Saat:09:43
Haqqımızda

Əliyev Qərbə Şuşadan sərt mesaj verdi: Sülh prosesini pozanlara Qafqazın "qapı"sı bağlıdır

2024-05-11 20:44:33

Əliyev Qərbə Şuşadan sərt mesaj verdi: Sülh prosesini pozanlara Qafqazın

Prezident İlham Əliyev Cənubi Qafqazda heç bir regional məsələnin rəsmi Bakının geopolitik İradəsindən kənarda həllinin mümkün olmayacağı barədə xəbərdarlıq etdi... Cənubi Qafqazda geopolitik maraqları olan dünya gücləri bu reallığı qəbul edərək, rəsmi Bakı ilə anlaşma yolu axtarmalıdır, əks halda, onların strateji hədəfləri iflasa məhkum qalacaq...

Cənubi Qafqazda sülh prosesinin uğurlu nəticələr istiqamətində inkişafı üçün yenidən münbit şərait yaranmaqdadır. Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi intensiv xarakter almağa başlayıb. Üstəlik, bu proses iki ölkənin birbaşa təmasları şəraitində - regiondan kənar vasitəçilərin iştirakı olmadan inkişaf edir. Və olduqca önəmli nəticələr də artıq mövcuddur.

Belə ki, Ermənistan Azərbaycanın işğal altında qalan səkkiz kəndindən anklav olmayan dörd kəndi geri qaytarıb. İndi iki ölkənin sərhəd bölgəsində onlar sərhəd dirəyi basdırılıb. Yəni, geri qaytarılan dörd kəndin yerləşdiyi bölgədə artıq sərhədlər dəqiqləşdirilib. Və bu, keçmiş SSRİ-nin dağılması ilə başlayan müstəqillik dövründə ilk dəfədir ki, baş verir.

c4590da1c5ba5cc40b26310c692772ef.jpeg (106 KB)

Azərbaycan və Ermənistan bütün dünyaya, o cümlədən də, Cənubi Qafqazda geopolitik maraqları olan nəhəng dövlətlərə - ABŞ, Rusiya, Avropa Birliyi və Fransaya sübut etməyə nail oldu ki, regiondan kənar vasitəçilərin olmadığı şəraitdə iki ölkə arasındakı problemlər daha sürətlə nizamlanır. Əslində, bu, məhz Azərbaycanın geopolitik uğurudur. Çünki rəsmi İrəvan birmənalı şəkildə Ermənistanın beynəlxalq himayədarlarının sülh prosesinə vasitəçilik etməsində israrlı mövqe tuturdu.

Rəsmi Bakı isə bundan imtina edərək, məhz ikitərəfli müzakirələrə üstünlük verirdi. Bu məsələdə Azərbaycan öz geopolitik iradəsini həm Ermənistana, həm də onun beynəlxalq himayədarlarına qəbul etdirməyə nail oldu. Və müsbət nəticə artıq göz qabağındadır, inkaredilməz reallıqdır.

Azərbaycan Prezidenti İlham Əliyev prinsipial şəkildə bəyan etmişdi ki, sülh prosesində regiondan kənar vasitəçilərə qətiyyən ehtiyac yoxdur. Çünki kənar vasitəçilər Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə, daha çox öz geopolitik maraqlarını reallaşdırmağa çalışırlar. Ona görə də, kənar vasitəçilərin davranışları ucbatından sülh prosesində durğunluq yaranırdı və hərbi-siyasi gərginlik artaraq, yeni savaş təhlükəsi ön plana keçirdi.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Sülh prosesində müşahidə olunan müsbət irəliləyiş Prezident İlham Əliyevin tamamilə haqlı olduğunu birmənalı şəkildə təsdiqləyir. Əslində, hazırda Azərbaycan və Ermənistan sərhədlərində basdırılan hər bir sərhəd dirəyi indi ABŞ, Avropa Birliyi, Rusiya və Fransanın Cənubi Qafqazdakı geopolitik maraqları qarşısında çəkilmiş sədd rolunu da oynayır. Bu səbəbdən də, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesindən həmin beynəlxalq güclərin məmnun qalmaması qətiyyən təəccüblü deyil. Və hər bir sərhəd dirəyinin onların geopolitik maraqlarına ağır zərbə olduğu inkaredilməz reallıqdır.

Bütün bunları nəzərə aldıqda, Qərb siyasi dairələrinin, xüsusilə də, Fransanın Azərbaycan və Ermənistan arasında yeni gərginlik üçün müxtəlif provokativ manevrlər etməsi əslində, o qədər də, gözlənilməz xarakter daşımır. Rəsmi Paris Ermənistanın yenidən silahlandırılması ilə Cənubi Qafqazda "erməni faktoru"nu istifadəyə yararlı vəziyyətə gətirməyə çalışır. Fransa Ermənistanın gücləndirilməsi ilə bu regionda geopolitik maraqlarını reallaşdırmaq üçün daha əlverişli situasiya yarada biləcəyinə hələ də ümid bəsləyir. Və bu baxımdan, rəsmi Bakının Fransanın provokativ davranışlarına sərt reaksiya verməsi tamamilə başadüşüləndir.

Rəsmi Bakı Fransaya Ermənistanın silahlandırılmasının yolverilməz və olduqca təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq etməkdədir. Prezident İlham Əliyev Azərbaycanın siyasətinin beynəlxalq hüquq və ədalət üzərində qurulduğunu növbəti dəfə xatırladaraq, Cənubi Qafqazda gərginlik yaratmaq istəyən dünya güclərinə mesaj göndərib. Azərbaycan lideri vurğulayıb ki, Ermənistanda revanşistlər yenidən baş qaldırarsa, Fransa Ermənistana dağıdıcı silahlar verməkdə davam edərsə, rəsmi Bakının reaksiyası buna adekvat olacaq.

Məsələ ondadır ki, rəsmi Bakının bu məsələdə öz "qırmızı cizgiləri" var. Prezident İlham Əliyev bildirib ki, əgər, Fransanın Ermənistanı silahlandırması təhlükəli həddə çatarsa, bunun arxasında dayanan beynəlxalq güclərin, o cümlədən də, Fransanın Azərbaycanın verəcəyi sərt reaksiyadan narazı qalmaq hüququ olmayacaq: "Hər kəs bizim iradəmizin necə sərt olduğunu bilir. Eyni zamanda, Azərbaycan ordusunun da nəyə qadir olduğu artıq hər kəsə məlumdur".

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Göründüyü kimi, rəsmi Bakı növbəti regional müharibədə qətiyyən maraqlı deyil. Ancaq Azərbaycan dövləti öz sərhədləri ətrafında, eləcə də ümumilikdə regionda baş verənlərə müşahidəçi qalmaq niyyətində də deyil. Əgər, Azərbaycanın milli təhlükəsizlik maraqlarına hər hansı təhdid yaranarsa, rəsmi Bakı ən sərt addımların atılmasında qətiyyən gecikməyəcək. Və bu, Ermənistana himayədarlıq etməklə, Cənubi Qafqazda öz geopolitik maraqlarını reallaşdırmağa cəhd göstərən dünya gücləri üçün olduqca önəmli mesajdır.

Bütün bunlar onu göstərir ki, rəsmi Bakının Cənubi Qafqazın gələcək taleyi ilə bağlı mövqeyinin dəyişmə ehtimalı real deyil. Əksinə, Prezident İlham Əliyev Cənubi Qafqazda heç bir məsələnin rəsmi Bakının geopolitik İradəsindən kənarda həllinin mümkün olmayacağını birmənalı şəkildə vurğulayır. Ona görə də, Cənubi Qafqazda geopolitik maraqları olan dünya gücləri bu reallığı qəbul etmək məcburiyyətindədir. Əks halda, onların strateji hədəfləri bir-birinin ardınca davamlı olaraq, iflasa uğrayacaq. Və nəticədə istənilən halda, rəsmi Bakı ilə anlaşmağın yollarının axtarılması qaçılmaz xarakter daşıyacaq.

Belə anlaşılır ki, dünya gücləri Cənubi Qafqazda geopolitik hədəflərinin gələcək taleyi üçün regional hərbi-siyasi situasiyanın gərginləşdirilməsi taktikasından əvvəl-axır imtina etməli olacaqlar. Onlar mövcud geopolitik şərtlərlə barışaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməlidirlər. Hər halda, Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək üçün bundan başqa çıxış yolu qalmayıb

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160684