Elman Rüstəmovun adı keçən 5 milyonluq işdə qərar veriləcək - VƏTƏNDAŞIN MÜLKÜ ÖZÜNƏ QAYTARILACAQ?
Bu gün, noyabrın 27-də Yasamal Məhkəməsində Mərkəzi Bankın sabiq sədri, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun adı keçən məhkəmə prosesi keçiriləcək.
Vəkil Əkrəm Həsənov məhkəmə işi ilə bağlı sosial şəbəkə hesabında ilginc detalları açıqlayıb:
“Elman Rüstəmovun Azad Nağıyev adlı tikinti şərikinin adına “Premium Bank” və “Dekabank” vasitəsi ulə 5 milyon manat istehlak krediti verərək onu mənimsəməsi və başqasının əmlakını mülkiyyətçidən xəbərsiz girov qoymaları barədə yazmışdım. Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə son iclas olacaq. Hakim nəinki banklardan kredit sənədlərini tələb etmədi, heç tutdurulmuş formal borclu Azad Nağıyevi də onun tələbi ilə məhkəməyə gətizdirmədi. Azad Nağıyev də həbsdən yazıb ki, krediti Elman Rüstəmov mənimsəyib. İndi görəsən, elman Rüstəmovu çağırtdırıb dindirəcəkmi hakim? Yoxsa ədalətli, tam, obyektiv və qərəzsiz məhkəmə baxışı bunları ehtiva etmir? Sonra da soruşurlar ki, niyə Azərbaycanda mülk almayın deyirəm?! Çünki mülkiyyət hüququna təminat yoxdur. Dərəbəylikdir…”
Məsələnin qısa məğzi budur ki, eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmov bina tikintisində qeyri-rəsmi şəriki Azad Nağıyevə 2 bankdan 5 milyon manat kredit götürməsini tapşırıb.
Azad Nağıyev 2010-cu ildə Nizami Kərimova satdıqları qeyri-yaşayış sahəsinin sənədlərini öz adına saxtalaşdırmaqla girov qoyub və banklardan 5 milyon manatı istehlak krediti olaraq götürüb. Bu gün həbsdə olan Azad Nağıyev hakim Ayşən Sultanova-Məmmədovaya ünvanladığı rəsmi məktubunda yazır ki, Nizami Kərimov əmlakının ondan xəbərsiz, sənədlərin saxtalaşdırılması yolu ilə banka girov qoyub, götürdüyü məbləği də Elman Rüstəmova verib!
Bundan sonra baş verənlər isə bütün Azərbaycan vətəndaşları üçün SOS siqnalı olmalıdır. Çünki Nizami Kərimovun əmlakını banklara girov əvəzi, təminatı olaraq verdirmək istəyi ortadadır.
Banklara “pulu Azad Nağıyevə verin” deyən Elman Rüstəmovdur, banka əmlakı özündən xəbərsiz girov qoyulan isə Nizami Kərimovdur. Banka Nizami Kərimovun əmlakının sənədini saxtalaşdırmaqla girov qoyan, pulu götürən Elman Rüstəmovun şəriki Azad Nağıyevdir. Sənəd saxtalaşdırma, dələduzluq faktını Nəsimi Məhkəməsi də öz qətnaməsi ilə təsdiq edib! Elə bu sənəd saxtalaşdırma, dələduzluq işinə görə Azad Nağıyev həbsə alınıb.
Azad Nağıyev hakim Ayşən Sultanova-Məmmədovaya məktubu da hazırda saxlandığı cəzaçəkmə müəssisəsindən yazıb.
Eyni zamanda Nizami Kərimova məxsus əmlakla bağlı məsələyə aydınlıq gətirən Azad Nağıyev vətəndaşa məxsus əmlakı Elman Rüstəmovun göstərişi ilə sənədləri saxtalaşdırmaqla girov qoyduğunu da açıqlayıb.
Sağlam məntiq bunu deyir ki, Azad Nağıyevin bu müraciətindən sonra məhkəmələr qeyd-şərtsiz Nizami Kərimovun əmlakını bankların yüklülüyündən azad edib girovluqdan çıxaran qərar verməli idi. Lakin bu baş verməyib!
Bu iş üzrə 3 il öncə Nizami Kərimovun iddiası əsasında Nəsimi Rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə araşdırma aparılıb. 2021-ci ilin 3 sentyabr tarixində Nəsimi Məhkəməsi Nizami Kərimovun iddiasını təmin edib. Çıxarılan qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi, ev 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin qanunsuz olaraq girov qoyulması təsdiq olunub.
Amma qeyri-yaşayış sahəsinin üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “Premium Bank”a 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməyib!
Bir tərəfdən məhkəmə 5 milyon manat kreditin Azad Nağıyev tərəfindən cinayət yolu ilə, sənəd saxtalaşdırmaqla, özgə əmlakını girov qoymaqla götürülməsinı çıxardığı qətnamə ilə təsdiq edib. Bu cinayət əməlinə yol vermiş Azad Nağıyev uzunmüddətli həbsə göndərilib. Digər tərəfdən Nizami Kərimovun qeyri-yaşayış sahəsi bank girovluğundan çıxarılmayıb! Bu isə bütün ölkə vətəndaşlarının mal-mülk varlığı üçün təhlükəli tendensiya yaradır.
Bu özbaşınalıq, qanunsuzluq məhkəmə qərarı ilə bərkidilərsə, Nizami Kərimovun durumuna istənilən Azərbaycan vətəndaşı salına bilər - özündən xəbərsiz əmlakı sənədləri saxtalaşdırılmaqla banka girov qoyular, külli miqdarda kredit götürülər və sonda kreditin təminatı olan, lakin kreditə heç bir formada aidiyyəti olmayan əmlak sahibinin əlindən alınmaqla müsadirə oluna bilər!
Bu baxımdan Nizami Kərimov Yasamal Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədovanın icraatında olan iddia ilə özünə məxsus əmlakın qanunsuz girovluqdan çıxarılmasını tələb edir.
Elman Rüstəmov və Mərkəzi Bankın indiki rəhbərliyi isə Yasamal Rayon Məhkəməsinə təzyiq göstərməklə vətəndaş Nizami Kərimovun əmlakının müsadirəsinə yol açacaq qərar verilməsinə nail olmağa çalışırlar. Bu isə hər bir vətəndaşın mülkiyyət hüququ üçün real təhlükə, SOS siqnalıdır!
Musavat.com