Əli Orucov: “Rusiya-ABŞ arasında separatçı sövdələşmələrin aparılması mümkün deyil”
Məlum olduğu kimi, bugünlərdə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir. O, “Teleqram” səhifəsində yazdığı məlumata görə, Ankarada görüş zamanı Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan danışıqlar üçün formatlar təklif edib və bu formatları dəstəkləyib. Ukrayna isə Türkiyənin bunun üçün platforma verməyə hazır olduğunu yüksək qiymətləndirir.
Zelenskinin sözlərinə görə, müharibəyə son qoymağa yalnız ABŞ Prezidenti Donald Trampın gücü çatır. Lakin KİV-in yazdığına görə, Vaşinqton administrasiyası Ukraynadakı münaqişənin həlli ilə bağlı hazırladığı yeni planın qəbuluna nail olmaq üçün Prezident Volodimir Zelenskiyə təzyiqi gücləndirir. Hətta mənbələrin məlumatına görə, Donald Trampın administrasiyası Ukraynada müharibənin dayandırılması üçün 28 maddədən ibarət yeni plan hazırlayır və bununla bağlı Rusiya rəhbərliyi ilə gizli məsləhətləşmələr aparır.
Bildirilir ki, planın hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir və o, sənədi Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ətraflı müzakirə edib.
Mövzu ilə bağlı Hurriyyet.az-a danışan politoloq Əli Orucov bildirib ki, ABŞ prezidenti Donald Trampın dəfələrlə etdiyi cəhdlər uğursuzluğa düçar olub: “Amma bu, heç də o demək deyil ki, ABŞ ilə Rusiya arasında diplomatik kanallar tamamilə bağlanıb. Bildiyiniz kimi, Tramp və Putin Alyaskada yüksək səviyyədə görüşdü və bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardılar, amma Putini yola gətirmək mümkün olmadı. Məlum olduğu kimi, Zelenski artıq İstanbuldadır və o, müharibənin həll edilməsi ilə bağlı yeni təkliflər paketi ilə gedib və özünün bildirdiyinə görə də bu həll yolunu müttəfiqləri ilə müzakirə etmək niyyətindədir. ABŞ-ın rəsmisi də Zelenski ilə görüşlərdə olacaq. Baxmayaraq ki, bu görüşdə Rusiyanı heç kim təmsil etməyəcək. Faktiki olaraq, bu təmaslardan Moskva imtina edir”.
Ə.Orucov vurğulayıb ki, Qərbin maraqları nəzərə alınmadan, onun təhlükəsizlik məsələlərinə təminat verilmədən Trampın təqdim edəcəyi hər hansı bir həll variantı uğursuz olacaq: “Çünki burada digər oyunçular da var. Artıq Rusiya-Ukrayna müharibəsi beynəlxalq xarakter alıb və birtərəfli qaydada Rusiya ilə ABŞ arasında hansısa separatçı sövdələşmələrin aparılması mümkün deyil. Doğrudur, ABŞ Rusiyanın resurslarına can atır. Onun üçün o qədər də önəmli deyil ki, Ukraynanın ərazi bütövlüyü qorunsun, etibarlı təhlükəsizlik məsələləri təmin edilsin, eyni zamanda Qərbin təhlükəsizlik məsələləri tam həllini tapsın. Tramp üçün əsas variant ABŞ-ın maraqlarını tam qaydada həyata keçirmək və istəyinə nail olmaqdır. Amma bununla belə, təcrübə göstərdi ki, bu cür taktika işləmədi və Qərbin maraqları nəzərə alınmayan həll planı işləmədi və bu, tərəfləri qane etmədi. Ona görə, növbəti etapda da Trampın Putinlə gizli danışıqları, hansısa məsələ barədə ortaq məxrəclər tapması növbəti proseslərin inkişafına təsir göstərməyəcək. Çünki burada ilk növbədə, Kollektiv Qərbin iqtisadi-siyasi və digər maraqları nəzərə alınmır”.
Ə.Orucov onu da nəzərə çatdırıb ki, artıq müharibənin uzun sürməsi, tərəflərin də resurslarının getdikcə tükənməsinə gətirib çıxarır: “Tətbiq olunan sanksiyalar Rusiyanın müharibəni uzunmüddətli aparması imkanlarını məhdudlaşdırır. Hansısa güzəştlərin əldə edilməsi mümkün ola bilər. Ancaq yenə də vurğuladığımız kimi, burada Qərbin iştirakı mütləq olmalıdır, olacaq. Əgər bu, baş verməsə, müharibənin yaxın müddətdə durdurulması mümkün deyil”.
CAVİD
