Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?
Ekspertlər hesab edir ki, elm olmasa, ölkəmiz heç bir sahədə uğur qazanmayacaq; Şahlar Əsgərov: “Şou-biznes əhli deyil, elm adamları təbliğ olunmalıdır”
“Azərbaycanda elmlə bağlı ən böyük problemlərdən biri ciddi bir tranformasiyadan keçməsidir”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır: “Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır. Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü vəziyyətdən keçib. Vacib məqamlardan biri ölçüləbilən məqsəd müəyyən edilməsidir. Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük. Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz? Bildirirdilər ki, vaxt yoxdur. Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycanda olan dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etməsinin böyük faydası ola bilər. Hesab edirəm ki, qısa müddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz. Elmi əməkdaşlıq da çox mühümdür. Gənc doktorantların bir və ya iki illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmasında fayda var”.
2025-ci ildə 80 illik yubileyi qeyd olunacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. AMEA-nın əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur? Niyə Azərbaycanın alimləri elmi kəşflərə imza ata bilmirlər?
Əməkdar elm xadimi Şahlar Əsgərov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, heç bir ölkə elmsiz bir addım belə ata bilməz: “Mən bu mövzu ilə bağlı bir neçə real vəziyyəti misal çəkəcəyəm, hər kəs özü nəticə çıxarsın. Gəncəyə çatanda magistral yolunun sağ-solunda rəssam tərəfindən yağlı boya ilə çəkilmiş şəhidlərimizin portreti vurulub. Bu, sıravi insanın istəyidir, şəhidlərə hörmət əlaməti olaraq. Bəs elm nə deyir? Elm deyir ki, belə etmək düzgün deyil və yol göstərir. Elm deyir ki, bu çəkdiyiniz şəkli bir tərəfə qoyun, Gəncənin meydançasında Qarabağ müharibəsi şəhidlərini əks etdirən, heykəltaraş tərəfindən hazırlanmış monumental bir əsər qoyun. Hansı düzgündür? Əlbəttə, elm deyən düzdür, çünki bu şəkillərin ömrü açıq havada, küləkdə, yağışın altında uzaq başı 20 il olacaq. Amma monumental əsər yüz, iki yüz, beş yüz il yaşayar. Elm deyir ki, pulu havayı yerə xərcləmə.
İkinci bir misalı təhsillə bağlı qeyd etmək lazımdır. Orta təhsilin elmi prinsipi necə olmalıdır. Bu suala müəllim cavab verə bilməz, amma alim verə bilər. Alimə görə uşaq məktəbə şəxsi mənafe ilə gəlir, amma orta məktəbi ictimai mənafe ilə bitirməlidir. “Qələm, məktəb, müəllim mənimdir” deyən uşaq məktəbi bitirəndə ölkə, paytaxt, vətən bizimdir deməlidir. İctimai mənafe uşaq böyüdükcə inkişaf etməlidir. 10-11-ci sinfi bitirəndə vətənpərvər olmalıdır. 3-cü sinif uşağına vətənpərvər deyə bilməzsən, onun vətəni anasıdır, evidir. Üçüncü misalı da mütləq qeyd etmək lazımdır. On il bundan əvvəl Türkiyə inkişaf etməkdə olan ölkələrin sırasında idi. Onlara “ikinci dünya dövlətləri” deyirlər. Bu gün Türkiyə birinci dünya dövlətinə çevrilib. Məhz elmin hesabına Türkiyə birinci dünya dövlətinə çevrildi. On il qabaq Türkiyə trikotaj məhsullar istehsal edirdi. Yəni spesifik əmək sərf olunan məhsullar idi. İndi Türkiyə PUA-lar istehsal edir. Bu da Türkiyəni birinci dünya dövlətləri siyahısına çıxarıb. Çünki təqribən 20 il bundan qabaq Türkiyənin 70 universiteti var idi, indi onların sayı 230-dur. Baxın, elmin təsiri buradadır. Şou-biznes əhlini təbliğ etməyin, öləndən sonra adları da yaddan çıxacaq. Amma Aristotelin, İbn Sinanın, Xudu Məmmədovun adları heç vaxt yaddan çıxmır".
