Saat:20:16
Haqqımızda

Əliyev bu dəfə Ermənistanı Türkiyədən xəbərdar etdi

2023-03-18 09:51:00

Əliyev bu dəfə Ermənistanı Türkiyədən xəbərdar etdi

Türk Zirvəsindən dünyaya mühüm çağırışlar; İran Ankara Bəyannaməsindən nəticə çıxaracaq?

Martın 16-da Ankarada Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirildi. Toplantı Türk dünyasının birliyi və qarşılıqlı dəstəyin sarsılmaz nümayişinə çevrilməklə yanaşı, regionla bağlı bir sıra mühüm siyasi çağırışlarla da yadda qaldı. 

“Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Bundan sonra da belə olacaq”.

Bu sözləri  İlham Əliyev sammitdəki çıxışında deyib.

“2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanındaydı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlib”, - dövlət başçısı bildirib.

İlham Əliyev qeyd edib ki, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanıb və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.

“Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub”.

Bunu da Prezident öz çıxışında söyləyib. Azərbaycan Prezidenti həmçinin Ermənistanın 44 günlük müharibədən sonra da regionda destruktiv siyasətə davam etməsindən danışıb: “2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır”.

Bu həm də İrəvana və onun havadarlarına Azərbaycanın səbrinin sonsuz olmadığının növbəti ismarışıdır.

Prezidentin çıxışında bu xüsusda daha bir önəmli məqam. İlham Əliyev deyib: “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu Azərbaycan Respublikasında yaşayır”.    

Prezident habelə İrəvanı Ermənistandan qovulmuş qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini qorumalı olmasına, oradakı dini-mədəni irsimizin bütünlüklə məhv edilməsinə, Ermənistanın xalqımıza qarsı bir sıra digər cinayətlərinə, 1920-ci ilin noyabrında sovet hökumətinin tarixi ərazimiz olan Qərbi Zəngəzuru Azərbaycandan zorla qopararaq, Ermənistana birləşdirməsi nəticəsində Türk dünyasının coğrafi cəhətcə ayrılmasına səbəb olmasına, yəni quru əlaqənin itməsinə diqqət yönəldib.  

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub. Ankara Bəyannaməsi 16 bənddən ibarətdir.

Sənəddə diqqətçəkən detallardan biri də Tehrandakı səfirliyimizə terror hücumunun pislənməsidir. İran bundan nəticə çıxaracaqmı? 

Oqtay Qasımov: “Qarabağ problemi Rusiya və Türkiyəni üz-üzə gətirə bilər” »  Reyting.az

Politoloq Oqtay Qasımov bildirdi ki, TDT-nin 16 mart fövqəladə zirvə toplantısı çox böyük əhəmiyyətə malik toplantı idi: “Bu zirvə görüşünün özəlliyindən biri toplantının Azərbaycanın təşəbbüsü və təklifi ilə Ankarada keçirilməsiydi. Azərbaycan qardaş Türkiyədəki zəlzələnin nəticələrinin aradan qaldırılması işində TDT-nin və buraya üzv dövlətlərin aktiv rol alması üçün belə bir toplantının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Zirvə görüşü humanitar məsələlərin və fövqəladə halların idarə edilməsi mövzusunda keçirilsə də orada əlbəttə çox müxtəlif sahələrə aid məsələlərə toxunuldu: ”Türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər və ümumi-bütün ölkələrin maraqlarını nəzərə alacaq məsələlər müzakirə olundu. Xüsusilə də Orta Dəhliz layihəsi xüsusi diqqətə gətirildi və onunla bağlı geniş müzakirələr aparıldı".

Politoloqun sözlərinə görə, qəbul edilən yekun bəyannamədə isə çoxlu sayda mühüm məsələlər əksini tapır: “Onlardan biri də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu və bu hadisənin TDT tərəfindən pislənilməsi, o cümlədən bu terror aktını törədənlərin cəzalnadırılması, istintaqın obyektiv araşdırılmasının istənməsi oldu. Bu, kifayət qədər ciddi mesajdır. Həm Türkiyə, həm də türkdilli dövlətlərin İranla kifayət qədər geniş münasibətləri var. İranın ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi türkdilli dövlətlər vasitəsilə həyata keçirilir.

İranın bu məsələlərdən və TDT-nin Ankara Bəyannaməsində rəsmi şəkildə ortaya qoyulan mövqedən nəticə çıxaracağına isə şübhə edirəm. Çünki İran hakimiyyəti Azərbaycana qarşı elə bir düşmənçilik siyasəti yürüdüb və elə bir düşmənçiliklə Azərbaycana münasibət göstərir ki, bu mövqe onların reallıq hissini itirməsinə gətirib çıxarıb. Ona görə də İranın TDT-nin çağırışından nəticə çıxaracağını güman etmirəm. Tehran Azərbaycanın bölgədə yaratdığı reallıqları və bölgədə güclənməsini heç cür qəbul edə bilmir və bunu özünə təhdid sayır. Məhz bu təhdid bəhanəsi ilə Ermənistana hər cür dəstək verir. O baxımdan yaxın dövrlərdə İranın Azərbaycana qarşı bu cür düşmən siyasətinin dəyişəcəyi ehtimalı çox aşağıdır".   

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR