Elman Nəsirov: "Əli Kərimliyə tapşırıq verirlər ki, Azərbaycan Prezidentinin mövqeyinin əleyhinə danış..."
"Azərbaycan Prezidenti VII çağırış parlamentin açılış iclasında vurğuladı ki, bizə daxildən təhdidlər yoxdur, təhdidlər xaricdəndir. Eyni zamanda cənab Prezident İlham Əliyev bildirdi ki, ideoloji sahədə təhdidlər var. Sərhədlərimizə qarşı da həmin təhdidlər gələ bilər. Hər iki sahədə ölkəmizə xaricdən ünvanlanmış təhdidlərin qarşısını almaq üçün səfərbər olmalı, bu istiqamətdə mövqelərimizi daha da gücləndirməliyik. Bu kontekstdə cənab Prezident vurğuladı ki, quru sərhədlərimizin bağlı qalması bizi bir çox təhlükələrdən hifz edib. Bu, düzgün atılmış addımdır. Axı xarici anti-Azərbaycan dairələrə sərhədlərimizin bağlı olması sərf etmir. Onlar öz çirkli oyunlarını sərhədlərimizdən ölkə daxilinə ixrac etmək istəyirlər. Buna görə də növbəti tapışırığı verirlər ki, Azərbaycan Prezidentinin bu mövqeyinin əleyhinə danış. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri gedən Əli Kərimli də "yes!" deyib. İndi də başlayıb ki, quru sərhədlərimizin bağlı qalması yanlış addımdır, Azərbaycanın maraqlarına ziddir. Əli Kərimli, sən get öz oyununu oyna. O oyun ki öz başında çatlayıb və bu gün siyasi yalquzaq həyatı yaşayırsan. Ətrafında ağıllı-başlı biri qalmayıb. Keçmiş vəzifəli həmkarların da artıq səni məhkəmə ilə hədələyirlər. Nə vaxta qədər xarici sifarişçilərin çaldığı havanı oynayacaqsan? Bezmədin, yorulmadın? Artıq elə bir məqam çatıb ki, papağını qabağına qoyub düşünəsən, "Daha yetər, bəsdir, artıq siyasi səhnədən getməyin vaxtıdır, sözüm keçmir, heç qohumlarım belə ölkə daxilində sözlərimə reaksiya vermirlər, nəinki Azərbaycan ictimaiyyəti. Bəlkə, vaxtıdır, gedim?" Bu cəsarəti özündə tapsan, bəlkə də, bütün nəticəsiz fəaliyyətinin ən uğurlu gedişi olar".
Hurriyyet.Az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
"Əli Kərimli öz siyasi mövcudluğunu qoruyub saxlamaq üçün hər cür siyasi hoqqabazlıqla məşğuldur. Doğrudan da, siyasi partiya rəhbərisənsə, gücün, sosial bazan varsa, bunu yoxlamaq üçün seçkilərdən unikal şans olarmı? Bəs niyə seçkilərə qatılmırsan? Çünki səs verəcək adamın yoxdur. Hətta qohum-əqrəban da vaxtilə səni dəstəkləyirdisə, artıq bu gün onlar da yanında deyillər. Siyasi yalquzaq həyatı yaşayırsan. Gecə-gündüz bircə fəaliyyət növü ilə məşğulsan - bugünkü iqtidarın atdığı addımlarla bağlı müəyyən şərhlər yazmaq, mövqe bildirmək, kimlərinsə sifarişini yerinə yetirmək. O "kimləri" biz yaxşı tanıyırıq. Xaricdəki bütün anti-Azərbaycan dairələr öz içimizdə belə axtarış verirlər ki, Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə kimdən istifadə edək. AXCP sədri isə bunun üçün çox "yararlı" şəxsdir. Onu çoxdan tapıblar, sadəcə, xüsusi məqamlarda istifadə edirlər. Əli Kərimliyə deyirlər ki, Azərbaycan Prezidenti ölkəni daha da güclü edəcək, icrası və yerinə yetirilməsi Azərbaycanın mövqelərini həm regionda, həm də beynəlxalq aləmdə daha da möhkəmləndirəcək yeni strateji vəzifələr müəyyən edib. "Durma, yatma, həmin mövqeyi tənqid et..."", - deputat bildirib.
Aytəkin Qardaşova