Təhsil eksperti Elşən Qafarov da hesab edir ki, alimlərimizin elmi tədqiqat aparmaq bacarığı yoxdur və problem buradan qaynaqlanır: “Hazırda alimlərimiz titul qazanır, daha sonra ali məktəblərdə dərs deyir, fərqli əmək haqqı alır, elə bu qədər... Çox nadir hallarda beynəlxalq səviyyəyə çıxan, məqalələri dərc edilən alimlərimiz olur. Lakin qeyd edim ki, bu məsələ ilə bağlı dövlətimiz artıq addımlar atır. Belə ki, Prezidentin sərəncamı ilə "Xaricdə təhsil"in ikinci proqramı təsdiq olunub və artıq daha çox magistrant və doktorantlar xarici ölkələrin aparıcı ali məktəblərinə təhsil almağa göndərilir. Ümid edirik ki, gələcəkdə onlar təhsillərini başa vurub, ölkəyə geri döndükdən sonra bu sahədə bir dönüş olacaq".
Qeyd edək ki, tanınmış “AD Scientific Index” təşkilatı dünya alimlərinin, ölkələrinin və elmi müəssisələrinin reytinqini açıqlayıb. “AD Scientific Index” təşkilatı tədqiqatçıların elmi fəaliyyəti, elmi məhsuldarlığı və aldıqları nəticələrin elmi dəyəri əsasında dünya alimlərinin və universitetlərinin reytinq sıralamasını müəyyən edən təhlil sistemidir. “AD Scientific Index” dünya alimlərinin reytinq sıralamasının tərtibində 9 parametrdən istifadə edir və 11 mövzu (kənd təsərrüfatı və meşəçilik, incəsənət, dizayn və memarlıq, biznes və idarəetmə, iqtisadiyyat və ekonometrika, təhsil, mühəndislik və texnologiya, tarix, fəlsəfə, ilahiyyat, hüquq, tibb və səhiyyə, təbiət elmləri, sosial elmlər və s.), 256 sahə, 22,350 universitet (elmi-tədqiqat institutu), 218 ölkə və 10 region (Afrika, Asiya, Avropa, Şimali Amerika, Okeaniya, Ərəb Liqası, o cümlədən EECA (Şərqi Avropa və Mərkəzi Asiya), BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri), Latın Amerikası və COMESA (Şərqi və Cənubi Afrika)) üzrə alimlərin reytinqini müəyyənləşdirir.
2024-cü il üzrə təqdim edilmiş məlumatlara əsasən, “AD Scientific Index”in qeyd olunan meyarlar əsasında hazırlanmış dünya reytinqində (World Ranking) ölkəmiz 96-cı, region reytinqində (Region Ranking) isə 32-ci sırada qərarlaşıb. Azərbaycanın dünya və region üzrə reytinq sıralamasındakı yeri ölkəmizin 50 universitet, elmi-tədqiqat və digər müəssisələrindən “AD Scientific Index”in Azərbaycan üzrə top 1000 alimi siyahısına daxil olan 945 tədqiqatçısının elmi fəaliyyəti əsasında müəyyən olunub.
“AD Scientific Index”in “World Top 100 Scientists in Azerbaijan” siyahısına daxil olan 100 ölkə alimindən 32-si (siyahının ilk beşliyində 3 alim), “Azerbaijan Top 10 Productivity i10 Index” siyahısında 10 alimdən 5-i, “Azerbaijan Top 10 Last 5 Years i10 Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years H Index” siyahısında 5-i, “Azerbaijan Top 10 Total Citiation Index” siyahısında 6-sı, “Azerbaijan Top 10 Last 5 Years Citiation Index” siyahısında 5-i BDU-nun əməkdaşlarıdır.(musavat.com)