Əli Əliyevin həbsi ciddi etirazla qarşılanıb - SİYASİ LİDERLƏR ONUN AZAD OLUNMASINI TƏLƏB EDİRLƏR

2022-01-14 16:42:00

Əli Əliyevin həbsi ciddi etirazla qarşılanıb - SİYASİ LİDERLƏR ONUN AZAD OLUNMASINI TƏLƏB EDİRLƏR

"VİP sədrinin həbsi söz azadlığına qarşı amansız mübarizənin, tənqidə dözümsüzlüyün, qanuna və hüquqa hörmətsizliyin daha bir nümunəsidir"

Xəbər verdiyimiz kimi, yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. Hökmə əsasən, VİP sədri 5 ay müddətinə həbs edilib.

Hurriyyet.az xəbər verir ki, Əli Əliyevin həbsi ciddi etirazla qarşılanıb və artıq bir çox partiya sədri, funksioneri, o cümlədən ictimai-siyasi xadimlər, ekspertlər və hüquqşünaslar VİP sədrinin həbsinin qanunsuz olduğunu bəyan edərək, onun azadlığa buraxılmasıbı tələb edirlər. Belə ki, Əli Əliyevin xüsusi sifarişlə, böyük ehtimalla hərbi əmrlə qaldırılmış iddia əsasında həbs edildiyini vurğulayan Müsavat Partiyasının başqanı Arif Hacılının fikrincə, VİP sədrinin həbsi söz azadlığına qarşı amansız mübarizənin, tənqidə dözümsüzlüyün, qanuna və hüquqa hörmətsizliyin daha bir nümunəsidir: "Əli Əliyevin həbsi qanunsuz və ədalətsiz olmaqla yanaşı,həm də çox kobud səhvdir. Yol verilmiş səhvi düzəltməyin, qanunsuluğu durdurmağın yollarından biri də onun Appelyasiya Məhkəməsində azadlığa buraxmasıdır".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də bu qənaətdədir ki, Vətəndaş və İnkişaf Partiyasinın sədri Əli Əliyevin həbsi siyasi motivlidir: "Məhkəmə onu hərbçilərə böhtan atıb bəhanəsilə 5 ay müddətinə azadlıqdan məhrum edib. Aydındır ki, "hərbçilərə böhtan atmaq" söhbəti sadəcə bəhanədir. Milyardların talan edildiyi, işgəncə ilə adam öldürənlərin məsuliyyətdən kənarda qaldığı ölkədə sözə görə partiya sədrini həbs etmək absurddur. VİP sədri Əli Əliyevə və bütün siyasi məhbuslara azadlıq tələb edirik".

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu isə qeyd edib ki, ölkədə siyasi partiya liderinin, alimin, həkimin, pedaqoqun və ziyalının saxta ittihamla həbsi həm beynəlxalq, həm də yerli ictimaiyyət tərəfindən qınanmalıdır. Onun fikrincə, Əli Əliyev dürüst və cəsarətli çıxışlarına görə sivil cəmiyyətdən kənarlaşdırıldı, qapalı instituta salındı: "Sonrası nə olacaq, onu da indidən demək çətindir, hazırkı pandemiya dövründə həbsxanada onun başına çox oyunlar gətirə bilərlər. Odur ki, Əli Əliyevə haqq etdiyi azadlığı tələb edirəm və buna tezliklə nail olmaq üçün sizləri də həmrəylik göstərməyə çağırıram".

Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn isə bəyan edib ki, rəhbərlik etdiyi siyasi təşkilat VİP sədri Əli Əliyevin barəsində kobud prosessual pozuntularla müşahidə olunduğu, ədalətsiz keçirildiyi bildirilən məhkəmədə 5 aylıq həbs hökmünün çıxarılmasını söz və ifadə azadlığına qarşı, o cümlədən Ə.Əliyevin siyasi fəaliyyəti ilə bağlı təqib aktı kimi dəyərləndirib pisləyir və onun azad olunmasını tələb edir.

Bununla yanaşı, onu da nəzərinizə çatdıraq ki, Ümid Partiyası, AĞ Partiya, Azərbaycan Yüksəliş Partiyası və digərləri, o cümlədən "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" də VİP sədri Əli Əliyevin həbsi ilə bağlı bəyanat verib. Onlar da bu həbsi qanunsuz, sifarişli məhkəmə qərarı hesab edir, bir siyasi partiya rəhbərinə, ümumiyyətlə ictimai-siyasi yüklü şəxslərə qarşı təzyiq kimi qiymətləndirir və dərhal Apellyasiya Məhkəməsindən ilkin məhkəmənin çıxardığı qərarın ləğvini tələb edirlər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az