“Elə xərclər var ki, hökumət onu heç nəzərə almır” - VAHİD MƏHƏRRƏMOV
“Bazar qiymətini nəzərə alsaq, bir insanın minimum qidası üçün bu gün 200 dollar tələb olunur, yəni aylıq 340 manat xərci var. Üstəgəl, kommunal, dərman xərcləri var. Dərmansız Azərbaycan insanları yaşaya bilmir, hamı dərman qəbul edir”.
Bu sözləri Hurriyyet.az-a kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmov 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması ilə bağlı mövqeyini bölüşərkən deyib.
“Bildiyiniz kimi, dərman preparatları da yüksək qiymətədir. Normal ölkələrdə-indi gəlir baxımından Azərbaycanı da o ölkələrlə müqayisə etmək olar, havayı yerdən neftdən böyük məbləğdə gəlir əldə edir-qadındırsa, onun gözəllik salonuna getməsi, kişinin də bərbər xərci nəzərə alınır. Hətta insanların teatra, muzeyə getməsi nəzərə alınır. İnsanlar hərəkət edir, gedişhaqqı artıb, kommunal xərclər, eləcə də dərman preparatlarının qiyməti artıb”,-deyə ekspert əlavə edib.
V. Məhərrəmov qeyd edib ki, Azərbaycan digər ölkələrlə müqayisə olunası deyil: “Azərbaycanda deyirlər ki, səhiyyə pulsuzdur, həkimə gedirsən, baxmayaraq ki, sığorta olunmusan, amma ödəniş etməsən, həkimlər xidmət göstərmirlər. Azərbaycanda elə xərclər var ki, hökumət onu heç nəzərə almır. Əlbəttə, bir çox xərclər nəzərə alınmayıb və 300 manat Azərbaycan şəraitində bir insanın aylıq minimum xərclərini ödəmir. Bu, digər ölkələrdə mümkündür. Məsələ, Azərbaycanla müqayisədə qonşu ölkələrdə istehlak mallarının qiyməti 20-30 faiz aşağıdır. Yəni bunu nəzərə alsaq, Azərbaycan üçün çox aşağı göstəricidir. Yenə deyirəm, Azərbaycanın imkanları daha böyükdür. Baxmayaraq ki, resurs imkanlarından yetərincə istifadə edə bilmir, amma neftdən, qazdan gələn gəlir var, qızıl, gümüş və digər qiymətli metalların ixracı ilə məşğul oluruq”.
“Baxın, bir sıra ölkələrdə nəzərə alırlar ki, təbii sərvətlər bərabər bölünməlidir. Mən bir informasiya eşitdim. Artıq Çin də bununla bağlı bir qərar qəbul edib ki, insanlara təbii sərvətlərdən gələn pullar hesabına müəyyən qədər ödənişlər etsinlər, malı, məhsulu ucuz qiymətə və yaxud da pulsuz paylasınlar. Yəni normal ölkələrdə belədir. Mən o dediyimi Türkmənistan edir. Məsələn, əhaliyə müəyyən qiymət güzəştinə gedir, pulsuz nəsə verir. Elə ölkələr var ki, orada başqa cür bölgü aparılır. Məsələn, Norveçdə insanlar ucuz və yaxud faizsiz kredit resursu əldə edə bilər. Yəni belə kifayət qədər dünya təcrübəsi var. Hesab edirəm ki, azərbaycanlılar üçün nəzərdə tutulan vəsait minimum istehlak üçün kifayət etmir”,-deyə ekspert vurğulayıb.
CAVİD
