“ƏLİYEV ƏSAS OYUNÇULARI NEYTRALLAŞDIRDI VƏ FÜRSƏT GÖZLƏDİ...” – “Qələbəmiz onun uğurlu siyasətinin nəticəsidir”

2022-11-07 11:44:00

“ƏLİYEV ƏSAS OYUNÇULARI NEYTRALLAŞDIRDI VƏ FÜRSƏT GÖZLƏDİ...” – “Qələbəmiz onun uğurlu siyasətinin nəticəsidir”

Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi ilə nəticələnən 44 günlük müharibənin başa çatmasının iki ili tamam olur. Bu iki il müddətində Azərbaycan çox şeylərə nail olsa da, hələlik Moskvanın təxribatçı siyasəti nəticəsində sülh sazişi əldə edilməyib. Buna baxmayaraq, Ermənistan hökumətinin də sülhün əldə edilməsində maraqlı olduğunu elan etməsi, qərbyönümlü siyasət aparması iki ölkə arasında münasibətlərin qaydaya salınacağına, bölgəyə etimadlı sülhün gələcəyinə ümid yaranır.

Azpolitika.info postmüharibə dövrünün problemlərini politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib. Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, 44 günlük müharibənin başa çatmasının iki ili tamam olur. Müharibədən əvvəl çoxları inanmırdı ki, Azərbaycan qısa müddətə torpaqlarını işğaldan azad edə bilər. Ümumiyyətlə, bu iki ildə olub-bitənləri necə qiymətləndirirsiniz?

- Əvvəla, mən müharibənin nəticələrini şəksiz qələbə kimi qiymətləndirirəm. Azərbaycan öz qanuni ərazilərinin 75 faizindən çoxunu azad etdi, erməni ordusu üzərində qəti qələbə qazandı.

Mən, həm də üçtərəfli bəyanatı qələbə kimi qiymətləndirməyin tərəfdarıyam. Qansız-qadasız və döyüşsüz 3 rayonumuz azad edildi. Əgər döyüşlər olsaydı, 44 gün ərzində hər rayonun azad edilməsinə Azərbaycan Ordusunun orta hesabla 400 əsgər və zabitinin canını fəda etdiyini əsas götürsək, bu o deməkdir ki, biz 3 min deyil, azı 4200 əsgər və zabitimizi itirməli idik. Yəni 1200 canımız olan əsgər-zabitimizin həyatı üçtərəfli bəyanatın imzalanması ilə xilas oldu. Biz onların həyatını qoruduq. Ermənistanı həm müharibədə, həm də danışıqlarda məcbur etdik ki, Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz bizə qaytarsın. Əlbəttə, bu adi məsələ deyil.

Digər tərəfdən, rus sülhməramlıların bölgəyə gəlməsi bir tərəfdən ziyandırsa, digər tərəfdən də xeyrimizə oldu. Nəyə görə? Mən 30 ildir bu münaqişə ilə məşğulam, təfərrüatları bilirəm. Qərb dünyası heç bir beynəlxalq qanun və ya hüququ nəzərə almır. Onlar üçün mənfəət birincidir. Mənfəət meyarını əsas götürsək, ermənilər Yaxın Şərqdə onlar üçün qiymətli uzun çömçədir. Bununla siyasət qazanını qarışdırır və istədikləri zaman oradan nəsə götürürlər. Ona görə də, Qərb haqlı və ya haqsız olmasından asılı olmayaraq, hər zaman erməniləri müdafiə edib. Bu səbəbdən də bizim qanuni torpaqlarımızın işğaldan azad edilməsini heç cür həzm edə bilmirdilər. Və hazırlaşırdılar ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etsinlər, sanksiya tətbiq olunsun. Nəzərə alınmalıdır ki, dünyanın yeganə legitim və hüquqi qurumu BMT Təhlükəsizlik Şurasıdır ki, onun qərarlarının icrası məcburidir. BMT-ni təsis edən beş böyük dövlət Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsinə səs versəydilər, dünyanın istənilən dövləti, həmçinin Qərb dövlətləri ölkəmizə qarşı güc tətbiq etmək hüququ qazanacaqdı. Əlbəttə, mən hüquqi baxımdan deyirəm. Təsəvvür edin ki, Türkiyə də bizə hər cür dəstək verir. Bu halda biz Fransa, Rusiya və ABŞ silahlı qüvvələri qarşısında nə edə bilərdik? Demək istəyirəm ki, Azərbaycan rus sülhməramlıları bölgəyə buraxmaqla ona nail oldu ki, Moskvada düşündülər: onlar məsələnin həllini öz üzərinə götürüb, həll edən yeganə dövlətdir. Buna görə də Fransa BMT Təhlükəsizlik Şurasında bizə qarşı qətnamə qəbul etmək üçün danışıqlara başlayanda, Rusiya qətnaməyə qarşı çıxdı. Yəni bizim rus sülhməramlıların Qarabağa daxil olmasına icazə verməyimiz ona gətirdi ki, Qarabağdakı hərbi qələbəmiz legitimlik qazandı. Dünya bu qələbəni qəbul etməli oldu. İndi də bu qələbənin ləzzətini yaşayırıq, tələb edirik ki, hamı bunu tanısın, qəbul etsin və s.

Əlbəttə, mən sıravi insanlarımızı anlayıram, amma bu beynəlxalq hüququn oyunudur və sıravi adamlar bunu o qədər də anlamaya, qəbul etməyə bilər. Onlar üçün vacibi “biz qələbə çaldıq, Qarabağ bizimdir” şüarıdır. Bunu da anlayışla qarşılamalıyıq. Həm də Qarabağın tam şəkildə bizim nəzarətimizə keçməsi üçün çalışmalı, tədbirli işlər görməkdə davam etməliyik.

Keçən bu iki il ərzində mən müəyyən qüsurlar da görürəm. Müharibə başa çatanda və məlum olanda ki, ermənilər böyük ərazilərimizin hamısını minalayıb, onda mən təklif verdim. Bildirdim ki, Neft Fondumuzda 50 milyarda yaxın pul var, ondan 1 milyardı gətirsinlər, minalanmış əraziləri kvadrata bölsünlər, beynəlxalq tender elan etsinlər və dünyada minalardan təmizləmə işi aparan peşəkar özəl şirkətləri prosesə cəlb etsinlər. Onlar da gəlib prosesə iştirak etsin, mütəxəssisləri, texnikasını töküb minaları təmizləsin. Müqavilədə də yazaq ki, əgər onların təmizlədiyi ərazidə kimsə minaya düşsə, həmin şəxsin müalicəsini, ailəsinə təzminatı həmin şirkət ödəməlidir. Bu təklifimi yazdım, amma diqqət edən olmadı.

İkincisi, Qarabağdan bir milyona yaxın qaçqın var. Mən təklif etdim ki, bərpa işlərinə onların özünü də cəlb etmək lazımdır. Yaşayış məntəqlərinin planı hazırlansın, evlərin layihəsi ortaya qoyulsun. Sonra ev tikmək üçün tələb olunan maliyyəni bankda həmin şəxsin adına keçirsinlər. Desinlər, get, evini tik. Fərz edək ki, 40 min dollar ayrılır, amma bu vəsaitin hamısını ona vermək olmaz, çünki gedib ya mobil telefon, ya da avtomobil alacaq, ev tikməyəcək. Həmin pul hissələrə bölünür, 5 mini evin bünövrəsinə ayırırsan. Bank nümayəndəsi gəlib baxış keçirir, görəndə ki, təyinatı üzrə xərclənib, növbəti 5 mini açır və sən də ona divarları qaldırırsan. Yenə də bank nümayəndəsi gəlib baxır və növbəti tranşı açırsan. Beləcə evi tikib, gedib yaşayırsan. Bunu da nəzərə almadılar.

- Üçtərəfli bəyanatın bəzi müddəalarının həyata keçirilmədiyi məsələsi də var və Bakı bunu daima vurğulayır. Sizcə, nədən iki il müddətinə həmin tələblər yerinə yetirilmir?

- Rusiya istəyir ki, ya sülh olmasın, ya da elə olsun ki, hərbçiləri daima Ermənistan və Azərbaycanda qalsın. Moskva bunu istəyir. Ona görə də, həm Azərbaycan, həm də Ermənistanda sülhü dəstəkləməyən qüvvələri müdafiə edir, istəyir ki, atışma olsun, qan tökülsün. Kənardan da desinlər ki, rus olmasa, azərbaycanlı və erməni bir-birini qıracaq.

Yada salım ki, 44 günlük müharibə bitdikdən sonra bütün Qərb dövlətləri rus sülhməramlılarının Xankəndinə girməsini alqışladı. Hərçənd Rusiyadan zəhlələri gedir. Düşündülər ki, rus qoşunları gəlməsəydi, azərbaycanlılar erməniləri qovacaqdı. Məncə, indi nə etməli olduğumuzu düşünməliyik. Bəli, biz rusların burada qalmasını istəmirik. Elə ermənilər də istəmir. Bunun da cəmi bir yolu var - barışıq. Biz, elə ermənilər də bütün dünyaya göstərməliyik ki, barışmışıq, düşmən deyilik, danışırıq, aramızda etimad yaranıb. Belə olan halda biz soruşduqda, dünya da bizə qoşulub soruşacaq ki, ay Moskva, sənin qoşunların Azərbaycan və Ermənistanda nə işlə məşğuldur, bəlkə evinizə qayıdasınız. Qısacası, yol barışmaqdan keçir. Ağıllı ermənilər bunu anlayır, amma axmaq və pulu münaqişədən çıxan ermənilər bunu anlamaq istəmir, səhərdən axşama qədər qışqırırlar ki, türklər düşməndirlər və s. Bunu da sübut etmək üçün, bilmirəm, özlərimi edir, bizimmi səhvimizdir, yoxsa rus xüsusi xidmətlərinin fəliyyətinin nəticəsidir ki, bizim əsgərlərimizin əleyhinə fakt tapan kimi çəkib qoyurlar sosial şəbəkəyə və təbliğat qururlar. Yaxşı ki, Fərhad Mehdiyev çarx hazırlayıb, erməni sosial şəbəkələrində yayır və göstərir ki, ermənilər bizim hərbçilərimizə işgəncə verir. Beləcə müəyyən qədər onları susdurur. Məncə, bu amili də nəzərə almalıyıq.

- Necə hesab edirsiniz, üçtərəfli sazişin bütün bəndlərini həyata keçirmək mümkün olacaqmı?

- Nəhyət, delimitasiya və demarkasiya üzrə komissiya işə başlayıb. Amma çox ləng işləyirdi, 12 sentyabr döyüşündən sonra Ermənistan komissiyanın işinin sürətləndirilməsinə razılıq verib və ümid edirəm ki, fəal işə başlayacaqlar. Ancaq onu da deyim ki, bu, çətin və uzun işdir. Bizimlə Rusiya, elə Gürcüstan arasında da bu proses gedir, amma mübahisəli məsələlər də var. Qənaətimcə, Ermənistanla bu məsələni 2 il müddətinə həll etmək mümkündür. Sülh müqaviləsi yaxşı şeydir, amma ola da, olmaya da bilər. Məsələn, Yaponiya ilə Rusiya arasında 70 ildir sülh müqaviləsi yoxdur, amma səfirlikləri fəaliyyət göstərir, əlaqələri, get-gəlləri var. Nəqliyyat yollarının açılması da vacibdir və həllini tapmalıdır. Bəli, dəhliz sözü erməniləri qıcıqlandırır. Ermənistanla münasibətlər normallaşdırılsa, bu məsələ də həllini tapacaq. Zəngəzur dəhlizi olmasa, Laçın dəhlizi də olmayacaq. Sözüm odur ki, Zəngəzur yolu çəkilməli və açılmalıdır. Biz ermənilərə imkan verməliyik ki, onların qatarı ölkəmizi keçməklə Rusiyaya, Orta Asiyaya, Çinə getsin, bizə də lazımdır ki, Naxçıvana və oradan da Türkiyəyə gedək. Bizim alternativimiz var. Bakı-Tbilisi-Qars qataryolu fəaliyyət göstərir, amma Zəngəzur da olsa, pis deyil, hələ İranla da yol çəkilsə yaxşıdır. Yolların çoxluğunun mənfi tərəfi yoxdur.

Məncə, biz üç məsələni həll etsək, problem olmaz: Sərhədlər müəyyənləşməli, kommunikasiya açılmalı, qarşılıqlı səfirliklər olmalı, münasibətlər qurulmalıdır. Amma ruslar buna imkan vermir, ona görə burunlarını daima prosesə soxurlar. Rusların bizim və ermənilərin işinə qarışmaması üçün gərək Ermənistan və Azərbaycan barışsın. Ermənistanda əhalinin azı 75 faizi açıq deməyə başlayıb ki, Azərbaycanla barışıq lazımdır. Üçtərəfli bəyanatdan iki il keçib, cəmiyyətlərdə zəif, ləngər vura-vura, az da olsa müsbət dəyişikliklər var. Bu yaxşıdır. Amma müharibə tərəfdarları da var. Ermənistan Hindistandan, Fransadan silah alır, biz də həmçinin. Bizə müharibə lazım deyil, ermənilər də özlərinə sual verib görsün ki, onlara müharibə lazımdırmı. Sülh ola bilər, o şərtlə ki, tərəflər bir-birinin qanuni hüquqlarına hörmət etsin.

- Siz dediklərinizi həyata keçirmək üçün həm də fəal diplomatiya lazımdır. Bu mənada hazırkı xarici siyasi kursunu necə qiymətləndirirsiniz?

- Mənim İlham Əliyevi tənqid etdiyim məlumdur. Amma bir məsələ var: İlham Əliyevin xarici siyasəti çox uğurlu və qüsursuzdur. 

- Elə müharibə prosesini məntiqi sonluğuna çatdırmaq üçün də bu, vacib amil deyilmi?...

- İlham Əliyev Rusiya ilə münasibətləri yaxşı qurdu. Eləcə də iqtisadi məsələləri əsas kimi götürərək güclü Qərb dövlətləri ilə sıx əlaqələr yaratdı. İranla münasibətləri normallaşdırdı. Yəni boş-boş sözlər danışmadı, normal münasibətlər yaratdı. Bütün əsas oyunçuları neytrallaşdırdıqdan sonra fürsət gözlədi. Və fürsət o zaman yarandı ki, 2020-ci ildə Amerikanın başı Bayden və Tramp arasında prezidentilik mübarizəsinə, Avropanın başı isə pandemiyaya qarışmışdı. Üstəlik, Rusiya da Nikol Paşinyanın əlindən dəmir çeynəyir, Ermənistanla Rusiyanın münasibətləri getdikcə gərginləşirdi. İlham Əliyev belə bir fürsətin yarandığını dəqiq hiss etdikdən sonra Türkiyə ilə danışıqlar apardı, müəyyən zəmanətlər aldı və müharibəyə başladı. Əlbəttə, ehtimal ki, müharibəyə başlayan kimi də, türk müttəfiqləri ilə söhbətləşdikdən sonra ordumuzdakı rus casuslarını prosesdən kənarlaşdırdı. İmkan verdi ki, türk paşalar təcrübələrini bölüşsünlər...

Bəli, biz ordumuzun canı və qanı hesabına böyük qələbə qazandıq və bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

- Qələbədə uğurlu siyasətlə yanaşı həm də qətiyyət, iradə faktoru ciddi rol oynadı deyə bilərikmi?...

- Əlbəttə, müharibə aparmaq üçün qətiyyət lazımdır. Bununla paralel İlham Əliyevin fəhmi çatdı ki, müharibəni lazımı anda dayandırsın və lazımı güzəştə getsin. Mən rus sülhməramlılarını nəzərdə tuturam. İlham Əliyev düşündü ki, sülhməramlılara 5 illik müddət qoyulur və bu 5 ili elə işləyə bilər ki, müddət başa çatanda sülhməramlıların da qalmasına ehtiyac olmasın. Sülhməramlıların gəlməsinin qiymətini də bir az əvvəl qeyd etdim. Qiyməti o oldu ki, ABŞ və Fransanın bizə qarşı hazırladığı qətnamə layihəsinin BMT-də keçməsinə İngiltərə ilə yanaşı Rusiya da veto qoydu və ya dəstəkləmədi. Bu faktdır və siyasi-diplomatik məharətdir. Diplomatiya mümkün olanın əldə edilməsi sənətidir, İlham Əliyev də mümkün olanı əldə etdi.

- Dediniz ki, Prezident Əliyev sülhməramlıları ölkəyə buraxanda və 5 illik müddət qoyulanda düşünüb, işləri elə aparacaq ki, 5 ildən sonra onların qalmasına ehtiyac olmayacaq. 5 ilin tamamınadək belə bir vəziyyətin yaranacağını real sayırsınızmı?...

- Bəli. Əliyev 2003-də ildə hakimiyyətə gəlib. Bu müddət ərzində ordu qura bilib? Ordumuz var! Sonra, müharibəni uda bildi? Bildi! Xarici təhlükələri zərərsizləşdirə bilib? Bəli, neytrallaşdırıb! İndi iki ildir Azərbaycan istədiyi istiqamətdə irəliləyir? Bəli, irəliləyir! Sən niyə şübhə etməlisən ki, 2024-cü ildə o, rus qoşunlarına deməyəcək ki, sağ olun, salamat qalın. Ümid edək ki, belə də olacaq.

Əlbəttə, qüsurlar da var. Bəzi yerlərdə bivec məmurlar oturub, özümüzü ərzaqla tam təmin edə bilmirik. Əynimiz-başımız xaricdən gəlir. Mağazalarda əsasən kənd təsərrüfatı məhsulları bizimdir. Qalan şeylər xaricdən gəlir. Niyə gəlsin? Bir də niyə gəlirlərimizin 90 faizindən çoxu Bakının payına düşsün? Bu və digər məsələlər də həllini tapmalıdır...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.309967