ƏLƏFSƏR ŞƏKİLİ FENOMENİ - Əhsən Rəhmanlı yazır

2022-05-06 11:43:00

ƏLƏFSƏR ŞƏKİLİ FENOMENİ - Əhsən Rəhmanlı yazır

Bir zamanlar ifası ilə halal məşhurluq qazanan, zurnasının səsilə el-el, oba-oba gəzərək xalqın toy-büsatını rövnəqləndirən, öz qrupu ilə ölkəmizdə, keçmiş SSRİ məkanında, xarici dövlətlərdə milli musiqi nümunələrimizi, “Cəngi”ləri, “Yallı”ları, “Koroğlu”ları möhtəşəm qaydada təqdim edən Ələfsər Şəkilinin adı tarixdə yaşayır. O, bütün həyatını zurna ifaçılığının daha da inkişafına, zənginləşməsinə, musiqi mədəniyyətinin daha da çiçəklənməsinə həsr edərək doğma xalqına misilsiz xidmət göstərmişdir. Onun dəstəsi çox populyar olaraq daim öz yüksək səviyyəsində çıxış etmişdir.

Bu dəstənin üzvləri solist zurna ifaçısı Ələfsər, dəmkeş zurnaçı və balabançı   Ləşgi Əmrah, kos nağaraçalan (comaqla çalınır) Adışirin İsrafilov, kiçik nağara ifaçısı (çomaq-çubuqla çalınan bala nağara) Yaqub Məmmədrəhimovdan ibarət idi. Dörd nəfərlik dəstənin bütün repertuarı unikal sənət nümunələrinə çevrilirdi. Qrup yalnız Şəkidə deyil, ərtaf rayonların da toy-büsatına, bədii-kütləvi tədbirlərinə şirinlik qatır, yaraşıq, bər-bəzək verir, möhtəşəmlik gətirirdi. Ələfsərin qrupunun ifası milli radionun qızıl fonduna daxil edilərək səslənir, AzTV-də yayımlanır və dövlət konsertlərində xüsusi mahiyyət daşıyırdı.

Bütün dövrlərdə, həmçinin XX əsrin II yarısında Azərbaycanda, sənət aləmində tanınan zurna ifaçılarının sayı çox olub. Lakin onların heç biri Ələfsər kimi yüksək peşəkarlığa gəlib çıxmayıb. Ələfsər unikal sənət sahibi olaraq daim akademik ifa göstərib. Onun çalğısında yüksək peşəkarlıq, zəngin duyğu, hisslər harmoniyası, güclü musiqili ürək, ifaçılıq texnikası, təmiz, dəqiq barmaqlar, aydın cümlələr, dərhal təsir gücünü göstərən, diqqəti cəlb edən parlaq ustalıq olub. Onun ifasındakı cəngavərlik hissi tərənnüm edən melodiyalar-“Cəngi”,”Yallı”, Koroğlu”, “Qaytağı” nə qədər möhtəşəmdirsə, muğamlara münasibəti, bu janrın zurnanın ifa imkanlarına uyğun gələn nümunələrini çalmağı da bir elə emosional təsir gücünə və bədii formaya malikdir. Ələfsərin sənətində yüksək ovqat, bədii düşüncə tərzi, orijinallıq, milli hisslərə, xalq musiqisi harmoniyasına, ənənələrə malik bütün çalarlar üst qatdadır. Bir sənət adamı olaraq o, Azərbaycan zurna ifaçılığı sənətinin ən parlaq, nadir nümayəndəsi, ustası, ustadı, zirvəsi və günəşi sayıla bilər. Diotenik bir nəfəs alətində bütün rəqs melodiyalarını, aşıq havaçatlarını, muğamları tam peşəkar səviyyədə, mükəmməl olaraq unikal formada təqdim etmək yüksək peşəkarlığın nəticəsi və təntənəsidir. Yalnız Şəki və onun ətraf rayomlarında deyil, bütünlükdə Azərbaycan zurna ifaçılığı üçün Ələfsər bir nümunə və məktəb olub. Şəkidə onun ifa məktəbinin xüsusi təsiri görünüb və bu gün də bu yönüm davam edir. Bu fikri əbəs deyil, mövcud fakta söykənərək bildiririk. Şəkidə bu ustadın sənət yolunu, ifa üslubunu davam edərək fəaliyyət göstərənlər var. Bu sırada Həsrət Musayev, Rövşən Kərimov, Məcnun Əliyev, Baxışəli Abdurahmanov, İlham İbrahimxəlilov və onun adını daşıyan nəvəsi, təhsilli nəfəs alətləri ifaçısı Ələfsərin adını dərin hörmətlə çəkirik. Ələfsərin sağlığında Şirvan bölgəsindən Abbas və Salyanda Həsənağa Sadıqov kimi mahir zurnaçalanlarmız olub. Onların da hər biri saf, təmiz, peşəkar, unikal ifa və akademik çalğı göstəriblər. XXI əsrdə Azərbaycanda yetişən zurna ifaçıları var ki, bu alətin ifa səviyyəsini yüksəldənlərin sırasındadırlar. Onların arasında Şirzad Fətəliyev, Coşqun Sadıqov, Rəhman Rasimoğlu, Fəqan Rasimoğlu və başqalarının adları qeyd oluna bilər.

Bu əsrdə Azərbaycanda fəaliyyət göstərən bütün milli nəfəs alətləri və klarnet ifaçılarının telefonlarına Ələfsərin külliyyatı yüklənərək dinlənilir.

Şəki tarixən daim istedadlı insanların yurdu, vətəni olub. Belə yüksək səviyyəli sənətkarlardan biri də Ələfsər idi..

Ələfsər (Əli Əfsər) Məmmədrəhim oğlu Rəhimov 1930-cu il mayın 5-də Şəki şəhərində dünyaya göz açıb. Az yaşlardan istedadı, musiqiyə olan həvəsi özünü biruzə vermiş və o, balaban çalmağı öyrənmişdir. İlk anlar öyrəndiyi xalq oyun havaları olmuşdur. Şəkidə yaşayan tanınan sənətkarlardan Həbibullah Cəfərov və Qacay Mustafayev Ələfsərin bacarığını görüb onu zurna çalmağa həvəsləndiriblər. Ələfsər ağlı kəsəndən Şəkidə bu iki zurnaçalanın ifasını eşidib. Usta Qaçay Şəkinin Aşağı Güngüt kəndundə yaşayırdı. Ələfsər kiçik yaşlarda harada zurna səsi eşidirdisə ora yollanırdı. O, 1940-cı illərdə Şəki Pionerlər Evindəki zurna dərnəyinin məşğələlərində də iştirak edirdi.

Ələfsərin uşaqlıq xatirələrindən: “Həbibullah dayı yaxşı zurançalan olmaqla bərabər, toy məclisini dərhal ələ almağı, yaxşı idarə etməyi də bacarırdı. Bir də görürdün toyxananın ortasında çox oynayana qoşulur, məzəli hərəkətlər, mimikalar edir, maraq oyadırdı. Bu zaman həmin adam ustaya “sağ ol” deyərək gedib sakitcə yerində əyləşirdi, başa düşürdü ki əndazəni keçmək olmaz, məcilisə hörmət etmək lazımdır. Ustanın maraqlı hərəkətlərinə hamı heyran olurdu. Həbibullah dayı bizim qohum-qardaşın çoxunun toyunda çalıb. Mən də toylarda həmişə diqqətlə onu dinləyib öyrənmişəm. O vaxtlar toylarda “Səhər” muğamı çalınardı. Həbibullah dayı bu muğamı ustalıqla ifa edirdi. Mən çox istəyirdim ki, həmin muğamı onun kimi çalım.

“Səhər” muğamı səhər çağı çalınar, el-obaya səs salardı. Səhər tezdən, saat 6.00-dan çalınardı, toyun başlandığını bildirərdi. Sonralar, bizim sənət işlətdiyimiz zamanda  “Səhər” muğamından istifadə edilsə də, daha elə tezdən çalınmırdı (ustad “Səhər” muğamı dedikdə “Mürğü-səhər”i nəzərdə tuturdu, S.T.)”.   

Az sonra musiqini daha çox anlamağa başlayan Ə.Rəhimov qrammafon vallarına üz tutub. O, klassik xanəndələr-Ələsgər Abdullayev, Cabbar Qaryağdıoğlu, Seyid Şuşunski və Zülfü Adıgözəlovun ifalarını dinləyərək muğamları öyrənib. Ələfsər 1946-cı ildə Bakıda keçirilən Respublika Olimpiadasının son turundakı çıxışında  münsiflər heyətini tam qane edərək yüksək yer tutmuş və o andan etibarən tanınmışdır. Onu Şəkidə keçirlən bütün konsertlərə, bədii-kütləvi tədbirlərə çəlb edirdilər.

Ə.Rəhimov 1956, 1957, 1962-ci illərdə keçirilən Respublika Gənclər Festivalında yüksək göstəricilərlə çıxış edərək hər dəfə birincilik qazanmış, diplom və medallarla təltif edilmişdir. Hələ o, 1955-ci ildə Bakıda keçirilən özfəaliyyət olimpiadasında da uğurlu çıxışı ilə secilərək diqqət cəlb etmişdi.

Həmin ilin mart ayında bəstəkarlar-Səid Rüstəmov, Soltan Hacıbəyov və rəqs ustası, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri Əlibaba Abdullayev Şəkiyə səfər etmişdi. Məqsəd Şəkinin folklor nümunələrini arayıb toplamaq idi. Qonaqlar rayonda ikən Şəki rəqs ansamblının ifasında “Şəki toyu”nun yenidən bərpa edilməsinə köməklik etmişdilər. Həmin zaman onlar gənc Ələfsərin ifasında filklor musiqisi nümunələrini dinlərkən öz heyranlıqlarını gizlətməmiş və xüsusi dəyər vermişdilər.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyün iştirakçıları arasında Ə.Rəhimov da var idi. Əlibaba Abdullayevin quruluş verdiyi “Şəki toyu"nu Ə.Rəhimov zurnaçılar dəstəsi ilə müşayiət edirdi.   

Ələfsər Rəhimovun repertuarı daim geniş, əhatəli və zəngin olmuşdur. Onun zurna ifasında xalq və aşıq havaları, folklor musiqisi, “Segah”, “Çahargah”, “Bayatı-kürd”, “Şur” muğamları, “Koroğlu”, “Pəhlavani”, “Misri”, “Cəngi”, “Yallı” (bunlar arasında “Şəki yallısı”) tam mükəmməl görkəm alaraq səslənmişdir (Bax. S.Təhmirazqızı “Şəki ifaçılıq sənəti”, B.; Nərgiz, 2016, s. 112).

 Zurna onun ifasında dinləyənə möcüzəli gəlir, möhtəşəm səslənir, adamın əhvalını yüksəldir və qanını coşdururdu.  

Ələvsər Rəhimov musiqi cəmiyyətində və bütünlükdə xalq arasında Şəkili təxəllüsü ilə tanınmışdır. Şəki camaatı daim onun sənəti, ad-sanı və yaradıcılığı ilə fəxr ediblər. Dünyasını dəyişsə də o, el-obanın xatirələrində, fikir-düşüncəsində, dillərdə yaşayır və həmyerlilərinin fəxr məqamında anılır.

Azərbaycanın görkəmli musiqi, ədəbiyyat və incəsənət xadimləri Ələfsərin sənətinə vurğunluqlarını bildiriblər, dəyərləndirərək xoş sözlər söyləyib və mətbuatda yazılarla çıxış ediblər. Ona şeirlər həsr edilib. Xalq şairləri-Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Məmməd Aslan, Aşıq Şəmşir və el şairləri şeirlə Ələfsərin sənətini vəsf ediblər. Təbii ki, bunlar əbəs deyil. Axı onun böyük musiqili ürəyindən güc alaraq qidalanan, sinəsindən saf çeşmə kimi axıb gələn,  bağrında qopub cilalanan əzəmətli havalar ən möhtəşəm nəğmələrə çevrilərək təbli, ilhamlı şairləri vəcdə gətirərək onları yazmağa sövq edirdi.

 Ə.Şəkilinin əlində zurna geniş imkanlı alətə çevrilərək səslənir, əslində dinləyici, tamaşaçı ilə danışır, sanki əsrlərin sədasını çatdırır və onları sirlər aləminə aparırdı. Bap-balaca boyu olan, oktava və ifa imkanı elə də geniş olmayan zurnanı necə səsləndirmək, müdrikcəsinə dilləndirmək olarmış İlahi! Əslində zurna Ələfsərin ifasında oxuyurdu. O, muğam çalarkən böyük ustalıqla xanəndə boğazlarını işlədir, cəh-cəhlə zəngulə vurur, şirinliklər, bər-bəzəkli xallar işlədirdi. Onun “Segah”ndakı qəm-kədərdə iniltili notlar da özünü biruzə verirdi.  O, ilk sənət qədəmindən zurnaya aid ştrixləri, incəlikləri, sirləri yaxşı öyrənmiş, onun dilini tapmış və sədaqətli dostluğa başlamışdı. Ələfsər Şəkili zurnanın zillərində dil vurur, bunun vasitəsilə muğam xalları yaradır və xanəndə zəngulələrinə nail olurdu. Bu ifaçılıq tərzi sənətkar tapıntısı kimi onun özünə məxsus olaraq, “Segah-zabul”ında, “Zəmin-xarə”sində, “Mahur”unda, Bayatı-kürd”ündə və “Çahargah”ında da da möhtəşəm və təsirli görkəm alırdı.

Onu yalnız Şəki toylarında deyil, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ və İsmayllının say-seçmə məclislərində görmək arzusu ilə yaşayanlar çox idi, dəvət edir, dərin zövq alır və belə ünlü sənətkarı öz şənliklərində görməkdən dərin qürur və fəxarət hissi keçirirdilər. Lakin onun əsas məclislər dairəsi Şəki və onun kəndləri idi. Ələfsərin sənətini bu bölgədə çox sevir və özünə, şəxsiyyətinə dərin rəğbət bəsləyirdilər. Bəli, o, xalqın bağrından qopan sənətkar olaraq, elin məhəbbətini qazanmışdı. 1970-1980-ci illərdə Avropa çalğı alətlərinin musiqi dünyamıza, mahnımıza, rəqs havalarımıza, muğamımıza qovuşduğu bir dövrdə,  çox uzaq keçmişimizdən xəbər verən, qədimlikdən gələn, folklor aləti olan 7 dəlikli zurna ilə haray çəkib, çalğıda, sənətdə, meydanda olmaq heç kəsə asan gəlməsin. Ə.Rəhimov bunu bacardı, müxtəlif çalğı alətləri, bunların arasında geniş oktavalı, ifa və texniki imkanlara malik elektrogitara ilə bir sırada eyni toy mağarda çalıb-çağırmaq bacarığına sahib usta Ələfsər zəngin bir aləm idi. O, zurnada hər ifaçının ala bilmədiyi “səfil” pərdəsini sərbəstliklə səsləndirirdi.

Musiqiçilər bilirlər ki, ta qədimdən zurnanın səs imkanları üçün alətin üzərində yeddi dəlik olub. Elə bu səbəbdən də yarımtonlardan istifadə edilməyib, alətin səs imkanlarına uyğun xalq havaları səslənib və muğamların mükəmməl ifası daim çətinlik törədib. Ələfsər zurnada səkkizinçi dəlik açıb daha bir səs əlavə edərək muğamların ifası üçün müəyyən imkan yaradıb. O, zurnada “Qatar” muğamını böyük ustalıqla çalırdı. Sanki sözsüz, mətnsiz muğam ifa edir və elə bil ki, oxuyurdu.

Ə.Rəhimov 1963-1967-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində təhsil alaraq nəzəri savadını, ümumi biliyini və ifaçılıq səviyyəsini daha da zənginləşdirib. O, həmin məktəbin klarnet sinfini bitirib. Ə.Rəhimov 1962-1977-ci illərdə Şəki Mədəniyyət Evinin bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.

Şəki Rayon Mədəniyyət Şöbəsi Ə.Rəhimov sənətinin tədris olunaraq geniş yayılması və ardıcıllarının yetişməsini əsas tutaraq 1971-ci ildə 2 saylı uşaq musiqi məktəbində nəfəs alətləri sinfi acır. Ə.Rəhimov müəllim dəvət olunur. O, burada klarnet ixtisası üzrə dərs deyir. Onun yetirnələrindən biri İlqar Məmmədovun xatirələrindən: “Mən 1973-1977-ci illərdə musiqi məktəbində Ələfsər müəllimin sinfində oxuyaraq klarnet ixtisasından dərs almışam. O, not əsərlərindən əlavə bizə bir sıra xalq havaları və muğam parçalarını da öyrədirdi. Dərs zamanı təbi gələndə klarnetdə muğamları elə gözəl ifa edirdi ki... Bir dəfə əhvalının yüksək vaxtında klarneti götürüb dəhlizə çıxdı və “Segah” çalmağa başladı. İfa neçə təsirli idisə, bütün siniflərdən müəllim və şagirdlər dəhlizə axışdılar. Muğam bitəndə gur alqışlar qopdu. Ələfsər müəllim gülümsünərək, başını tərpədib, sağ əlini sınəsinə qoyub razılıq bildirərək sinfimizə qayıtdı”.

Bu nəhəng sənətkar 1968-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz qrupu ilə möhtəşəm proqramla çıxış edərək paytaxt tamaşaçılarını sehirləyib. Ə.Rəhimov 1967-ci ildə Ümumittifaq, 1977-ci ildə Zəhmətkeşlərin Birinci Yaradıcılıq Festivallarının laureatı, Bakıda keçirilən festivalalr və baxış-müsabiqələrin iştirakçısı olub. Bütün fəaliyyəti ərzində o, medallar, fəxri fərmanlarla təltif olunub.  

1974-çü ildə Azərbaycan Teleradiosunun muğam verilişləri şöbəsinin baş redaktoru vəzifəsində işləyən əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Ələfsər Rəhimovu radioya dəvət etmiş, onun ifasında qızıl fonda xalq mahnı və oyun havalarının, muğamların yazılmasına nail olmuşdur. Ə.Şəkili 1983-cü ilin noyabrında Fransada keçirilən festivalda SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı Teatrının tərkibində çıxış edərək xüsusi maraq oyatmışdır. R.Behbudov ora müğənnilərdən Mübariz Tağıyev, Səkinə İsmayılova, tarzən Ramiz Quliyev və başqa ünlu sənətkarları da aparmşdı. Dünyanın bir sıra ölkələrindən gələn musiqiçilər Ə.Rəhimovun ifasında “Heratı” və “Qarabağ şikəstəsi” zərbli muğamlarını dinlərkən heyrətlərini gizlətmir və səmimi fikirlərini dilə gətirirdilər. Həmin səfərdə onun özünün rəhbəri olduğu qrup milli Mahnı Teatrının rəqs quruluşlarını müşayiət edir və Rafiq Babayevin instrumental ansamblının tərkibində milli musiqi nümunələrini solo olaraq çalırdılar. 

R.Behbudov səfərlərə kimləri aparmağı çox doğru təyin edir və xarici ölkə tamaşaçılarını nə ilə herətləndirməyin mümkün olduğunu həssaslıqla bilirdi. O, səfərlərə xanəndə Baba Mahmudoğlu, kamança ifaçıları Habil Əliyev, Şəfiqə Eyvazova, nəfəs alətləri ifaçısı Ələkbər Əsgərov və nağaraçalan Zöhrab Məmmədovu da aparırdı.

Ə.Rəhimov R.Behbudovun rəhbəri olduğu kollektivin tərkibində Belçikada da səfərdə olmuşdur. Ustad Rəşid bəy səfərlərdə konsertin ən qızğın və kulminasiya nöqtəsinə doğru məqamda Ə.Rəhimova meydan verir, zurnanın çılğın, coşqun, sirayətedici möhtəşəm səsi ilə tamaşaçıları ovsunlayırdı. Belçikadan qayıtdıqdan sonra R.Behbudov ona Mahnı Teatrında işləməyi təklif etmişdi. Bundan başqa Maestro Niyazi də təklif etmişdi ki, Ələfsər onun rəhbərlik etdiyi Dövlət Simfonik orkestrində işləsin. Ə.Rəhimov Şəkiyə, öz el-obasına, onun gözəl, füsunkar təbiətinə, sadə, səmimi, zarafatçıl, mehriban insanlarına bağlı olduğu üçün təklifləri qəbul etməmişdi.

Ə.Şəkili Azərbaycanda tanınan el sənətkarları, zurna ifaçıları-Həsrət Hüseynov, İzzətalı Zülfüqarov, Manaf Məmmədov və Nurağa Rəhimovla birlikdə dəfələrlə konsertlərdə olmuşdur (Bax. S.Təhmirazqızı “Şəkidə ifaçılıq sənəti”, B.; Nərgiz, 2016, s. 113).

Tanınmış memar, “İfan” şirkətinin rəhbəri, mahir qarmon ifaçısı, araşdırmaçı, musiqiçünas İlqar Kərimov: “Ağlım kəsəndən Şəkili Ələfsərin toy-büsatda ifasını eşitmiş, xalq arasında böyük nüfuz və məhəbbətə malik olduğunu müşahidə etmişəm. Dəfələrlə Şəki şəhərində onu öz dəstəsiylə məclisləri idarə edən görmüşəm. Həmin mclislərdə o, klarnet ifa edirdi. Dəstənin tarzəni Nüsrət Mikayılov və Şəki xanəndələrindən kimsə  olardı. 1977-ci ildə o, məni öz heyətinin tərkibində Şəkinin Kiş kəndinə toylara aparıb. Həmin kəndin demək olar ki, bütün toyları usta Ələfsərin iştirakıyla keçirilərdi. El-oba ona böyük məhəbbət bəsləyirdi”.

Qeyd etməliyik ki, Ə.Şəkili klarnet və qoboy alətlərini də layiqincə ifa edirdi. Nəfəs alətləri onun ifadə vasitəsi, fikir və düşüncələrinin, duyğularının, zəngin, dərin və coşqun hisslərinin tərənnüm dayağı idi. O, zurnanın ifa qaydalarına aid bütün gizlinləri, sirləri tapıb özü üçün agah edərək insanlarla danışır və sənəti onlarla doğmalaşdırırdı. Ələfsər özü özlüyündə özü boyda bir sənət dünyası və əsl fenomen idi. Azərbaycan zurna ifaçılığı sənətində Ələfsər Şəkili fenomeni var. 

Ə.Rəhimovun filmlərimizdə dərin izi və çox gözəl ifaları qalıb. O, öz zurnaçılar dəstəsi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı “Yenilməz batalyon”, “Dəli Kür”, “Yeddi oğul istərəm” filmlərinə çəkilmişdir.

Ələfsər Rəhimov 1984-cü il noyabrın 30-da dünyasını dəyişmişdir.       

Şəki Mədəniyyət Evində Ələfsər Rəhimov adına zurnaçalanlar ansamblı fəaliyyət göstərir.

Əhsən Rəhmanlı

Sənətşünaslq üzrə fəlsəfə doktoru

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya