elmimizin gələcəyi haqqında narahatlıqla düşünür. Bu gün onunla apardığımız müsahibə də elə bu problemlər ətrafında qurulub.

Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: hər kəsin qiyməti onun biliyi qədərdir. Nədir bilik?

– Bir var bilik, bir də var, başa düşmək. Başa düşmək nə deməkdir? Belə bir termodinamiklik modeli var. Suyu qaynadırsınız, qaynamır, sonra yenə təkrar edilsə belə, qaynamır. Çünki kritik temperatura çatmır və nəticədə buxar əmələ gəlmir. Deməli, kritik temperatur həddinə çatmayıb. Bu, ibrətamiz misaldır...

Başqa misal gətirim. “Oblomov effekti” var. Qonçarovun əsərindəndir: Oblomov 33 vərəq oxuyub yatırdı, sabah yenə də həmin 33 vərəqi... Mahiyyəti budur ki, o, kritik nöqtəni keçməmişdi ki, təzə bir vərəqi oxuya bilsin. Onun üçün belə deyirlər ki, gərək bilik başa düşmək səviyyəsinə keçsin. Məsələn, siz çox şey söyləmisiniz. Bu çox şey sizə o qədər lazım olur ki, bunları qeyri-standart vaxtda, birdəfəyə həll edəsiniz. Buna görə də ən əvvəl başa düşmək gərəkdir. Bilik – sizdə nə qalırsa, odur... Konkret desək, başa düşərək yadda saxladığımız nə varsa, bizim biliyimizdir. Mən ancaq belə deyərdim.

– Bir alim, Ali Attestasiya Komissiyasının sədri kimi deyə bilərsinizmi ki, elmimizin bugünkü vəziyyəti necədir?

– Mən deyim ki, elm sahəsində mənfi, müsbət hallar mövcuddur. Elmimizin vəziyyəti daha yaxşı ola bilərdi. İndi elmdə maddi problemlər var. Məsələn, cihazlar çatışmır, fundamental nəşrlər azalıb. Ümumiyyətlə, elmlə məşğul olanların bəzilərində yüksək intellektual bilik çatışmır. İnternetdən istifadə etmirlər. Iş o yerə çatıb ki, təqdim olunan dissertasiyaların əksəriyyəti 90-92-ci illərin ədəbiyyatı ilə başa çatır. Bu fakt özü çox şey deyir.

Bir var model, biri də var köçürmə. Çoxları müqayisəli əsər yazmaqdan uzaqdır. Belələri hadisələri analiz etmirlər. Olsa-olsa, xronoloji təfərrüatdan ibarət olan belə “əsərlər” kimə lazımdır? İndi humanitar sahədən yazılan işlər çoxdur, nəinki dəqiq elmlərdən. Bilirsiniz, son zamanlar kitab nəşrinin asanlaşması pullu, özü də elmdən xeyli uzaq adamların əl-qolunu açıb. Belə olan halda, həqiqi elmi nəşrlərin əvəzinə makulatura yaranır. Biz bununla barışa bilmərik. Gərək Elmlər Akademiyası, Təhsil Nazirliyi bu işi tənzimləsinlər. Əlbəttə, demək olmaz ki, yolu bağlamaq lazımdır. Ancaq yaxşı əsərlərin çapına əngəl olanlar da az deyil. Kimin dostu, yaxın adamı, pulu varsa, əsəri çap olunur. Amma... Bax elə humanitar elmlərdə də vəziyyət belədir. Yenə deyirəm, qayda yaratmaq lazımdır.

- Belə çıxır ki, elmimizin vəziyyəti yaxşı deyil...

- Deməzdim ki, yaxşı deyil. Amma heç yüksək də deyil.

Elmimizin də keçid dövrü yaşadığını desək, yəqin ki, yanılmarıq...

– Orası elədir. Hər sahədə olduğu kimi, elmdə də oxşar problemlər, eləcə də çətinliklər mövcuddur. Ancaq buna baxmayaraq, o da həqiqətdir ki, bizdə dəqiq elmlər üzrə müəyyən dəyərli işlər nəzərə çarpır. Əfsus ki, bunu başqa elm sahələrinə aid etmək olmur.

– Hər bir İnstitutun öz elmi şurası var. Onların fəaliyyəti martın əvvəllərindən dayandırılıb. Bu, tez deyilmi? Ola bilməzdi ki, şuralar may-iyun aylarına qədər fəaliyyət göstərsin?

– Olmaz. Görün nə qədər işlər göndərilir və onlar keyfiyyət baxımından bizi qane etmir. Həqiqi elmi iş yazılmalıdır. Vəziyyətə baxın ki, humanitar sahələrdən hazırlanan dissertasiyaların sayı – hələ keyfiyyəti demirəm – fundamental tədqiqatları üstələyib. İndi onlar dissertasiya göndərir, biz geri qaytarırıq ki, yenidən yazsınlar. Bir də ki, göbələk kimi artan lüzumsuz işlər o qədər çoxalıb ki, onları oxumaq üçün AAK-ın işçilərinin sayı da gərək beş dəfə indikindən çox olsun. Hətta elə olur ki, qaytarılmış zəif işləri heç on beş gün keçməmiş təkrar göndərirlər ki, bəs hazırdır... Belə vəziyyət olarmı?

Bir də səbəb odur ki, bizdə işlər 520-525 ixtisas üzrə qəbul edilir. Bu çoxdur axı. Elə bu səbəbdən də nazirliklə danışmışıq, yazmışıq və qərara gəlmişik ki, oxşar ixtisasları birləşdirək. Və etmişik də. 125 ixtisas üzrə elmi işləri qəbul etmək qərarına gəlmişik. Ancaq bu, nə səbəbdənsə hələlik öz həllini tapmayıb, qalıb Prezident Aparatında. Bilirsiz, 520-525 ixtisas üzrə işlərin qəbulu çətindir. Ona görə də biz bəzən bu işlərin bir hissəsini Gürcüstana, bir hissəsini də Rusiyaya göndəririk. Elə olur ki, yarıtmaz olan işlər – köçürmələr onlar tərəfindən qəbul edilir. Uyğun olmadığı halda namizədlik, yaxud doktorluq alırlar. Ancaq biz bunlara qarşı barışmaz mövqedə dururuq və əslində köçürmə olan belə işləri qəbul etmirik. Nəticədə isə qalmaqal başlayır. Biri komitə düzəldir, biri də... Olmaz axı.

– Deməli, başqa yerdə müdafiə edilən üzdəniraq “doktorluq” və “namizədlik” işlərini AAK qəbul etmir.

– Bəli, qəbul etmirik. Başqa cür də ola bilməz.

– Elmi işlərdə istifadə edilən ədəbiyyatın struktur dəyişikliyi nə ilə bağlıdır? Yəni bu yazılmış elmi işin dəyərli olmasına nəsə bir təsir göstərirmi? Ümumiyyətlə, elmi işlərin işlənməsində tez-tez struktur dəyişikliyinin edilməsinə ehtiyac varmı?

– ...Bunlar prinsipial məsələ deyil. Belə şeyləri əsas tutmasınlar. Bu, ümumi qanundur, özümüzdən çıxarmamışıq. Bilirsiniz, əsas məqsəd odur ki, yazılan dissertasiya işləri səviyyəli, keyfiyyətli olsun. Keyfiyyət əsas götürülsün. Gəlin, bu günün problemlərindən danışaq. Ondan söhbət edək ki, bir-iki ilin içində namizədlik, iki ilə doktorluq yazırlar. Bəla bundadır. İldə 200-300 adam müdafiə edir. Heç vaxt Azərbaycanda belə hallar olmayıb. Bəs səbəb nədir? Sərbəstlik. Verilən imkandan sui-istifadə edib elmi bazara çevirmək olmaz.

Əlbəttə, köçürmə və tərcümə vasitəsilə yaranan saxta dissertasiyaların qarşısını kəsmək üçün tədbirlər görürük və görəcəyik də.

– Sizin rəhbərliyiniz altında 9 ilə yaxındır ki, AAK fəaliyyət göstərir. Bu illərdə A.Mirzəcanzadə nələrə nail ola bilib? Ümumiyyətlə, ən böyük məqsədiniz nə olub və o məqsədə çatmısınızmı?

Açığını deyim: göndərilən 250 işin keyfiyyətlilərinin 50-ni təsdiq edirik. Çalışıram ki, layiqli dissertasiyalar kənarda qalmasın. Bu, nailiyyətdir. İndi elmlər doktorlarının sayı 100 dəfə çoxalmayıbsa, deməli, bu da uğurludur. Daim keyfiyyətsiz yazılmış işlərə qarşı mübarizə aparıram. İmkanım qədər...

...Mənim məqsədim ancaq işləmək olub. Öz sənətimi, məsuliyyətimi bilən adamam. Şöhrətpərəst deyiləm. Cavanlara kömək etməyi, yol göstərməyi həmişə mənəvi borc bilmişəm. Məsələn, liseyə gedəndə, orada şagirdlərlə görüşəndə, onlarla söhbət edəndə daxilən rahatlıq tapıram. Çalışıram ki, bildiklərimi onlara öyrədim. Bəlkə onlar gələcəkdə, doğrudan da, dünya şöhrətli alimlər olacaqlar?

Bir də onu deyim ki, AAK əvvəlki deyil. Əgər mən olmasaydım, buranı bazara döndərmişdilər.

- Bu, bir alim kimi... Bəs bir insan kimi?

 – Bir insan kimi də həyatda öz məqsədimə çatmışam. İnsan həyatda nə isə alıb qaytara bilirsə, o, məqsədinə çatır, hər kəsin öz yolu var.

– Şekspirin belə bir fikri var ki, həyat bir teatrdır. Biz onun aktyorlarıyıq. Bu fikrə münasibətiniz?

– Mən bu fikirlə razıyam. İngiltərənin baş naziri Toni Bleyer deyir: biz hamımız oynayırıq. Ancaq elə oynamalıyıq ki, İngiltərə yüksəlsin.

 ...Hər adamın öz oyunu var. Biz də Vətənin ucalığı naminə oynayırıq.

- Azad Mirzəcanzadənin həyatda qorxduğu nədir?

– Hər kəs öz hərəkətlərinə görə nə vaxtsa cavab verməlidir. Qorxduğum odur ki, mənə verilən sualların çoxuna cavab verə bilməyim.

- Ən çox nədən həzz alırsınız?

- Yaşamaqdan, mübarizədən.

- Elə bir xarakteriniz varmı ki, özünüzə bağışlaya bilmirsiniz?

– Ürəyiyumşaqlıq. Bax, görürəm bu yazıq adamdır, kömək edirəm. Gözlədiyim cəhəti onda görməyəndə isə fikirlərim alt-üst olur.

- Siyasətlə maraqlanırsınızmı?

- Maraqlanıram. Ona görə ki, bilim hara gedirik.

- Alın yazısı... Bu nə deməkdir? Bunu nə cür qəbul edirsiniz?

– Alın yazısı biz hərəkətlərimizlə yaradırıq. Bu da uşaqlıqdan başlanır. Necə tərbiyə ediblərsə, o cür də öyrənirik. Vəssalam...

Söhbəti yazdı: Almaz Məmmədli

“Elm, təhsil və həyat” qəzeti, 6 aprel 2001-ci il.  

   

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR