Saat:16:28
Haqqımızda

Əli Kərimliyə sərt sual: “Yaxşı, bəs bu 35 ildə siz neylədiniz?”

2022-08-29 13:10:00

Əli Kərimliyə sərt sual: “Yaxşı, bəs bu 35 ildə siz neylədiniz?”

Kərimov Əli yenə o ki var asqırağa basıb: “İlham Əliyev hansı səlahiyyətlə, hansı haqqla Azərbaycanı işğalçı, imperiya ambisiyalı Rusiyanın orbitinə qaytarmaq istəyir? Bu ölkənin baş nazirinin nə işi var Rusiyanın yeni imperiya layihəsi olan Avrasiya İqtisadi Birliyində? Ağır beynəlxalq sanksiyalar altında müflis olan Rusiyada iqtisadiyyat qalırmı ki, biz də onunla iqtisadi birlik yaradaq? Rusiya işğalçıdır. Keçmiş sovet respublikalarının müstəqilliyinə xor baxır. Hərbi məğlubiyyəti də, iqtisadi iflası da labüddür və sadəcə zaman məsələsidir. Rusiyadakı avtoritarizmin gözlənilən iflası MDB məkanındakı bütün rejim başçılarını, o cümlədən İlham Əliyevi də qorxudur. Rusiyanın imperiya mexanizmlərindən biri olan Avrasiya Birliyində istənilən statusla iştirak iqtisadi yox siyasi məsələdir. Azərbaycanın milli maraqlarına zərər vurmaq bahasına təcrid edilmiş Putinə nəfəs vermək cəhdidir. Belə bir vəziyyətdə xalqımızın iradəsi çox aydın şəkildə ortada olmalıdır. Azərbaycan heç bir halda və heç bir formada SSRİ -2 layihəsində iştirak etməyəcək. Xalqımız istənilən situasiyada istiqlaliyyətinə sahib çıxmağa hazır olmalıdır!”

Bu sözləri təkrarən ona görə verdim ki, adamın nə dərəcədə şablonçu, əzbərçi, çevir tatı-vur tatıçı, sözü havaya sovuran boşboğaz, avantürist, 35 ildə şüuru bir santimetr də qabağa getməyən, vicdanı zərrə qədər sızlamayan biri olduğuna bir daha şahid olasınız.

Kərimov Əli, görünür, dəfələrlə dediklərimizdən heç bir nəticə çıxarmamısan. Bütün günahları İlham Əliyevin boynuna atmaqla sudan quru çıxa bilməyəcəksiniz. Bu ölkəni rəzil gününə qoyan məhz sizlərsiniz. Sizin başabəla demokratiya, insan haqları, vətəndaş cəmiyyəti sayıqlamalarınızdır. Siz bu şüarlarla Azərbaycanı ABŞ müstəmləkəsinə çevirdiniz. Bu ölkənin sərvətlərinin keçi qiymətinə Qərbə satılmasının təməlini siz qoymusunuz. Bu xalqı ac, çörəksiz, işsiz, evsiz-eşiksiz qoyan sizin özəlləşdirmə, bazar iqtisadiyyatı ilə bağlı verdiyiniz vədlər, sayıqlamalardır. Tökülən qanların baiskarları da sizlərsiniz: Əbülfəzdir, Etibardı, sənsən, digərləridir…

Bəs ölkənin üzəri 1 sm qızılla örtüləcəkdi? Bəs demokratiya olacaqdı, ürəyi istəyən deputat, hətta prezident seçiləcəkdi? Bəs hamı bizneslə məşğul olacaqdı, müəssisə açacaqdı? Nooldu? Hamısını İlham Əliyev qoymur, eləmi? Nə böyük adammış bu İlham Əliyev! Bəs sən nə günə yarayırsan? Niyə demokrat dayılarına İlham Əliyevin zülmündən danışmırsan? Niyə demirsən ki, bu xalqı onun əlindən qurtarsınlar? Ah, deyirsən, amma qulaq asmırlar? Onda niyə özünü ortaya atıb, siyasətlə məşğul olursan? Təkcə öz ailənə gün ağlamaq, uşaqlarını Amerikada oxutmaq üçün? Oğullarını əsgərlikdən yayındırmaq üçün? Şəhərin mərkəzində lüks evdə yaşayıb, lüks arabada gəzmək üçün? Şəhər kənarında villa almaq üçün? Sürücü, qulluqçu, aşpaz saxlamaq üçün? Həyat yoldaşın illərdir xaricdədir, nəylə dolanır orada? Nəyin hesabına yaşayır? Özün nəyin hesabına yaşayırsan? Dostların verir, eləmi? Ah, nə gözəl! O dostlardan bizə də tapsaydın. Ən yaxşı dostların açıq-aşkar hökümətin qucağında oturublar, bəlkə onlar verir? Asim, Qüdrət, Əliməmməd, İbrahim, Qulahmüseyn, Qorxmaz…

Bəs yeməyini kim bişirir, paltarını kim yuyur, evini kim silib-süpürür? Ah, xidmətçilərin var. Bunlaramı satdın bu boyda ölkəni, xalqı, sənə inanan minlərlə insanı, gənci, qocanı, qadını, dostlarını?

Bütün günahlar YAP-daymış. Heydər və İlham Əliyevlərdəymiş. Ramiz Mehdiyevdəymiş. Yaxşı, bəs bu 35 ildə siz neylədiniz? Bu ölkəni onlara siz özünüz vermədinizmi. Yəqin ki, elə əvvəldən vermək üçün ələ keçirmişdiniz. Yoxsa kim idi Əbülfəzə Fəxri Xiyabanda qəbir yeri, oğluna vəzifə verən? Kim idi səni illərdir “ana müxalifət” statusunda saxlayan? İstəsələr səsini 3 günə kəsərlər, amma kəsmirlər. Çünki bu oyunda sənə də rol verilib və oynayıb, qonorarını alırsan.

Bəli, artıq bunları anlamayacaq qədər saf, sadəlövh deyilik. Sənin kimi anamızın qarnında öyrənməsək də, həyat tədricən başa salıb.

“Azərbaycan heç bir formada SSRİ-2 layihəsində iştirak etməyəcək” deyirsən. Edəcək, Əli, edəcək. Bunu səndən soruşan olmayacaq. Azərbaycan xalqını 35 il aldatdınız. Artıq limit dolub. Sizlər rədd olub gedəcəksiniz, çox qalmayıb. Azərbaycan xalqı öz yolunu özü müəyyən edəcək, özünə lider də tapacaq, rəhbər də. O artıq ağı qaradan seçir, sovetin 70 ilində əldə etdiklərini son 35 ildə ancaq itirdiyini dərk edir və belə getməsini istəmir. Sənin kimilərin hansı yuvanın quşu olduğunu da bilir.

İlham Əliyevin arxasında gizlənmə! Xalq hər şeyi gözəl bilir. Artıq bizə kəf gələ bilməzsən, lotuluq zamanı bitdi. Yaxşı bilirsən ki, İlham Əliyev olmasa, sən də olmazsan. Dəli deyilsən ki, oturduğun budağı kəsəsən. Odur ki, yetər artıq, yetər bu qədər təlxəklik, artistlik, rəqəmbazlıq, statistika yapmaq. Bizdə artıq 21-dir, keç özünə…

Azinforum.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR