Saat:12:46
Haqqımızda

Əli Əliyev  və ya tənha qalmış sərkərdə... – ABİD QAFAROV YAZIR

2022-05-23 15:41:00

Əli Əliyev  və ya tənha qalmış sərkərdə... – ABİD QAFAROV YAZIR

Tarixə müraciət etdikdə bir çox şəxsiyyətin xalqı öz ətrafında birləşdirərək, onlar üçün sərkərdəlik edərək müvəffəqiyyət qazandığını görürük. Bəs görəsən bütün şəxsiyyətlər və sərkərdələr müvəffəqiyyət qazana biliblərmi?

Elə öz tariximizdən Şah İsmayıl Xətainin həyatına baxdıqda 14 yaşında hakimiyyətə gələrək müvəffəqiyyət qazanmış bir sərkərdəni görə bilirik. Əcəba 14 yaşlı bir yeniyetmənin hansı fövqəladə və fövqəl təbii xüsusiyyətləri var idi ki, O, müvəffəq ola bildi? Axı 14 yaşlı bir yeniyetmənin bığ yerləri hələ yenicə tərləməyə başlayır. O, nə yatmışdı ki, nə də yuxu görsün?! Bunun sirri əslində İsmayılın özündə deyildi, onun ətrafında sıx birləşmiş və ona dəstək olmuş insanlarda idi. Qəbilə başçıları, ziyalılar və nüfuzlu şəxslərin 14 yaşlı yeniyetməyə itaəti, bax budur müvəffəqiyyət və uğurun formulu. Əlbəttə, 14 yaşlı İsmayılın Şeyx Heydərin oğlu, Şeyx Səfiəddinin nəvəsi olması da burada öz rolunu oynayırdı, amma biz tarixə baxanda əsilzadə olmayan, zeytun yağı satan Abdullahın oğlu Həsənin (biz onu Babək kimi tanıyırıq) müvəffəq olduğunu, əsilzadə və Hz. Muhəmmədin (s) nəvəsi olmuş Hz. Hüseynin (ə) müvəffəq olmadığını da görürük. Deməli, əsilzadəlik burada mühüm rol oynamır.Əlbəttə, rolu var, amma itaət qədər əhəmiyyətli deyil.

Günümüzdə “itaət” sözünü yanlış anlayan və interpritasiya edən kifayət qədər insanın olduğunu nəzərə alaraq bu sözün mənasının izahına ehtiyac duyuram. Bir neçə dəfə şəxsən mənə “itaət nökər ilə ağa arasında olar, bu nə sözdür işlədirsən?!” – deyə irad bildirənlər də olub. Bu iradı bildirənlər saxta yolla seçilmiş deputatların, hakimiyyətin itaətində olduğunu dərk etməyən və ya bu reallığın inkarı mövqeyində olan zavallılardır. Bəli, hünəriniz varsa saxta seçkilərlə xalqın hakimiyyətini oğurlamış Milli Məclisin qəbul etdiyi qanunlara itaət etməyin! Siz bunu edə bilməzsiniz, çünki özünüz “itaət”i rədd etdiyiniz halda saxtakarların itaətinə məruz qalmısınız! Bəli, sağlam düşüncəli, əqidəli, dürüst və mərd insanlara itaəti qəbul etmədiyinizə görə, oğru və kriminal, mağara təfəkkürlü insanların itaətinə düşməyiniz elə ədalətin özüdür!.. O ki, qaldı “itaət”ə, bizim ürfümüzdə, milli mentalitetimizdə ata-anaya, ağsaqqala və böyüyə itaət nə vaxtdan iptal olub? Kim bunu iptal edib?

Sosioloji baxımdan, “insan”ın tərifi təxminən belədir: İnsan ictimai varlıqdır. Bəli, ictimai varlıq, eqoist və fərdi varlıq yox! Təbiəti müşahidə etdikdə bəzi heyvanların da ictimai şəkildə hərəkət etdiyini aydın görə bilərik. Məsələn, quşlar isti ölkələrə qatar şəklində uçurlar, qarışqa və arılar kollektiv şəkildə yaşayıb, işləyirlər, canavarlar təşkilatlanmış şəkildə ova gedirlər və s.

Canavar demişkən, ölkəmizdə insan haqlarını hər addımda çeynəyən, insanları da haqları kimi tapdalayan hakimiyyət də elə canavarlar kimi təşkilati şəkildə fəaliyyət göstərirlər. Nədənsə, insanlar xalqın mənafeyi üçün həyatını və azadlığını təhlükəyə atan ziyalı və siyasi xadimlərin ətrafında zalımın zülm etməsi üçün ətrafında toplaşmış kəslər kimi təşkilatlana bilmirlər. Nəticədə isə həmin şəxs mübarizə meydanında tənha qalmış sərkərdəyə bənzəyir, məzlum hala düşür. Kənardan baxanda bizim cəmiyyət öz ziyalısını dar ağacında, həbsxanada və ya qəbirdə görmək istəyən toplum təsəvvürünü yaradır, əsl Bəni-İsrail kimi, necə ki, onlar Hz. İsanı (ə) çarmıxda görmək istədi...

Keçirik mövzunun əsas məsələsinə, Vətəndaş və İnkişaf Рartiyasının həbs olunmuş sədri Əli Əliyevə. Niyə Əli Əliyevə həsr edilmiş məqalə “Əli Əliyev və ya tənha qalmış sərkərdə” adlandırılmalı idi? Bilirik ki, Əli Əliyevin həbs motivi onun Qaraheybət poliqonunda baş vermiş helikopter qəzası ilə əlaqədardır. Səbəb isə onun həmin qəzadan sağ çıxmış zabitlərin dediklərinə inanamamasıdır. Çox qəribə bir dünyada yaşayırıq, deyilmi? Bizim ölkədə bizi spermatazoiddən yaratmış Allaha inanmamaq cinayət deyilsə hər hansı bir zabitin sözünə inanmamaq hay-hay cinayət ola bilməz! Yəni ictimai-siyasi fəalın, bir partiya sədrinin inanmamaq hüququ yoxdur? Yoxsa olmaya bir azdan bizi yuxularımıza görə də həbs etməyi düşünürlər? Allah “Yuxu” filminin rejissoru Fikrət Əliyevə qəni-qəni rəhmət eləsin!. Komediya filmindəki kimi ölkəmiz var, necə də gözəl təsvir edibmiş...

Əli Əliyevin şərlənərək həbs edildiyini bildik, bəs cəmiyyət olaraq onun müdafiəsini necə təşkil edirik? Məncə çox zəif! Əks halda hakimiyyət bir daha cürət edərək növbəti dəfə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə yeni bir cinayət işi başlatmazdı. Müdafiə çox zəifdir, gəlin etiraf edək!

Həbs olunmuş bir partiya sədrinin müdafiəsini kim təşkil etməlidir? Eyni meydanda mübarizə aparan digər partiya sədrləri, hüquq müdafiəçiləri, elə həmin partiyanın üzvləri, Əli Əliyev kanallarda çıxış edərkən şərhlərə “əhsən” yazan, “ürək” atan izləyicilər, onun müsahibə verdiyi media mənsubları və s. Yəni siz həqiqətən də düşünürsüz ki, Əli Əliyev qladiatordur, tək döyüşməlidir və siz də pop-korn yeyərək ona tamaşa etməlisiniz? Yoxsa düşünürsüz ki, Əli Əliyev “yeddi başlı əjdaha” ilə təkbətək döyüşərək qalib gəlməlidir? Yəni biz hələ də dərk etməmişik ki, belə şeylər yalnız “qızıl saçlı Prıslay” adlı Rumın xalq nağıllarının qəhrəmanına aiddir, biz hələ bunun yalnız nağıllarda mümkün olduğunu dərk edəcək qədər böyüməmişik?

Son dəfə 20 May tarixində Əli Əliyevin növbəti məhkəmə iclasında iştirak etdim və gördüyüm mənzərə məni çox məyus etdi. Heç bir partiya sədri orada iştirak etmirdi, VİP-ndan çox az insan orada iştirak edirdi.Belə ki, Elçin Rəhimzadə (Bumeranq Media), Əvəz Zeynallı (Xural), Rəhim Qazıyev, Hacı Ramin Buzovnalı (KİM TV), mən və Elçin Qarayevi (Bakı Birlik Təşkilatı), Hacı Nasir Əliyev və Nasir Əliyevi (hər ikisi İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi) nəzərə almasaq, orada əlavə 20 nəfərə yaxın insan var idi. Təbii bir sual yaranır: Niyə VİP və cəmiyyət olaraq öz sərkərdəmizi və ziyalımızı müdafiə etmirik? Səbəb nədir? Görəsən, səbəb məhkəmədə iştirak edən insanlara qarşı polis zorakığılıdırmı? Yoxsa səbəb hakimiyyətə etimadsızlıqdırmı? Yoxsa səbəb siyasi sifariş qarşısında boynumuzun qıldan incə olmasını qəbul etməyimizdirmi?

Axı biz Əli Əliyevin hər məhkəməsində (VİP üzvü olmayan) Elçin Rəhimzadəni və Elçin Qarayevi görürük. Elə isə onlar VİP üzvləri və digər insanlar üçün nümunə kimi kifayət etməzmi?

Səbəbləri müxtəlif ola bilər, razıyam, amma bir şey dəqiqdir ki, hakimiyyət məhz elə bu mənzərəni görmək istəyir və elə bu mənzərədən də xoş hal olur. İndi isə növbəti sual: “Əli Əliyevi yetərincə müdafiə etməməklə biz kimin maraqlarına xidmət edirik, özümüzün, yoxsa istibdad hakimiyyətinin?”.

Abid QAFAROV

“Bakı Birlik Təşkilatı”nın sədri

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR