Saat:12:22
Haqqımızda

Əliyevlə Paşinyan dekabrda görüşəcəkmi? - İrəvan nikbindir, Bakı isə...

2022-12-03 12:16:00

Əliyevlə Paşinyan dekabrda görüşəcəkmi? - İrəvan nikbindir, Bakı isə...

İlin sonunadək Brüssel formatında görüş reallaşmasa...

Azərbaycan Prezidentinin məlum açıqlamasından sonra İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşün nə vaxt, harada baş tutacağı məsələsi açıq qalıb. Eyni zamanda, erməni tərəfində bundan dolayı bir təlaş yaşanır. Vəziyyəti hətta 2020-ci ilin 27 sentyabr ərəfəsi situasiyaya bənzədənlər var. Nə vaxt ki, Paşinyan hökumətinin sülh oyunbazlığı böyük müharibəyə gətirmişdi. Odur ki, erməni rəsmiləri Nikol Paşinyanın “yanlışı”nı düzəltməyə çalışırlar.

“Ermənistan Azərbaycanla danışıqların gedişində yaranmış vəziyyəti çıxılmaz hesab etmir”.

Bunu jurnalistlərə müsahibəsində parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasının üzvü Eduard Ağacanyan deyib.

“Biz vəziyyəti dalana dirənmiş saymırıq, sadəcə, bildiririk ki, görüşlə bağlı aydın razılıq olub və Ermənistan bu razılaşmadan imtina etmir”, - deputat vurğulayıb.

Onun iddiasına görə, “Azərbaycanın mövqeyi və iş metodları yeni deyil” və guya əvvəllər də Azərbaycanın razılaşmaları yerinə yetirməkdən imtina etməsi halları olub: “Təbii ki, vəziyyəti müsbət adlandırmaq çətin olsa da, biz bunu dalana dirənmiş nöqtə hesab etmirik. Ermənistan tərəfi dekabr ayı ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün təşkili üzərində işləyəcək”.

Xatırladaq ki, Azərbaycan lideri noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən beynəlxalq tədbirdə dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb. Səbəb kimi də Ermənistan tərəfinin danışıqlarda Fransa prezidentinin iştirakında israr eləməsini göstərib.

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi görüşdən imtina etmədiyini və onun keçirilməsinə mane olmadığını bəyan edib. Ermənistan XİN həmçinin iddia edib ki, Praqadakı son görüş Fransa prezidentinin iştirakı ilə dördtərəfli formatda keçirilib və guya oxşar formatda görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Göründüyü kimi, İrəvan nikbindir, Bakı isə görüş naminə görüşlərə qatılmayacağını dəfələrlə bildirib. Xüsusən də sülh prosesini tormozlamaq üçün əlindən gələni edən bir fitnəkar dövlətin - Fransanın prezidenti Emmanuel Makronun da qatılacağı görüşlərə.

Bəs dekabrda Əliyev-Paşinyan görüşü baş tutacaqmı?

Sosial Tədqiqatlar Mərkəzinin sektor rəhbəri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan tərəfi sülhü pozmaq istiqamətində cəhdlərin nə qədər ağrılı, acılı fəlakətlər gətirən bir müstəviyə qalxmasını yaxşı bilir: “Çünki 2020-ci ilin 27 sentyabrından öncəki proseslər bu gün də təkrarlanır. Ermənistan həmin dövrdə də öz havadarlarına arxalanaraq təxribatçı bəyanatlar verir, açıq-aşkar şəkildə Azərbaycanı saymır, Azərbaycanın heysiyatına toxunan və danışıqlar prosesini pozan mövqe sərgiləyirdi. Nəticənin nə olduğunu gördü. Bu gün də eyni mənzərədir, Fransaya arxalanaraq, İranın təxribatçı və sülhü pozan yanaşamasına ümid edərək, rus sülhməramlılarla pərdələnərək bir siyasi mövqe ortaya qoyur.

Bütün bunlar qəbul olunan hal deyil. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda beynəlxalq tədbirdə bildirdi ki, biz Fransanın iştirakı ilə danışıqlara getməyəcəyik. Danışıqlar prosesini pozan elə Ermənistan və Fransa cütlüydür. Azərbaycan ermənipərəst mövqedən çıxış eləyən, birtərəfli şəkildə problemə baxan bir dövlətin vasitəçiliyindən imtina etməkdə tamamilə haqlıdır və bu bizim suveren hüququmuzdur. Eyni zamanda, bu günədək Brüssel formatı çox effektivliyi ilə, nəticə yönümlüyü ilə, zaman tanımaqla problemlərin həllini özündə əks etdirən yanaşması ilə fərqlənib. Ona görə də Azərbaycan bu prosesdə iştirak edib.

Biz danışıqlardan imtina etmirik. Sadəcə, danışıqlar xətrinə danışıqlar görüntüsü yaratmaq dövrü artıq bitib. Ermənistan tərəfi bunu anlamalıdır. Fransa kimi qərəzli bir dövlətin vasitəçiliyi ilə danışıqlar həyata keçirilməyəcək. Danışıqların baş tutmaması isə Avropa İttifaqının nüfuzuna və birbaşa Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin imicinə mənfi təsir göstərən amildir. Məhz bu səbəbdən Avropa İttifaqı da maraqlı olmalıdır ki, Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan liderləri arasında dekabr ayında növbəti görüş keçirilsin".

Politoloqun sözlərinə görə, çox böyük bir nikbinlik var idi ki, ilin sonuna qədər heç olmasa, sülh müqaviləsinin layihəsi razılaşdırılacaq və bu il də olmasa gələn ilin əvvəlində sülh müqaviləsi imzalanacaq: “Lakin görüş keçirilmirsə və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Fransa qismində destruktiv geosiyasi oyunçu həmlələr edirsə, Azərbaycana hədə-qorxu gələn qətnamə qəbul olunursa bu, Avropa İttifaqının regiondakı sülh quruculuğu prosesinə də böyük bir zərbədir və dekabr ayında görüşün reallaşacağına da inamı azaldır. İndi isə Nikol Paşinyanın ətrafındakı hakim elita danışıqların həyata keçirilməsi üçün təşəbbüslər göstərəcəkləri rəyini süni şəkildə formalaşdırmaq istəyir. Düşünürəm ki, dekabr ayında Brüssel formatında görüş baş tutmasa, bu, regional siyasi proseslərə çox böyük zərbə olacaq. Belə vəziyyətdə isə Rusiyanın siyasi danışıqlarda mövqeyi güclənə bilər. Çünki Praqadan dərhal sonra Soçi görüşü keçirildi və Soçi görüşündə nədənsə Nikol Paşinyan Fransa Prezidenti Makronun Soçiyə gəlişini istəmədi. Bu da bir riyakarlıqdır. Paşinyanın Brüssel formatında görüşə Makronu dəvət etməsi və şərt irəli sürməsi məhz Brüssel formatını pozmaq üçündür”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR