ELÇİN BABAYEV, O VƏSAİTLƏRİ DÖVLƏT BÜDCƏSİNƏ QAYTARIN! - İdris Abbasov yazır
.jpg)
Alim vicdanının sönməsi xalqın ümid çırağının sönməsidir!
Dissertant və ya doktorantı qanunsuz ödəməyə təhrik edib dövlətin ayırmalarını mənimsəyənlər ciddi nəzarətə götürülməlidirlər!
Sanmasınlar ki, dövlətin ali rəhbərliyinin başı xarici düşmənlərlə mübarizəyə, sərhəd məsələlərinə qarışıb və büdcəgir, cibgir, vicdansız iç düşmənlər yaddan çıxıblar!
Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi haqqında 2011-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı var.
Qarşılıaşdığım fakt (opponentlik verməsəydilər, bir çox elm və təhsil müəssisələrindəki bu "sirr"i də bilçməyəcəkdim): Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 5 aydır ki, mənimlə yanaşı bir neçə həmkara qanuni ödəməni etmir. Görünür, qanuni tələb universitet rəhbərliyinə qəribə gəlir.
Belə məsələlərdə çox vaxt, təəssüf ki, biganə əksəriyyət özləri də bilmədən "başını qoru" prinsipi ilə dövlət maraqlarını ayaqlar altına atanlarla əlbir olur, öz ciblərindən qanunsuz ödəmələr etməklə həm pis adamlara əl düzəldir, həm də cəmiyyətdə tarazlığı pozurlar. Faciəmiz məhz belə şeylərdən başlayır.
Ödənişi qeyri-qanuni olaraq dissertant və ya doktoranta ödətdirənlər, görəsən, dövlətin təyinatı üzrə ayırdığı pulları nə edirlər?
Bəli, alimizmin milli-mənəvi dəyərləri məhv edən qəbih simalarından biri də budur!
2022-ci ilin dekabr ayında kadr olmadığı üçün əlacsız qalıb mənə də opponentlik verdilər. Əslində, sən demə, dövlətin verdiyindən də əlavə pul, yekəlik, lovğalıq, nüfuz qazandıran opponentlik də akademik inhisardadır. Dəstə şüarı belədir: "Yeyin, dağıdın, inkişafın anasını ağaladın, ziyan vurun, fəqət sirr çıxmasın!"
Axı opponentliyə görə dövlətin milyonları niyə dövlətin, xalqın və sivil cəmiyyətin əleyhinə işləməlidir?!
Elədirsə, o vəsaitlər dərhal qaytarılsın dövlət büdcəsinə və indiyədək ayrılan milyonların hesabı gedilsin!
Formal opponentlik olmasa da, olar. Guya hansı elmi xariqüladələr yatradıblar?! Əksinə, dövlətin öz vəsaiti ilə özünü vururlar.
AAK sədri yüzlərlə işin plagiat, saxta olduğunu etiraf edirsə, elm adı altında milyonlar mənimsənilərək dövlətin elm potensialı məhv edilirsə, nə etməliyik, durub baxmalıyıqmı?!
Allahınız olsun! "Varlığa nə darlıq?!" deyib israfçılığa, bədxərcliyə yol verdiyiniz yetər! Unutmayın ki, siz qanunlara arxa çevirərək aldığınız maaşa qətiyyən adekvat olamyan lüks, təmtəraq və ehtişam içində doyumsuzluq kimi ruhi xəstəliyə tutulduğunuz bir zamanda gün çörəyinə möhtac minlərlə ailələrimiz fəryad edir!
Ödənişlərin məbləği belədir:
1. Elmlər doktoru elmlər doktoruna opponent olduqda - 814 man.
2. Elmlər doktoru fəlsəfə doktoruna opponent olduqda - 407 man.
3. Fəlsəfə doktoru fəlsəfə doktoruna opponent olduqda - 286 man.
Nəzərə alın ki, bir elmlər doktorluğu disseratsiyası üçün 4 nəfər opponent, fəlsəfə doktorluğu üçün isə 3 nəfər opponent təyin olunur!
İndi vurun, çıxın, toplayın, hesablayın, o zaman başınızdan tüstü çıxacaq!
Bəs deyirsiniz, elmdə pul yoxdur, hə?! Elmdə kifayət qədər pul da var, rahat, təhlükəsiz və toxunulmaz mənimsəmələr də.
Adı qalıb özü viran qoyulan elmdə cəzasızlıqdan başqa pis nə desən, var!
İdris ABBASOV
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya