Saat:18:36
Haqqımızda

Əli Mustafa: “Böyük ehtimalla razılaşma olmayacaq”

2025-11-25 13:51:40

Əli Mustafa: “Böyük ehtimalla razılaşma olmayacaq”

“Bu plan və müddət məsələsində artıq çox ciddi dəyişikliklər var. Cenevrədə ukraynalılar, amerikanlar və avropalılar oturdular, işlədilər. O 28 maddəlik sənəddən deyilənə görə, bir şey qalmayıb, yeni bir sənəd meydana çıxıb və 24 maddəlik bir sənəddir”.

Bu barədə Hurriyyet.az-a danışan politoloq Əli Mustafa deyib.

“Hər iki tərəf, o cümlədən Amerika tərəfi hesab edir ki, bu sənədin işlənməsi ilə bağlı çox işgüzar bir proses olub. Ukrayna tərəfi orada sərhədlərin zorla dəyişdirilməsinə ciddi etiraz edir. Təbii ki, Ukrayna öz suverenliyinin məhdudlaşdırılmasına qarşıdır və görünür bir formada bu məsələlər yeni sənəddə öz əksini tapır”,-deyə politoloq əlavə edib.

Ə. Mustafa ehtimal edir ki, Zelenskinin Amerikaya səfəri gözlənilir: “Orada Trampla yenidən müzakirə edəcəklər. Yerigəlmişkən, Ukrayna nümayəndə heyəti bütün təkliflərini veriblər, amma sonra deyiblər ki, sonuncu qərarı prezidentlər verəcək. Yəni işlənmiş sənədə Zelenski və Trampın son yanaşması qalır, sonuncu korrektələri də onlar etməlidirlər. Bir sözlə, yeni bir sənəddən söhbət gedir və burada son qərarı Zelenski və Tramp verəcək. 27-si məsələsi məncə, şərti bir şeydir. Hərçənd ola bilər 27-nə qədər Zelenski getsin, danışsınlar. Amma deyilənlərə görə, Trampın da artıq mövqeyi bir qədər yumşalıb, yəni o da başa düşür ki, orada Ukraynanın maraqları da var”.

Ə.Mustafa Ağ Evin mətbuat katibi Kerolayn Livittin “Prezident Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb” açıqlaması ilə bağlı isə belə deyib: “Təbii ki, Ukrayna tərəfinin ən ciddi narahatçılığı o idi ki, Amerika maliyyə yardımlarını, həmçinin kəşfiyyat məlumatlarının və silahların verilməsini dayandıra bilər. Amma bildiyim qədər Tramp o istiqamətdə kəsin qarar qəbul etməyib. Böyük ehtimalla Zelenski ilə görüşdən sonra o məsələlər aydınlaşacaq. Ukrayna tərəf də onu nəzərə alaraq razılaşmaya “yox” demir. Onlar deyirlər ki, biz razıyıq, bu saziş imzalansın, amma bu saziş Ukraynanın maraqlarını nəzərə almaqla, imzalansın. Yeni sənəddə Ukraynanın maraqları da nəzərə alınır. İndi Mark Rubio, Stiv Uitkoff və digər təmsilçilər həmin razılaşdırılmış sənədi yəqin ki, Trampa təqdim edəcəklər. Məncə, bundan sonra, Trampın mövqeyi, kəsin atacağı addımları müəyyənləşəcək”.

“Nəzərə alsaq ki, Ukraynanın yanında Avropa dövlətləri də var. Onların da Amerikaya səfəri gözlənilir, Britaniya, Almaniya, Fransa və digəridir. Hər halda, mən düşünürəm ki, danışıqlar prosesi gedəcək, amma böyük ehtimalla razılaşma olmayacaq, çünki savaş böyük savaşdır”,-deyə politoloq vurğulayıb.

CAVİD