Əli Kərimli ilə bağlı Zakir Qaralova müraciət olunubmuş - 8 illik məktubun SİRRİ
Səkkiz il əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə bağlı Baş prokuror Zakir Qaralova (2000-2020-ci illərdə bu vəzifədə çalışıb) göndərilən müraciət üzə çıxıb.
Hurriyyet.az xəbər verir ki, məktubu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yazıb.
16 oktyabr 2017-ci il tarixli müraciətdə deyilir:
“Milli Şuranın sədri Həsənov Cəmil və AXCP-nin sədri Kərimov Əli ölkəmizdə yaradılmış demokratik şəraitdən sui-istifadə etməklə 23 sentyabr və 7 oktyabr 2017-ci il tarixlərdə keçirilmiş mitinqlərdə və müxtəlif kütləvi informasiya vasitələrində çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şərəf və ləyaqətini ləkələməyə və alçaltmağa yönəlmiş ifadələr işlətmişlər.
Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən Azərbaycanın dövlətinin başçısının – Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma cinayət hesab olunur.
Cinayət-Prosessual Məcəllənin 215.3.1-ci maddəsinə əsasən bu qəbildən olan cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır.
Ona görə də Həsənov Cəmil və Kərimov Əlinin bu hərəkətləri ilə əlaqədar ilkin yoxlama aparılaraq müvafiq qərar qəbul edilməsi və nəticəsi barəmdə mənə yazılı məlumat verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
H.Hacıyevin müraciətinə oktyabrın 24-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədov yazılı cavab verib.
Cavabda deyilir:
“Milli Şura” adlı qurumun sədri Cəmil Həsənov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimov barəsində Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız 16 oktyabr 2017-ci il tarixli müraciətiniz Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə daxil olaraq baxılır, nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir”.
Müasir Müsavat Partiyasının sədri 2017-ci ildə Baş Prokurorluğa göndərdiyi müraciətə sosial şəbəkə hesabında paylaşaraq yazıb: “16 oktyabr 2017-ci il tarixində Cəmil Həsənov və Kərimov Əli haqqında sabiq Baş Prokuror Zakir Qaralova etdiyimiz müraciətə vaxtında baxılıb tədbir görülsəydi, bu gün qaraguruhçular dövlətə böhtan atmazdılar. Ramiz Mehdiyevin tapşırığı ilə prokurorluq tədbir görmədi. Göndərdiyimiz məktub və məktuba cavabla tanış olun”.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.
Yenisabah.az
