Əli Həsənovun qaynı Qarabağ qazisini ÖLÜM HƏDDİNƏ ÇATDIRIB

2022-08-30 12:24:00

Əli Həsənovun qaynı Qarabağ qazisini ÖLÜM HƏDDİNƏ ÇATDIRIB

Mürsəl Cabbarov: "Salyan Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmış Cəbrayıl Vəliyev Daxili İşlər Nazirliyi və digər qurumlardakı əlaqələrindən istifadə edərək, oğlumun azadlığa çıxmasını əngəlləyir"

"Çünki o, birilir ki, oğlum azadlığa çıxarsa onun və digərlərinin qanunsuz əməlləri ifşa olunacaq"

"Cənab Prezident, oğlum özünə qəsd etmədən səsimi eşidin, bütün məhkəmə orqanlarına müraciətim əsassız qalıb, yazdığım ərizələr geri qayıdır, başqa-başqa ünvanlara yönləndirirlər"

Salyan rayon sakini, iş adamı, şərlənərək həbs olunmuş 2-ci qrup Qarabağ qazisi Elşən Cabbarovun atası Mürsəl Cabbarov bu yaxınlarda növbəti dəfə  "Hürriyyət"ə üz tutaraq oğlunun başına açılan oyunlardan, övladının üzləşdiyi haqsızlıqlardan danışıb. Uzun illər Salyanın Ağsaqqallar Şurasının üzvü olmuş Mürsəl Cabbarovun sözlərinə görə, oğlu yerli məmurlar tərəfindən şərlənib və nəticədə Cinayət Məcəlləsinin 178.3.2, 182.3.2 və 296.2-ci maddələri ilə ittiham olunaraq həbs olunub.

"Əgər bu insan həqiqətən də günahkardısa, bəs niyə İlham Əliyevə müraciəti çatdırılmır? Üzünə qoyulan insanların 4-ü  şikayətlərini geri çəkiblər və bildiriblər ki, bizi məcbur edirdilər" 

Elşən Cabbarova 11 il iş kəsildiyini qeyd edən atası iddia edir ki, oğlu artıq haqqsızlıqlara dözə bilmədiyi üçün özünə qəsd edəcək: "Artıq haqqsızlıqlara dözə bilmir. Səhhətində ciddi problemlər yaranıb. Artıq 4 ildir həbsdə yatır. Özü II qrup Qarabağ əlilidir. Pensiyası səbəbsiz yerə kəsilib. 15 ildir ki, pensiya alan bir qazinin pensiyasını kəsiblər. Bir çox dövlət qurumlarına, o cümələn Cənab Prezident İlham Əliyevə yazdığı məktublar çatdırılmır. Əgər bu insan həqiqətən də günahkardırsa, bəs niyə İlham Əliyevə müraciəti çatdırılmır? Üzünə qoyulan insanların 4-ü şikayətlərini geri çəkiblər və bildiriblər ki, bizi məcbur edirdilər. Şikayətlər əsassız qalıbsa, oğlum niyə hələ də türmədədir? Cənab Prezident, imkan vermirlər şikayətlərim sizə çatsın".

Mürsəl Cabbarovun sözlərinə görə, oğlu Salyan rayonunda bir çoxlarının haqqını müdafiə etdiyi, dolayısıyla korrupsioner məmurların ayağını tapdaladığı üçün şərlənərək həbsə atılıb. O, həmçinin oğlunun həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun qaynı, Salyan Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmış Cəbrayıl Vəliyevi də günahlandırıb: "Bütün məhkəmə orqanlarına müraciətim əsassız qalıb, yazdığım  ərizələr geri qayıdır, başqa-başqa ünvanlara yönləndirirlər. Mən bilirəm ki, Cənab Prezident müraciətimi görsə, bu özbaşınalığa son verər. Bu məsələyə daha geniş şəkildə və Prezidentin tapşırığına əsasən baxılsa haqq ədalət öz yerini tapacaq".

"Məhkəmədə oğluma qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib"

Mürsəl Cabbarov onu da qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində oğluna qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib: "Elşən Cabbarovla eyni maddə ilə ittiham olunan Məmməd Cəfərliyə 2 il ev dustağı cəzası verildi. Haqqsızlıq oldu. Bakı Apellyasiya Məhkəməsi də bizim işimizə baxmadı, Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi cəzanı əsaslı saydı. Mənim oğlum adam öldürməmişdi ki, ona bu cür ağır cəza verildi. Anasının bu haqqsızlığa ürəyi dözmədi və nəticədə vəfat etdi. Mənim özüm də xəstəliyə düşmüşəm".

Mürsəl Cabbarov bildirib ki, iş üzrə zərərçəkmiş kimi tanınan 4 nəfər şikayətlərini geri götürüblər: "Həmin şəxslər məhkəmədə alət kimi istifadə edildiklərini ərizələrində də etiraf ediblər. Buna baxmayaraq, oğlum Qarabağ qazisi Elşən Cabbarov hələ də şərlənərək həbsdə saxlanılır. Nəzərinizə çatdırım ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxslər - Röyal Qənbər oğlu Həsənov, Qənbər Qəzənfər oğlu Həsənov, Vüqar Xudaverdi oğlu Gülüşov və Nizami Sərxoş oğlu Həsənov ayrı-ayrılıqda ərizə ilə rəsmi qaydada Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevə müraciət edərək, Elşən Cabbarova qarşı haqsızlıq edildiyini etiraf ediblər. Belə ki, onlar şikayətdən imtina barədə yazdıqları ərizələrində məhkəmə iclasından sonra bəzi səlahiyyətli şəxslər və məhkəmənin özü üçün alət kimi istifadə olunduqlarını etiraf edib, onlardan Elşən Cabbarovun həbs olunması üçün faydalandıqlarını bildiriblər. Bundan başqa, adıçəkilən şəxslər Elşən Cabbarovun ləyaqətli insan olduğunu və azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyə layiq olmadığını bəyan ediblər. Məhz elə bu səbəbdən də Röyal Qənbər oğlu Həsənov, Qənbər Qəzənfər oğlu Həsənov, Vüqar Xudaverdi oğlu Gülüşov və Nizami Sərxoş oğlu Həsənov Elşən Cabbarov barəsində şikayətlərindən imtina etdiklərini qeyd ediblər. Lakin məhkəmə buna məhəl qoymadan Qarabağ qazisini hələ də həbsdə saxlayır. Əfqan Hacıyevə tapşırıq verilib və buna görə də o, şikayətin geri çəkilməsinə məhəl qoymayıb cəzanı azaltmadı. Onu da qeyd edim ki, bütün Salyan rayonu camaatı bilir ki, biz necə yardım sevər ailəyik. Yaşlı, təzyiqli adamam, oğlumun səhhətindən narahat oluram. Eşitmişəm ki, canına qəsd etmək fikri var. Günahı olsa, həqiqətən də bu 11 ilə layiq cəzası olsa, inanın ki , müraciət etdiyim dövlət orqanlarını narahat etmərəm. Cənab Prezident, oğlum özünə qəsd etmədən səsimi eşidin. Hörmətli Prezident, mən ağsaqqal, qazi atası kimi sizə müraciət edir, oğlumun əsassız, qanunsuz yerə həbsinə son verilməsini, günahkarların cəzalandırılmasını xahiş edirəm. Dövlətin milyonlarını talayanlar, külli miqdarda rüşvət alanlar, hədə-qorxu, təhdid yolu ilə özünə sərvət toplayanlar 3-4 il həbs cəzası aldıqdan sonra azadlığa buraxılır, heç bir günahı olmadan şərlənərək həbs edilən oğluma - 2-ci qrup Qarabağ qazisi Elşən Cabbarova isə ən ağır cəza, 11 il iş verilir. Onu da qeyd edim ki, Əli Həsənovun qaynı, Salyan Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışmış Cəbrayıl Vəliyev Daxili İşlər Nazirliyi və digər qurumlardakı əlaqələrindən istifadə edərək, oğlumun azadlığa çıxmasını əngəlləyir. Çünki Cəbrayıl Vəliyev birilir ki, oğlum azadlığa çıxarsa onun və digərlərinin qanunsuz əməlləri ifşa olunacaq. Buna görə də oğlumun hətta amnistiyaya düşməsinə belə, mane olur. Məhz bu, onu deməyə əsas verir ki, Cəbrayıl Vəliyev özünün qanunsuz əməllərinin ifşa olunacağından ehtiyat etdiyi üçün oğlumun 11 il həbsdə qalmasına, bu yolla da özünü mümkün təhlükədən qorumağa çalışır. Cənab Prezident, bütün bunları nəzərə alaraq, şərlənərək həbs olunmuş oğlumun tezliklə azadlığına qovuşmasını təmin etməyinizi xahiş edirəm".

Mövzuyla əlaqəli olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əlaqə saxlasaq da verdiyimiz suallar cavabsız qaldı. Bildirdilər ki, yalnız məhbusun ailə üzvlərinə onun haqqında məlumat verə bilərik.

PS. Bir müddətdir ki, cəmiyyətimizi silkələyən hadisələrdən birinə çevrilən qazilərin intiharı xəbərləri sözün əsl mənasında qəlbimizi ağrıdır. Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Həmçinin, başqa bir qazi də Əmlak Məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında özünü yandıracağına dair anons verdi. Amma bunu adi vətəndaş etsəydi, bu sadəcə bir intihar hadisəsi kimi bilinəcəkdi. Lakin qazilər bizim həssas nöqtəmiz olduğuna gğrə bu, bizim üçün SOS siqnalıdır. Qazilərin müharibədən sonra psixoloji yardım almaları mütləq idi. Çünki nə qədər də olmasa yaşadıqları, gördükləri, hiss etdikləri, enerji və basdırılmış duyğuları necəsə çıxmalıdr. Onlar çıxmayanda katarsis yaranır. Yəni, yığılmış həmin enerji başqa bir yerdə partlayır. İndi də söhbət açdığımız qazinin şərlənərək həbs edilməsi isə ölkə adına çox utancverici addımdır.

Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezidentin də xüsusi tapşırığı oldu. Ancaq yenə də bu sahədə problemlər var. Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Təbii, onların travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarının onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər. “Baş verənləri “Vyetnam sindromu”, “Əfqan sindromu” kimi cəmiyyətə təqdim etmək əsas səbəbdən diqqəti yayındırmaq üçündür. Nə Vyetnamda vuruşan ABŞ əsgəri, nə də Əfqanıstanda vuruşan SSRİ əsgəri belə qəbul edilmirdi. Bu Vyetnamdan və Əfqanıstandan qayıdanlarda mənəvi-psixoloji diskomfort yaradırdı. Əksinə Azərbaycan əsgəri mənəvi-psixoloji baxımdan çox rahatdır. Bəs necə olur ki, bütün cəmiyyət bu insanlara sayğı ilə yanaşır, amma problemlər qalır? Axı necə olur ki, hansısa qazi və yaxud şəhid ailəsi hər cürə qayğı ilə əhatə olunur, amma bir başqası laqeyidlikdən, diqqətsizlikdən gileylənir və hətta intihar edir? Bax problemin kökü burdadır. Bunu araşdırmaq lazımdır. Bu problem təkcə qazilərlə bağlı deyil. Qarabağ müharibəsində şəhid olanların ailələri, sağlamlığını itirənlər və müharibədən sağ-salamat qayıdanların hamısını əhatə olunmalıdır.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074858