Saat:18:45
Haqqımızda

ƏLƏDDİNİN SEHRLİ SƏSİ - Əhsən Rəhmanlı yazır

2023-03-04 10:43:00

ƏLƏDDİNİN SEHRLİ SƏSİ - Əhsən Rəhmanlı yazır

Qələm sahiblərinin, tədqiqatçıların, elə mənim də yazılarımda Şəki torpağının böyük istedadlar yurdu olduğunu haqlı olaraq qeyd olunur. Bu yazılarda Şəkidən yetişən böyük sənətkarların işinin sevə-sevə vəsvi var. Şəkidə musiqimizin bütün istiqamətlərinin, həmçinin xanəndəlik sənətinin yüksək səviyyədə olması da faktdır. Belə xanəndələrdən biri, yoxluğu ürəkləri dağlayan Ələddin haqqında neçə yazmayasan axı. Çox böyük istedad sahibi olaraq o, doğrudan da geniş, əhatəli və maraqlı yaradıcılıq yolu keçib. Sənətkar kimi o, Şəkinin fəxri olmaqla bərabər Azərbaycanın ən sevimli xanəndələrindən biri idi..

Ələddin Ziyəddin oğlu Rəsulov 1954-cü il dekabrın 8-də Şəkinin Baş Zəyzid kəndində sadə, halal, zəhmətkeş və həm də nümunəvi ailədə anadan olub. Ziyəddin kişinin ailəsində səkkiz övlad; beş oğlan, üç qız dünyaya gəlib böyüyüb. Ələddin birinci övlad idi. Ziyəddin Rəsulov (1926-2001) Zəyziddə çəltik əkini və kömürçülüklə məşğul olub. Onun ömür-gün yoldaşı Qələm Nəsir qızı (1934-1997) evdar qadın olaraq əsl Azərbaycan xanımı, zəhmətkeş qadın, cəfakeş ana olaraq övladları dərin məhəbbət və xüsusi qayğıyla böyüdüb.

Ələddin adı bizin yaşıdlarımızın çoxuna doğmadır. Səbəbi odur ki, uşaqlıq çağlarmızda bizə “Ələddinin sehrli çırağı” nağılını danışıblar. Məktəbin aşağı siniflərində bu nağılı kitablardan oxumuş və bizdə Ələddin obrazına dərin rəğbət yaranmışdır.

Məqaləmizin qəhrəmanı Ələddin Ziyəddin oğlu təbiət qoynunda boy atdı, qaçdı-yürüdü, kənd uşaqlarına aid oyunları oynadı, bərkidi, ucaldı. İstedadı hələ heç kəsə bəlli olmasa da, qanında dövr edir, can-cizmində bəslənirdi. Zamanında püskürəcək, boy verib ucalacaq və bunu hamı görüb, eşidib, biləcəkdi.

Biz Ələddinin də həyat və sənət yolunu nağıla çevirərək ad versəydik, “Ələddinin sehirli səsi” adlanardı. Elə əslində onun səsinin sehri, həm də bu səsin çırağı, işığı var idi. Kənd-kəsəkdə, çöl-çəməndə, dağ ətəyində, yaşıllıq qoynunda onun səsi gələndə, oxuyanda eşidənlərə qəribə və sehrli gəlirdi. Bu sehrli səs bütün ömrü boyu onu izlədi, müşayiət etdi, ucaltdı, məşhurlaşdırdı və hər yerdə sevdirdi. Sonralar Ələddinin səsinin işığına tərəf gələnlər çox oldu. Onun səs çırağınn ətrafına toplananlar insanlığa zövq, rəhatlıq, xoşbəxlik bəxş edən sənət dinləyirdilər. Bu çıraq-səs dinləyici və tamaşaçıların qəlbini nurladırırdı.

Ələddin 1961-ci ildən Baş Zəyzid kənd ümumtəhsil məktəbində oxuyub. 1970-1972-ci illərdə Bakı şəhər 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil alıb. Ələddin evdəkilərdən xəbərsiz Bakıya gəlib imtahanlardan yüksək qiymətlər alaraq həmin məktəbə daxil olmuşdu. O, yoldaşlarına qoşularaq kənddən çıxarkən traktorun arxasındakı qoşquya (laped) minib rayon mərkəzinə gələrək oradan avtobusla ölkə mərkəzinə yol almış və öz arzusunu göyərtmişdi. Qəbul kağızı ilə kəndə gəlib ata-anasını, bütün doğmaları və müəllimlərini ürəkdən sevindirmişdi.

Qeyd etməliyik ki, Ələddin 6-cı sinifdən Bakı təhsilinə gələnə qədər kənddəki qarmonçalan Məmməd dayı ilə xırda yığıncaqlarda, məclislərdə çalıb çağırıb. Artıq el-obada, kənd-kəsəkdə onun səsi eşidilir, bəyənilir və dəyərləndirilirdi. Deyəsən burada gələcəyin böyük müğənnisi yetişirdi axı...

Ə.Rəsulov 1972-ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin səs-muğam sinfinə imtahan verir, lakin müsabiqədən keçmir. O, 1972-1977-ci illərdə ustad xanəndə Hacıbaba Hüseynovun sinfində dinləyici kimi iştirak edərək muğamları öyrənir. Burada səsi formalaşır, Azərbaycan muğamlarının sirlərinə yiyələnir və qədim mahnıları, təsnifləri öyrənir. Hacıbaba müəllim Ələddinin səsini bəyənir, götürmə qabiliyyətini, tələffüz və diksiya qaydalarını dəyərləndirir. Beləliklə, Ələddin ustad yanında əsl xanəndə kimi yetişir. O, Azərbaycan Dövlət Filarmoniyasına işə girir. Ələddin 1977-ci ilə qədər Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərir. Filarmoniyanın, digər mədəniyyət müəssisələrinin, əyalətlərin səhnəsində verilən konsertlərdə çıxış edir. Burada çalışdığı illərdə məşhur rəqs mütəxəssisləri, xalq artistləri-Əlibaba Abdullayev, Roza Cəlilova, əməkdar artistlər-Kamil Dadaşov, Aliyə Ramazanova, xor kollektivinin rəhbəri Hacıbaba Əliyev və başqaları ilə sıx əlaqədə, konsertlərdə olur, sənəti, səmimiyyəti və mədəni davranışı ilə özünü sevdirərək rəğbət qazanır. Ələddinin ansamblda çalışdığı illərdə bu kollektivin rəqs rəhbərləri, baletmeysterləri, əməkdar artistlər-Nailə Mahmudova və Qorxmaz Qurbanov idi.

Həmin zaman o, Ü.Hacıbəylinin “Sənsiz” romansını oxuyaraq radio fonduna yazdırır. Bu ifa indi də orada mövcuddur. O, dahi bəstəkarın həmin və “Sevgili canan” romanslarını öz repertuarına daxil edərək bütün ömrü böyu sevə-sevə oxuyub. O, Bakıda yaşayıb çalışdığı illərdə bəstəkarlardan Tofiq Quliyev və Nəriman Məmmədovla da yaradıcılıq əlaqələrində olub.

Yazı müəllifi və instrumental ifaçı olaraq bildirirəm ki, 1973-cü ilin yayında Mahnı və Rəqs Ansamblının solisti, xanəndə Əvəzxan Xankişiyev filarmoniya bağında musiqiçilərin toplandığı yerdə Ələddini mənə təqdim edərək tanışlıq yaradarkən onun gözəl müğənni olduğunu bildirmişdi. Demişdi ki, Ələddin yalnız toy repertuarını deyil, bütün janrlara aid mahnılar oxuyur. O illərdə dəfələrlə Ələddinlə bağda görüşür, söbətləşirdik. Ələddin işdə olarkən fasilə zamanı, saat 13.00-14.00 arasında bağda görünürdü. Sonralar onu bir daha heç vaxt görmədim. Onun mehribanlığı, o dövrdəki gənc siması, boy-buxunu elə həminki kimi indiyə qədər də yadımda qalaraq gözlərim önündə canlanır

Ə.Rəsulov gənclik və sonrakı çağlarda muğamların, xalq, aşıq və bəstəkar mahnılarının tam peşəkar ifaçısı kimi fəaliyyət göstərərək tanınıb sevilmiş, nəhayət Azərbaycanda və kənarda populyar müğənni olmuşdur. O, konsertlər və toylarda tələb olunan qəzəllər, qoşmalar, bayatılar və nəsihətli mövzular oxumuşdur.

1970-ci illərin birinci yarısında o, Qubada və onun ətrafında ən dəbdə olan xanəndə kimi çalışıb. Orada yaşayıb çalışan virtuoz klarnet ifaçısı Akif Mirzəyev Ələddinlə eyni dəstədə çıxış edib. Həmin dövrdə Quba bölgəsində Ələddin Məmədbağır Bağırzadə səviyyəsində sevilən populyar bir xanəndə olub. O zaman toyların təlabatı və repertuarı tamam başqa idi. Bu repertuar Ələddinin ifasında zəngin səslənirdi.

Ələddinin Şəki həyatına qayıtması atasının təkidi ilə olub. Atası onu doğma el-obasına qaytarıb və evləndirib. Ələddin Rəsulov 1977-ci il iyulun 4-də ailə qurub. Toyu öz kəndində, həyətdə qurulan mağarda keçirilib. Allah-təala ona gözəl-göyçək dörd qız övladı bəxş edib. Qızların hər biri dünyaya gədikcə Ələddinin qazancı, ruzi-bərəkəti artdıqca, artıb. Bəli, axı Uca Rəbbimiz qız uşağının ruzisini daha artıq edir. Peyğəmbər əfəndimiz də öz əsabələrinə qız övladlarını sevməyi, diqqət, qayğı göstərməyi tövsiyə edirdi.

Qızlar ardıcıl dünyaya qədəm qoyduqca Ələddinin sənət dairəsi daha da genişlənir və qazancı durnadan çoxalırdı.

Onun ağıllı-kamallı qızlarının hər biri istedadlıdır. Müğənni kimi çalışan Elnarə Ələddindir. O, 2022-ci ildə Şuşa Musiqi Kollecinin xanəndə sinfini bitirib. Burada xalq artisti Gülyaz Məmmədovadan dərs alıb. Elnarə Gülyaz xanımla tədbirlərdə və televiziya verilişlərində tez-tez çxış edir.

Ə.Rəsulov 1977-1981-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin xanəndə sinfində təhsil alıb. Həmin çağlarda və sonrakı illərdə o, Şəkidə keçirilən bədii-kütləvi tədbirlərin, konsertlərin və toy-büsatın əsas müğənnisi kimi səsini el-obasına ərməğan edib.

Ələddinin sənətində zəngin repertuar, aydın, dəyərli tembr, səs imkanları, düzgün qaydada, təsirli şəkildə işlənən xırdalıqlar, şirin nəfəslər və tutarlı boğaz qaynatmaları əsas şərtlərdən idi. Özünəxas ifaçılıq xüsusiyyətləri olub ki, məhz ona aid idi və onun sənətini yaradırdı. O, yalnız Şəkinin deyil, həm də Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən toylarının əsas müğənnisi idi. İllərlə onu Gəncə, Mingəçevir, Yevlax, Göyçay, Əlibayramlı və Salyan toylarına da dəvət ediblər. Axı onun sənəti, ifaçılıq bacarığı, repertuar zənginliyi hər yerdə keçirdi. Onun öz toy ansamblı var idi. Qrupun tərkibində Vaqif Mustafayev (gitara), Oqtay (klarnet), Faiq (qarmon) və Telman (nağara) çıxış edirdi. Bəzən dəstədə dəyişiklik də olurdu. Ə.Rəsulovla birlikdə elektro-gitara çalanlardan Faiq, Nazim, Sərdar, Mübariz, Akif də toy-büsata rövnəq verib. Toy heyətinin tərkibinə elektro-orqan əlavə edilərkən Ə.Rəsulovun ansamblında ardıcıllıqla Elman, Aydın və Şahin də, zurna ifaçısı Baxışəli də çalışıb. Sonrakı dövrlərdə qardaşı Xaləddin də Ələddinin dəstəsində qöşa-nağara və ionika çalırdı.

Ələddin müxtəlif bölgələrə konsertlərə və toylara bəzən tək də dəvət edilirdi. O, Şəkinin məşhur “Zirvə” vokal-instrumental ansamblında da bir müddət solistlik edərək konsertlərdə oxuyub. Həm də bəzi toylarda ustad sənətkar Ələfsər Şəkili ilə də birlikdə çıxış edib.

Bu məqaləni hazırlamazdan əvvəl Şəki musiqiçilərindən Zair Mustafayev, İlqar Kərimov, Ayaz Məcidov, Tofiq Salmanov və başqaları Ələddinin sənət keyfiyyətləri haqqında mənə danışmışdılar. Hələ illər öncə sevimli dostum, mənim “Əhsən” qrupumun üzvü olmuş, simli alətlər ifaçısı rəhmətlik Azər İbrahimov Ələddin sənətindən ürək dolusu söz açardı. Bu insanların fikirlərindən sonra Ə.Rəsulov barədə özümə yazmaq qərarı verərkən İnternet portalına daxil olaraq Ələddin bəyin orada yayımlanan bütün ifalarını dinlədim. İfalar konsertlərdən, TV verilişlərindən, Azərbaycanda və vətəndən kənarda soydaşlarımızın keçirdiyi toylardan videoya çəkilərək yaymlananlar idi. Bununla da Ələddin haqqında mənə deyilənlər özünü doğrultdu, zatən böyük bir müğənninin sənəti ilə tanış olaraq zövqləndim. O, ürəkli, çılğın, təsirli oxuyur, mətni aydın çatdırır. Sənət ona, o, sənətə yaraşırdı. İfaçılıq sənəti çox şərtləri, həm də xarici görkəmi, gözəlliyi sevir axı...

Şəki musiqiçiləri deyirlər: “Ələddəinin oxuya biləmədiyi heç nə yox idi. O, Şəki folkloruna da bələd idi. Nəyə baş qoşurdusa, onu nümunəvi, tam peşəkar oxuyurdu”.

Haşiyə: ”Şəkinin ustad xanəndəsi olmuş Abdurəşid Məcidovun özünün yaratdığı mahnılar olub. Onun mahnılarından biri “Üç alma” adlanrdı. Ələddin öz albomunda da, toylarda da “Üç alma”nı həvəslə, xüsusi şövqlə oxuyurdu”

Ə.Rəsulovun ifaları toplanan albomu 1995-ci ildə və təkrar olaraq 2004-cü ildə çıxıb. Burada çox maraqlı və gözəl repertuar oxuyub. O, “Qaratel qızım” adlanan albomda bəstəkar Tahir Əkbərin “Qərarsız mən oldum” və “Getdi” mahnılarını da oxuyub. Ələddinin diskləri Azərbaycana və xariçi ölkələrə də yayılaraq onun məşhurluğunu daha da artırmışdı.

Tahir Əkbərlə Ələddin Rəsulovun yaxın dostluğu vardı. Bəstəkar Şəkiyə gəlib Ələddinin qonağı olurdu.

Şəki Dövlət Dram Teatrının binasında Ələddin Rəsulovun 45 illik yubiley tədbirinin keçirilməsi onun doğma el-obasında maraqla qarşılanmışdı. Tədbiri Şəki mədəniyyət şöbəsinin müdiri Vaqif Kərimov təşkil etmişdi. Ətraf rayonlardan da qonaqlar dəvət olunmuşdu. Bakıdan gələn qonaqlar sırasında Nəriman Məmmdov, Tahir Əkbər, Əli Əhmədov (Əli dayı), İlqar Kərimov, mahir rəqqas-baletmeyster Qorxmaz Qurbanov, müğənni Aygün Bəylər və başqaları var idi. Şəkidən şair Vaqif Aslan öz şeirlərindən nümunələr oxumuşdu.

Ələddin xanəndə Məmmədbağır Bağırzadə, Zaur Rzayev, Ağadadaş Ağayev və başqa sənət adamları ilə yaxın münasibətdə idi. Onun evi daim qonaq-qaralı olardı. Təbii ki, qonaqlıqdan sonra sənət mübadiləsi olur və qiymətli fikirlər də söylənirdi. Ələddinin qardaşlarının toyuna Bakıdan dəvət olunan sənətkarlar da gəlmişdi.

Bunu da deməliyik ki, Şəkidən sənət gələn, xalq artisti fəxri adları alan müğənnilərin yetişməsində Ələddin müəlimin də müəyyən qədər rolu olub. Könül Xasıyeva, Gülyanaq və Gülyaz Məmmədova bacıları sənətə ilk kövrək qədəmlərini Ə.Rəsulovun idarə etdiyi konsertlər və toy-büsatda atblar.

Ələddinin bir istedadı da söz sənətçisi olması idi. Onu yalnız Şəkidə deyil, Bakıda və digər yerlərdə meyxana ustası kimi də tanıyırdılar. Hamı bilməlidir ki, meyxana sənətinin şairi olmaq çox çətin işdir. Burada müəyyən vəznlər üzərində bədahətən söz söyləmək lazımdır. Şəkidəki Ələddinin oxuduğu toylara Bakıdan meyxanaçı Ağasəlim Çıldağ, Nizami Rəmzi, Elçin, Məşədi Baba, Ağamirzə, Kərim ayrı-ayrı vaxtlarda dəvət olunurdular. Ələddin belə meyxana ustaları ilə deyişirdi. Bir toyda Ağasəlim Çıldağla Ələddinin maraqlı deyişməsi olub, lentlər bütün Şəkiyə və ətraf yerlərə yayılıb. Digər bir toya Ağasəlimi dəvət edəndə o, deyib: “Ələddin oradadırsa, mənə ehtiyac yoxdur”. Bakı meyxanaçıları bir yerə toplananda Şəkiyə, Ələddinə zəng edərmişlər ki, sən bizə bir qafiyə de, biz burada davam edək. Ələddin telefonla qafiyə göndərərmiş.

Ələddinin qardaşı Xaləddin (1971-2022) də meyxanada bacarığını göstərərdi. Bəzi toylarda iki qardaş deyişərdilər. Onun istedadı da çoxşaxəli olub. Zərb alətləri, elektro-orqan ifa edərdi. O, burun vəsitəsilə tütək səsini imitasiya edə bilirdi. Onun rəssamlıq qabiliyyəti də vardı.

Şəkiyə toylara gələn meyxana şairləri məclisdən sonra Ələddinin evində qonaq olurdular. Onun qohum-qardaş toylarına həmin meyxana şairləri gəlib iştirak edərdilər. Xalq artisti, aktyor Hacıbaba Bağırov da Ələddinlə dostluq edər və Baş Zəyzidə gəlib onun qonağı olardı.

Ələddin meyxananı aşıq sənəti nümunəsi “Şeşəngi” ahəngi, ritmi üzərində söyləyirdi.

Ə.Rəsulov 1992-ci ildə konsert briqadası, xalq şairi Bəxtiyar Vahabzadə və başqa ziyalılarla birlikdə Qarabağda olaraq, döyüşçülərimizin qarsısında verilən konsertlərin müğənnisi olmuşdu. Orada əsgərlərin xahişi ilə meyxanaya da meydan vermişdi. Onun müxtəlif qafiyələri olub. Bir neçəsini qeyd edək:

“Bulud gəldi, yağmadı, doldu getdi,

Payız gəldi meyvəsi soldu getdi”.

Ə.Rəsulovun Şəkiyə aid qafiyəsi də vardı:

“Şəki bizim ürəyimiz, qanımız,

Şəkiyə heyran olmuşuq hamımız”.

Fikrimiz Ə.Rəsulovun istedadının bu yönümünü qabartmaq və onu meyxana şairi kimi göstərmək deyil. Bütün hallarda o, qabiliyyətə, hünərə malik böyük müğənni idi. Elə musiqi tariximizdə onun adı belə qalacaq.

Kiş kəndinin sakini, mühəndis-elektrik Malik Nəsibov: “Şəkinin bütün kəndlərinin toylarına Ələddini çağırardılar. Ona muğamlar, dillər əzbəri olan qəzəllər oxudardılar. “Şəki” mahnısını da oxuyurdu. O, ağır təbiətli, tərbiyəli, çox hörmətli adam idi və həmişə öz səviyyəsini gözləyirdi”.

Bu yazı üçün mən Ələddin bəyin Bakıda yaşayan qızları Elnarə xanım və Aysel xanımdan müsahibə götürərkən, sənətkarın bir neçə ifasını övladları ilə birlikdə dinlədim və bəzi nüansları da təyin etdim. Hər ifası yetərincə dəyərlidir. Onun oxuduğu “Sənsiz” romansında işlətdiyi “melizim”lər bu vokal əsərə necə də yaraşır. Romans onun ifasında əla alınıb, daha təsirli hala gəlib və zənginləşib. O, öz səsi, sənəti, oxuma manerası ilə bir daha Üzeyir bəyin bu əsərinin ölməzliyini təsdiq edərək, romansa can verərək rəsmini çəkib.

Ələddinin istedad tərəflərindən biri də bu idi ki, o, mahnılar da bəstələyirdi. Bəstələdiyi mahnılara söz yaza bilir və ya bayatılardan istifadə edirdi. O, “Vağzalı” və “Cütcü” xalq rəqs havalarına söz qoşaraq toylarda oxuyarmış. Bu ifalar da disklərdə, çəkilişlərdə qorunmaqdadır. Qızlarının telefonu vasitəsilə “Vağzalı”nı dinlədim. O, 30 il əvvəl toyların birində çalınan “Vağzalı”dan təsirlənib bədahətən fikrinə, yaddaşına gələn bayatılardan istifadə edərək bu melodiyanın bağrından qopan çalarlara qataraq oxuyub. Ə.Rəsulov “Vağzalı”nın ovqatına, obrazına uyğun olaraq oradakı təsirli notlar üzərində çox gözəl oxuyub. Elə bu təsirdən çıxış edərək “Vağzalı”nın vokal versiyasını daimi repertuarına daxil edibmiş. Maraqlı tərəf həm də budur ki, bu rəqs melodiyasını Ələddinin qızı Elnarə xanm da studiyada aranjemanla, balaban, tütək və zurna səslənməsi daxil edərək çox gözəl oxuyub.

Ələddinin qızı Aysel xanım: “Evdə heç vaxt atamın məşq edərək oxuduğunu, nəsə öyrəndiyini, hazırlaşdığını görmədik. O, toylarda tələb olunan mahnıları haçan öyrənirdi, bilmirdik. Məktəbdə müəllimlərimiz bizə deyirdilər, yəqin ki, atanız evə oxuyur, siz də eşidib fərəhlənirsiz, qanadlanırsınız. Əslində isə belə deyildi. O, toylara avtomildə gedərkən, ona lazım olanları elə yol boyu öyrənirdi. Axı onun xüsusi yaddaşı vardı”.

Ə.Rəsulov nəvələri ilə nəfəs alırdı. Nəvələrin dördü oğlan, ikisi qızdır. O, nəvələri Jalə və Aysunın hər birinə söz yazıb və mahnı bəstələyib oxuyurdu. Onun sonuncu instrumental ansamblının adı “İlkin” idi. Ansambla nəvəsi İlkinin adını vermişdi.

Ə.Rəsulov 1994-1996-cı illərdə ailəsi ilə Bakıda yaşayıb fəaliyyət göstərib sonra yenə öz yurduna qayıdıb. Davamında onun ömrünü sənət səfərləri bürüyüb. Vətəndən uzaqda yaşayan azərbaycanlılar Ə.Rəsulovu tez-tez Rusiya, Belarus, Ukrayna və Baltikyanı respubikalara milli bayram tədbirləimizə, şənliklərə və toy-büsata dəvət edirdilər.

Bir anlıq düşünürəm ki, Ələddin.Rəsulov Bakıda qalıb müğənni kimi aparıcı mədəniyyət müəssisələrində çalışsaydı, yəqin ki, o da dövlət sənətçisi olar, fəxri adlar və təltiflər alardı. Axı onun qeyri-adi istedadı, sənət rəngarəngliyi, potensialı, müğənnilik qüdrəti buna tam imkan verirdi. Ümid edirəm ki, Ələddin bəyə qismət olmayan daha böyük nailiyyətlər onun çox istedadlı, gələcəyi böyük ümidlər doğuran qızı Elnarə Ələddinin taleyində bərqərar olacaq.

Ələddin Rəsulov 2017-ci ilə qədər bir neçə dəfə ürək infarktı keçirmişdi. Son zamanlar yaddaşsızlıq xəstəliyi də ona əziyyət verirdi. O, 2019-cu il avqustun 3-də dünyasını dəyişib və doğma kəndində torpağa qarışıb.

Onun özü kimi sənəti də, səsi, avazı da səmimi idi. Bu sənət onunla insanlar arasında doğmalıq yaradırdı. Odur ki, indi də hörmətlə xatırlanır.Yaxşı iz, dürüst ad qoyduğu, gözəl sənət sərgilədiyi üçün bu gün də çoxunun yaddaşındadır. Audeo, video çarxlara çəkilən, yazılan səsi, sənəti, sözü-söhbəti Ələddinsevərlərin evindədir. Ruhu şad olsun. Onun haqqında sənədli televiziya filmi çəkilə, kitab da yazıla bilər. Bunu bizə onun sənət haqqı deyir! Mənim isə bir musiqiçi, tədiqiqatçı kimi bacarığım məqalə yazmaqla onu xatırlatmağa və oxucuları bu ünlü sənətkarın yaradıcılığı ilə tanış etməyə çatdı. Bu işdə mənə yardımçı olan, Şəkidən yetişən böyük musiqiçilər İlqarağa Kərimov və Tofiq Salmanova təşəkkür edirəm.

ƏHSƏN RƏHMANLI,

SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR