Saat:22:40
Haqqımızda

Əliyevin “bağlı qapı” arxasında Zelenskiyə demədikləri...

2022-01-17 15:16:00

Əliyevin “bağlı qapı” arxasında Zelenskiyə demədikləri...

Prezident İlham Əliyevin 2022-ci ilin ilk səfərini Ukraynaya etməsi tarixi hadisədir.

Əvvəla ona görə ki, prezidentlər Ukraynanı Rusiya ilə konfliktə görə heç də tez-tez ziyarət etmirlər. Rusiya bu məsələlərə xüsusi həssaslıqla yanaşır. Ziyarət edənlər isə bu ölkədən Rusiyaya qarşı istifadə edənlərdir.

İlham Əliyev Rusiya ilə isti münasibətləri qorumaqla Ukraynaya səfər edən nadir liderlərdəndir.

İkincisi: Hazırda Ukrayna siyasi elitasını ən çox narazı salan məqamlardan biri də budur - Rusiya ilə ABŞ-NATO danışıqlarında Ukrayna Ukraynasız müzakirə edilir. Nə qədər qəribə də olsa, elə Avropanın özü də bu məsələdən narazıdır və ABŞ-ın Avropanın “təhlükəsizliyini” Avropasız müzakirə etməsi vaxtaşırı gündəmə daşınır.

Avropanın bu nəhəng ölkəsini ağrıdan “əlavəyə” çevrilməsidir.

İlham Əliyevin səfəri Ukraynanın müstəqil olmasına dəstəkdir: bir-birinin ərazi bütövlüyünə hörmət, qarşılıqlı siyasi əlaqələrin inkişafı və iqtisadi xeyir, vəssalam!

Üçüncü: Ukraynanın enerji asılılığı, Azərbaycanın qida təhlükəsizliyi – xüsusilə buğda idxalı məsələsində - narahatlığı var. Təsadüfü deyil ki, qida təhlükəsizliyi və enerji məsələsi bu görüşlərdə prioritet oldu. Yəni Azərbaycan buğda idxalında şaxələnmə yaradır – Qazaxıstanda baş verən olaylar və Rusiyada hər ton üçün əlavə 50 avro rüsum tətbiqindən sonra idxalda daha fərqli bazarlar axtarmaq normaldır.

Dördüncü: İlham Əliyevin Ukraynaya bir vəfa borcu vardı – həm İkinci Qarabağ savaşında, həm də beynəlxalq tribunalarda Kiyevin göstərdiyi münasibətin əvəzi Ukraynanın ən ağır günündə ödənildi.

Xüsusi olaraq vurğulayaq ki, Ukrayna üçün hazırkı dönəm olduqca ağırdır – ölkədə iqtisadi-siyasi gərginlikdən başlamış Rusiya ilə münaqişəyə, Avropa ilə siyasi fikir ayrılığına və Qərbin bəzi ölkələrinin Ukraynanı öz siyasi-iqtisadi maraqlarının alver predmetinə çevirməsinə qədər.

Beşinci: Bu ölkədə Heydər Əliyev şəxsiyyətinə inanılmaz vurğunluq var. 2014-cü ildə ölkənin parçalanması – Krımın ilhaqından sonra, Donbas məsələsində - sabiq prezidentlərindən siyasilərinə qədər, “Ukrayna ona görə bu gündədir ki, öz Heydər Əliyevi yoxdur” deyirdilər.

Azərbaycanın Vətən müharibəsindən sonra isə keçmiş postsovet ölkələri içərisində işğal faktorunu aradan qaldırmağı bacaran yeganə Azərbaycan olduğu üçün bu deyimə daha bir ad əlavə edildi: “Bizim İlham Əliyevimiz yoxdur” misalı...

İlham Əliyev bu ölkənin ən nüfuzlu analitiklərinin və dövlət adamlarının istinad yeridir.

İlham Əliyevin şəxsiyyətinə xüsusi münasibəti Vladimir Zelenskinin mətbuata birgə bəyanatında da görmək mümkün idi.

Dünyada kiçik ölkəni “açar ölkəyə” çevirmək, beynəlxalq və regional güclərin maraqlarının kəsişdiyi bir məkanda milli maraqları bu qədər qorumaq və ölkənin qalib dövlətə çevirmək böyük siyasi ənənə üzərində unikal diplomatik bacarığın nəticəsidir.

Ən əsası isə Azərbaycan müstəqil oyunçudur və İlham Əliyev Ukraynaya səfərlə sanki bunu bir daha sübut etmək istəyirdi: milli maraqlar hər şeydən üstündür, ancaq bu, qonşuların maraqlarının nəzərə alınmaması demək deyil.

İncə siyasətdir!

O ki qaldı Ukraynanın hazırda üzləşdiyi dərin siyasi, hərbi və iqtisadi böhrana, bunun ilk səbəbi əlbəttə ki, yanlış siyasətin nəticəsidir.

İnanmıram qapalı danışıqlarda İlham Əliyevdən təcrübəsini bölüşmək xahiş edilsin. Çünki Zelenski Heydər Əliyevin bünövrəsi üzərində dayanmayıb və sələfləri ona heç bir şans tanımayıb - Putin də artıq “qapını” çoxdan bağlayıb. Zelenskinin geridönüş imkanı yoxdur, hər iki tərəf bataqlıqdır.

Ancaq İlham Əliyevin səfərinin özü Zelenski üçün nümunədir: müstəqil siyasət, heç kimin cibindən asılı olmamaq, ölkənin taleyini öz gücünə həll etmək. Məsələn, Rusiyanın gözü önündə Ukraynaya səfər etmək və Kremlin bunu normal qarşılaması kimi...

Çünki Kremldə də bilirlər ki, Əliyev Kiyevə Rusiyaya qarşı səfər etmir, heç Qərbə qarşı da!

Zelenskini çox ağır sınaq gözləyir...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR