Əliağa Vahid haqqında düşüncələr - ​​​​​​​III YAZI

2022-11-18 17:44:00

Əliağa Vahid haqqında düşüncələr - ​​​​​​​III YAZI

TORPAQ RƏNGİNDƏ EŞQ

                                                                                     XX əsrin Məcnunu

Eşq imiş hər nə var aləmdə,

Elm bir qiylü qal imiş ancaq.

                                   Füzuli

 

Əliağa Vahidə görə Eşq aləmi həngamədi:

Bu qələbəlik, izdiham uydurma və əfsanələrlə doludu.

Eşq aləminin ən parlaq siması Məcnundu.

Məcnun aşiqlər ustadıdı

Bunu Vahiddən əvvəlki aşiqlər də demişdi.

 

Bu münasibətlə Seyid Əzim belə buyurmuşdu:

Aldı divanə könül daməni Məcnunu ələ,

Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı.

 

Əliağa Vahid də bunu təsdiq eləyir:

Hüsnü-Leylanı da Məcnun özü öyrətdi bizə,

Əhli-eşqin odur aləmdə böyük ustadı.

 

Eşq şairlərinin Məcnuna münasibəti istiqamətinə nəzər yetirdikdə qəribə bir mənzərənin də şahidi oluruq.

Məcnunun böyüklüyünü etiraf edənlər, o cümlədən Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və Əliağa Vahid öz qəzəllərində Məcnundan ötə olduqlarını da deməkdən çəkinmirlər.

Bu istiqamətdə düşünən Seyid Əzim belə deyirdi:

 

Məcnun ilə bir məktəbi-eşq içrə oxurduq,

Mən Müshəfi xətm etdim, o Vəlleylidə qaldı.

 

Burada Seyid demək istəyirdi ki:

Məcnunla bir məktəbdə oxuyurduq.

Mən Quranı oxuyub başa çıxdım.

Məcnun isə axıra qədər oxuya bilmədi

Vəlleyl surəsində qaldı.

Təhsilini yarımçıq qoydu.

Mən ondan çox oxumuşam

Ondan bilikliyəm.

Elmim çoxdu.

Mövlana Məhəmməd Füzulinin Türk divanında ən məşhur bir beyti xatırlayaq:

Məndə Məcnundan-Füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Bu beyt bəyanat xarakteri daşıyır. Burada arqumentlər yoxdu. Təsdiqedici bir dəlil yoxdur. Məcnundan bacarıqlı və qabiliyyətli olmaq iddiası sübut olunmur.

Füzulinin bir beyti də yada düşür:

Ey Füzuli, dura məndən ala təlimi-vəfa

Nagah ər, mərqədi-Məcnuna düşərsə güzərim.

 

Bu beyt də elə həmin qəbildəndir.

 

İndi də Əliağa Vahidə baxaq:

Məcnun nə bərabər mənə, səhralara qaçdı,

Eşq əhli gərək ərsədə mərdanə dolansın.

 

Göründüyü kimi Vahidin daha tutarlı, təkzibedilməz və real dəlilləri var. Çünki, Məcnun insanlardan qaçıb, heyvanlarla üns tutub.

Əliağa Vahidə görə

Eşq döyüş meydanıdır.

Bu vuruşma, döyüş həqiqət və hünər tələb eləyir.

Əsil aşiq bəlalar çəksə də meydanı tərk etməməlidir.

Qaşmamalıdı.

Çünki, qaçmaq acizlikdir.

 

Məcnun və qədim aşiqlər mövzusu ilə bağlı istər-istəməz Füzuli və Vahidin yaşadığı dövrləri ötəri də olsa xatırlamaq lazım gəlir:

Füzuli şerin “xar” olduğu,

Mövzun kəlamın “küfr” hesab olunduğu dövrdə şerin müdafiəsinə qalxaraq, hədislərə və Quran ayələrinə istinad edir, Peyğəmbəri özünün müttəfiqi hesab edirdi.

Məcnun da Vahidin müttəfiqidi.

Vahidin dövrü də şerin və sənətin zorən yabançı və bayağı məfkurələrin təbliğinə doğru istiqamətləndirildiyi bir dövr idi.

Vahidin dövrü haqqında biz əvvəlki yazılarımızda da qeydlər eləmişik. İndi yalnız onu əlavə etmək istəyirəm ki, Vahidin zəmanəsi də, rəhmətlik Qasım Qasımzadənin iki misrasında təsvir olunan əyyamlara bənzəyirdi:

 

Alilər zillətdə, nadanlar kefdə,

Yurdsevərlik baha, satqınlıq müftə.

 

 

 

Əliağa Vahid öz əsərlərində Məcnunu tərifləsə də, özünü ondan üstün hesab etsə də onu bir sirdaş kimi yad eləyir.

Elə bil Məcnun həmişə Vahidin yanında olub.

Məcnun Vahidin dostudu,

Həmdəmidi,

Sirdaşıdı,

Söykənəcəyi minillik bir eşq ağacıdı.

 

Vahid bir də öz gizli fikirlərini bildirmək üçün Məcnun obrazından istifadə edir.

Şair Məcnunun “dəşti biyaban”lara qaçmasını elə belə söz gəlişi demirdi.

Məcnun kimi Vahidin də dərdi təkcə Hüsnü Leyla dərdi deyildi.

Vahid demək istəyirdi ki,

Mənim dövrüm Məcnunun dövründən betədi.

Ancaq mən qaşmadım

Meydanda mərdanə dayanmışam.

 

Vahidin dövründə də “qəzəl oxumayın” deyirdilər. Ənənəçilərə pis baxırdılar. Belə vəziyyətə duruş gətirmək üçün tərəfdarlar da lazım idi.

 

Elə Seyid Əzim də çətinə düşəndə:

Çağırın Qeys ilə Fərhadı yığılsın başıma

Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm. – demişdi.

Tək əldən səs çıxmazdı.Ona görə də Vahid Məcnundan bərk-bərk yapışmışdı.

Qəzəl şairlərimizdən Məcnuna ən çox bağlılığı olan Vahiddir. Onun əsərlərində Məcnunun adı 114 dəfə çəkilir. Orta hesabla hər beş qəzəlin birində Məcnun yadadüşür. Müqayisə üçün onu da qeyd edək ki, Seyid Əzim divanında bu göstərici bir az aşağıdır. Burada Məcnun 28 qəzəldən birində və cəmi 25 dəfə xatırlanır.

Əliağa Vahidə görə eşq divanəlikdi. Bu divanəlik və dəlilik elə Məcnundan qalmadı. Füzuli “Leyli və Məcnun” əsərində Məcnunun dilindən onun atasına müraciətində belə yazırdı:

Ey mürşidi kamil,

Divaneyi-eşq olurmu aqil?

 

          Əliağa Vahid də eşq çövründən qurtarmağın mümkünsüzlüyünü əsərlərində dəfələrlə qeyd eləmişdi.

          Əliağanın həyatı çox ağır oldu. Məşəqqətli günlər gördü . Uşaqlıqda atasını itirən şair:

          Baxdım ətrafıma yazıq-yazıq – deyirdi.

 

          İlk məhəbbəti Zülfiyyəni – özbək Yaqubun qızını itirdikdən sonra isə “fələyin qəhqəhəsini” eşitdi.

 

 

Yaşamaq üçün

Acı əyyamı şirin etmək lazım gəldi.

Eşq təriqini tutdu

Qədim aşiqlərin yolunu getdi.

O da Məcnun kimi

Zəmanə ağıllısı ola bilmədi.

Eşq dəlisi oldu.

 

Eşqin tamam nəşəsi divanəlikdədir,

Meyxanənin məlahəti məstanəlikdədir – deyən Əliağa Vahidin əsərlərindən bu anlayışla bağlı çoxlu misallar göstərmək olar.

          Hələlik Vahidin “dəlidir” rədifli qəzəlini xatırlamaqla kifayətlənirik.

 

          Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir

          Eşq olan yerdə bütün aqılü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zindanə,

          Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir.

          Eşq zəncirinin iftadəsi bir mən deyiləm

Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.

Sarılır çiyninə, gah boynuna, gah qamətinə

Əjdahalar kimi ol zülfü-çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutub

Aşiqin qəlbi kimi bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur

Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir.

Əl götürməz bu qaragözlülərin zülfündən,

Hər yetən zənn eləyir Vahidi, guya dəlidir.

 

Arif ORUCOV,

 

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.230000