Əliyevə verilən əsas vəd yerinə yetirilir: Putin Paşinyanı niyə pərt etdi?

2022-09-10 00:10:00

Əliyevə verilən əsas vəd yerinə yetirilir: Putin Paşinyanı niyə pərt etdi?

Rusiya ilə münasibətlər korlandıqca, Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə anlaşmağın vacibliyinə yönəlik fikirlər daha da möhkəmlənir... Erməni baş nazir sülh sazişinin imzalanmasına indi yaranmış real şansın əldən veriləcəyi təqdirdə, Ermənistanın sonunu gətirə biləcək növbəti savaşla üzləşə biləcəyindən məlumatlıdır...

Ermənistanın xarici siyasət kursunda mövcud olan "sürüşkən manevrləra" rəsmi İrəvana artıq ciddi problemlər yaratmağa başlayıb. Paşinyan hakimiyyəti "sürüşkən manevrlər" metodunu Ermənistanın xarici siyasət kursunda təməl prinsipə çevirməklə, beynəlxalq himayədarları ilə münasibətlərində etimad limitini demək olar ki, doldurub. Və bu səbəbdən də, hazırda rəsmi İrəvana, onun vədlərinə etibar edilmir.

Xüsusilə də, son vaxtlar Rusiya və Ermənistan arasında müəyyən gərginliyin olduğu açıq-aşkar nəzərə çarpır. Kremldə hesab edirlər ki, Ermənistan Rusiyanı ABŞ və Qərbə "satmağa" hazırdır. İlk uyğun imkanda rəsmi İrəvanın Rusiyaya qarşı tam xəyanət mövqeyinə keçəcəyinə indi o qədər də şübhə edilmir.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin də Ermənistanın davranışlarından məmnun olmadığını qətiyyən gizlətmir. Hər halda, Kreml sahibi Ermənistanın baş naziri Nikol Paşinyanla son görüşündə öz narazılığını müxtəlif vasitələrlə bir neçə dəfə biruzə verməyə başlayıb. Prezident V.Putin bir neçə dəfə erməni baş nazirin sözünü kəsməklə, ona yerini göstərməyi vacib hesab edib.

Kreml sahibi hətta erməni baş nazirin qənaətinin əksinə, Ermənistandan Rusiyaya miqrasiyanın sürətləndiyini vurğulayıb. Halbuki, sözü kəsilənə qədər erməni baş nazir Rusiya vətəndaşlarının işləmək üçün Ermənistana üz tutduğunu sübuta yetirməyə çalışırdı. Prezident V.Putin isə əvvəlcə savaşdan sonra Ermənistanı tərk edib, Rusiyaya üz tutan ermənilərin sayının iki milyon nəfərə çatdığını vurğulamaqla, erməni baş naziri çətin vəziyyətə salıb. Ardıncasa, Rusiya vətəndaşlarının hazırda işləmək Ermənistanı deyil, daha çox Azərbaycanı seçdiklərini deməklə, baş nazir N.Paşinyanı pərt edib.

Təbii ki, prezident V.Putinin bu davranışı baş nazir N.Paşinyana Kremlin Ermənistandan nə qədər narazı olduğunun başa salınması anlamı daşıyır. Erməni baş nazir də vəziyyətin xoşagəlməz olduğunu dərhal anlayıb. Belə ki, baş nazir Nikol Paşinyan Rusiyada Ermənistanı qərbpərəst, Qərbdə isə Rusiyapərəst hesab olunduğunu vurğulamaqla, vəziyyətdən çıxamağa çalışıb. Ardıncasa, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin yeganə qarantı olduğunu deməklə, Kreml sahibi ilə münasibətlərini normallaşdırmağa çalışıb.

Ancaq Kreml sahibinin bütün bunlarla qane olacağı o qədər də inandırıcı görünmür. Çünki, Rusiya və Ermənistan arasında problemlərin təsəvvür olunduğundan daha ciddi kəskin xarakter daşıdığı artıq şübhə doğurmur. Hazırda Ermənistan cəmiyyətində Rusiya əleyhinə propoqanda güclənməkdə davam edir. Hətta prezident V.Putinin erməni baş naziri pərt etməsi belə, Ermənistanda Rusiyaya qarşı təbliğatın daha da gücləndirilməsinə səbəb rolunu oynayıb.

Maraqlıdır ki, Rusiya ilə münasibətlər korlandıqca Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə anlaşmağın vacibliyinə yönəlik fikirlər daha da möhkəmlənir. Böyük ehtimalla erməni tolumu anlamağa başlayır ki, Kremlin dəstəyi itirilmək üzrə olduğundan iki müttəfiq Türk dövlətinin əhatəsində Ermənistan uzun müddət mövcudluğunu qoruya bilmız. Üstəlik, Rusiyanın Azərbaycan-Türkiyə İttifaqı ilə strateji tərəfdaşlıqda maraqlı olması Ermənistanın siyasi dairələrində əlavə xof yaradır.

Ona görə də, Brüssel görüşündən sonra Paşinyan hakimiyyətinin təmsilçiləri sülh prosesini xüsusi olaraq, təbliğ etməyə çalışırlar. Əsas arqumentlərdən biri isə ondan ibarətdir ki, əgər, sülh müqaviləsi imzalanmazsa, çox tezliklə Ermənistan növbəti savaşa məruz qala bilər. Və bu dəfə Azərbaycanla silahlı münaqişənin Ermənistan üçün sonuncu savaş ola biləcəyi də istisna deyil.

Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Arsen Torosyan bildirib ki, "Qarabağın müstəqilliyini tanımaq şansı yoxdur və heç da vaxt olmayıb". Üstəlik, o, bu barədə fikirlərini Ermənistan parlamentində bildirib: "Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni birdəfəlik həll etməliyik? Bu sualdan həmişəlik xilas olmaq üçün əvvəlcə 30 il ərzində müharibə şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının öz yaralarını sağaltması, düşmənçilikdən imtina etməsi lazımdır".

Erməni deputatın sonrakı fikirləri isə dolayısı ilə Rusiyanı hədəfə alır. Çünki, postsovet məkanında milli-etnik zəmində baş verən bütün münaqişələrin arxasında məhz Rusiyanın maraqları olduğu inkaredilməz reallıqdır: "Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün "tələ"dir. Biz nifrət oyatmamalıyıq. Ermənistan dövləti əvvəlki illərdə Qarabağın müstəqilliyini təmin edə bilməyərək, uğursuzluğa düçar olmuşdu. Bu fikir özünü aldatmaq idi. Qarabağın müstəqilliyini tanımaq şansı yoxdur və olmayıb. Ona görə də, biz çalışırıq ki, mina və ya gecikmiş partlayış Qarabağ probleminin həllinə çevrilməsin".

Göründüyü kimi, erməni deputat dilə gətirdiyi arqumentlərlə əslində, üstüörtülü şəkildə Ermənistanın nəhayət ki, Azərbaycanla sülh sazişi imzalamasının qaçılmazlığını və vacibliyini qabartmağa çalışır. O, erməni toplumuna anlatmağa çalışır ki, "Qarabağ mövzusu"nu artıq birdəfəlik unutmaq lazımdır. Çünki, ermənilərin bu mövzuda heç bir hədəfi reallaşmayacaq. Ona görə də, reallığı nəzərə almaq, rəsmi Bakı ilə münasibətlərin normallaşması qarşısında əsas əngəl olan "Qarabağ iddiaları"ndan imtina edib, Azərbaycanla sülh sazişi imzalamaq lazımdır.

Onu da qeyd edək ki, rəsmi İrəvanın Azərbaycanla sülh sazişinin imzalanmasına hazırlıq xarakteri daşıyan addımlar atmağa başladığı barədə də məlumatlar mövcuddur. Bir neçə gün öncə hakim partiyadan olan deputatlarla görüşdə baş nazir Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycanla sülh sazişini imzalamaq niyyətində olduğunu bildirmişdi. Və son məlumata görə, rəsmi İrəvan artıq sülh sazişinin mətni üzərində işləməyə başlayıb.

Məsələ ondadır ki, Ermənistanda nəşr olunan "Past" qəzeti öz mənbələrinə istinadən iddia edib ki, Brüsseldə görüşdən sonra baş nazir Nikol Paşinyan İrəvanda dar çərçivədə daha bir görüş keçirib, iştirakçılara əldə olunan razılaşmaları və müzakirə olunan məsələləri ətraflı şəkildə təqdim edib. "Past" qəzetinə məlumat verən mənbə bildirib ki, N.Paşinyan sülh sazişinin mətn hissəsi üzərində işin sürətləndirilməsini tapşırıb: "Bu sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır. XİN-dəki mənbə onu da bildirib ki, bir aydan artıqdır, xarici siyasət idarəsində xüsusi qrup işləyir və hazırda bütün diqqət bu sənədə yönəldilib".

Belə anlaşılır ki, Cənubi Qafqazda sülh prosesi sürətlənib və artıq geriyədönməz prosesə çevrilməyə başlayıb. Ermənistan baş naziri N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə və Brüssel prosesinin vasitəçisi Şarl Mişelə verdiyi vədi yerinə yetirmək məcburiyyətindədir. Ona görə də, rəsmi İrəvan tələsir və noyabrın sonlarında keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşünə hazır olmağa çalışır. Hər halda, erməni baş nazir sülh sazişinin imzalanmasına indi yaranmış real şansın əldən veriləcəyi təqdirdə, Ermənistanın sonunu gətirə biləcək növbəti savaşla üzləşə biləcəyindən məlumatlıdır.\\Yeni müsavat


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.092783