Saat:20:24
Haqqımızda

Əliyevin Daşkənd səfərinə Türkiyədən baxış

2022-06-24 09:41:00

Əliyevin Daşkənd səfərinə Türkiyədən baxış

Cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri və cənab Şövkət Mirziyayev ilə olan görüşlərini yalnız iki ölkə münasibətləri çərçivəsində dəyərləndirmək doğru analiz deyil. İmzalanan müqavilələr bu səfərin ilk olaraq Qafqaz və Orta Asiyanı, daha geniş formada isə türk dünyasını mərkəzdə görən Avrasiya geosiyasəti baxımından böyük məna və əhəmiyyət daşıdığını göstərir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professorun sözlərinə görə, iki qardaş ölkənin əməkdaşlığı xüsusilə türk dünyası üçün strateji önəm kəsb edir:

“İmzalanan müqavilələr və Bəyannamə Azərbaycan və Özbəkistan aralarındakı əməkdaşlığı regional, beynəlxalq layihələrlə genişləndirmək, strateji şəkildə çoxşaxəli bir səviyyəyə yüksəltmək və dərinləşdirmək məqsədi güdür. Bu baxımdan iqtisadi, turizm, texnologiya, sənaye, yük və sərnişin daşınması, nəqliyyat dəhlizləri və müdafiə sənayesi başda olmaqla, qeyri-qanuni miqrasiya ilə mübarizə, ətraf mühit, neft və qaz kimi sahələrdə əməkdaşlıqdan, kənd təsərrüfatından tekstil sektorlarında əməkdaşlığa qədər olan sahələri özündə əks etdirən müqavilələr güclü inkişafı təmin edəcək önəmli addımlardır. Səfər zamanı xüsusilə logistika, daşınma və dəhlizlər məsələsində Çindən Avropaya Xəzər üzərindən uzanan dəhlizin, Orta Asiya və Qafqaz dövlətlərinin əməkdaşlığının, Orta Dəhlizin inşasının əhəmiyyətinin vurğulanması diqqətçəkən məqamlardandır.

Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra təhlükəsizlik problemləri ilə bağlı narahatlıqların artdığı, geosiyasi zəlzələlərin meydana gəldiyi bir vaxtda hər iki lider qlobal sülhün bərqərar edilməsi üçün regiona çağırış edir və konkret layihələrlə sözügedən istiqamətdə öz mövqelərini sərgiləyirlər. Burada dövlətlərin ərazi bütövlüyü, suverenliyi, unitar quruluşları və müstəqilliklərinin qorunmasını əsas götürən xarici siyasət yanaşması çox əhəmiyyətlidir. Azərbaycan və Özbəkistan imzalanan müqavilələrlə müstəqilliyin qorunması istiqamətində qətiyyətlərini ortaya qoyur, mümkün təhdidlərə qarşı birlik mesajı verirlər. Özbəkistan Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Cənab Əliyev də Özbəkistanda çıxışları zamanı bunu xüsusi qeyd etdi. Bildirmək istəyirəm ki, bu səfər Qafqaz, Orta Asiya və türk dünyası başda olmaqla, xaos, toqquşma və müharibələrə qarşı çoxtərəfli iqtisadi, ticarət, sosial, mədəni əməkdaşlıqları əsas götürən addım kimi tarixə düşdü”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR