Saat:13:05
Haqqımızda

Elçibəy ölkənin adının Şimali Azərbaycan kimi dəyişdirilməsinə qarşı olub

2022-12-02 10:39:00

Elçibəy ölkənin adının Şimali Azərbaycan kimi dəyişdirilməsinə qarşı olub

Parlamentin son iclasında deputat,  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin ölkəmizin adının Şimali Azərbaycan kimi dəyişdirilməsi təklif geniş müzakirələr yaradıb. “Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları iki böyük imperiya tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Bu addım həm də cənubi azərbaycanlılar üçün stimul olar”, - deyə deputat bildirib.

Elçibəy iqtidarının baş naziri, AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirib ki, 1918-ci ildə Azərbaycan Respublikası elan olunandan sonra bu ada qarşı rəsmən Tehran tərəfindən etiraz ortaya qoyulub: “Hətta Azərbaycan Respublikasının tanınmaq üçün göndərdiyi sənədi qəbul etməyərək cavab vermişdilər ki, biz Azərbaycan adında dövlət tanımırıq. Paris Sülh Konfransında Azərbaycan Respublikasının tanınması ilə bağlı təqdim olunmuş sənədlərdə bu cür təzyiqlərin nəticəsi olaraq Qafqaz Azərbaycanı ifadəsi işlənmişdi. Amma rəsmən Azərbaycan Respublikası olaraq tanındı. 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsindəki "Azərbaycan Respublikası" adı təsbit olunub və istər Qafqaz Azərbaycanı, istər Şimali Azərbaycan adı isə qəbul edilməyib. Amma faktiki olaraq coğrafi mənada Şimali Azərbaycan, Cənubi Azərbaycan ifadələri istər siyasi, istər elmi, bədii ədəbiyyatda işlənib və bir vətəndaşlıq hüququ qazanıb. İndi də Azərbaycan siyasi, tarixi, coğrafi, elmi, bədii leksikonunda bu ifadələr işlənir. Pinsip etibarilə bu ad altında müxtəlif ictimai, siyasi təşkilatlar yaranıb. 1988-ci ildə xalq hərəkatının yeni bir mərhələsi başlananda həmin ilin mitinqlərində də respublikamızın Şimali Azərbaycan adlandırılması təklifləri, çağırışları olurdu. Sonra isə Şimali Azərbaycan adı ilə siyasi partiyaların yaradılması təşəbbüsləri olub. Şimali Azərbaycan Demokratik Partiyası adında partiya da elan edilmişdi. Müstəqilliyimizin bərpasından sonra bu cür təkliflər dəfələrlə səslənib. Lakin Əbülfəz Elçibəyin bu məsələyə münasibətinin müsbət olduğu barədə sualınızda səslənən fikrə gəlincə, mən bunun əksini bilirəm. Əbülfəz Elçibəyin konkret münasibətini ortaya qoyan açıqlamaları var ki, Azərbaycanın Güneyi və Azərbaycanın Quzeyi ifadəsinin işlədilməsini daha doğru sayırdı. Lakin respublikanın adının Şimali Azərbaycan Respublikası adlandırılması fikrini dəstəkləmirdi. Elçibəyin arqumenti belə idi ki, bu cür ifadələr vahid vətən şüurunun bir simvolu olan Azərbaycan adını parçalaya bilər. O baxımdan da dövlətin adının dəyişdirilməsi təkliflərinə müsbət cavab verdiyi barədə deyilənlər həqiqətə uyğun deyil".

Pənah Hüseyn hesab edir ki, 1988-ci ildən başlayaraq günümüzə qədər Azərbaycanın adının Şimali Azərbaycan adlandırılması təşəbbüslərində əsasən xoş niyyətlər var. Burada məqsəd parçalanmış xalq məsələsinə, Güney Azərbaycanın varlığı və azadlığının vacibliyinə diqqəti cəlb eləməkdir: “Mən hesab edirəm ki, vahid vətən şüuru, milli şüur, Azərbaycanın bütövləşməsi zehniyyəti baxımından Azərbaycan adı daha doğrudur. İkincisi isə Azərbaycan Respublikası adı dövlət qurucularımız tərəfindən qəbul edilən sənədlər vasitəsilə tarixə daxil olub, dünyada rəsmi tanınıb və tanınır. Şimali və Cənubi Koreya, Şərqi və Qərbi Almaniya nümunələri ilə müqayisəni isə doğru saymıram. Almaniya indi də o ad ayrımçılığının fəsadlarını yaşayır. Mən məsələnin birləşmə kimi yox, böyümə kimi qoyulmasının tərəfdarıyam. Bu məsələ Azərbaycan Respublikasının böyüməsi və vaxtilə mövcud olmuş vahid geopolitik bir ərazini əhatə eləməsi kimi başa düşülməlidir. Əbülfəz Elçibəy hələ 1970-ci illərdə yazdığı "Bütövlük haqqında düşüncələr" əsərində bu barədə yazırdı. Orada Elçibəy Azərbaycan mərkəzli Turan anlayışını işlədib".

AXC iqtidarı zamanı Prezident Elçibəyin köməkçisi işləmiş Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımov isə bildirib ki, Azərbaycan Respublikasının adının Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı fikirlər zaman-zaman gündəmə gətirilib. Xüsusilə də milli azadlıq hərəkatı başlananda və müstəqillik uğrunda mübarizə getdiyi dönəmlərdə hərəkatın öncülləri, ziyalılar arasında cümhuriyyətin adı ilə bağlı müxtəlif ideyalar səsləndirilib: “Bir çox fikir adamları Azərbaycanın ikiyə bölündüyünü nəzərə alaraq Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılmasını təklif ediblər. Belə bir təklif gündəmdə olub, müzakirəsi aparılıb. Əbülfəz Elçibəyin iştirak etdiyi bəzi toplantılarda da bu fikirlər olub. Amma bu fikir üstünlük təşkil edib ki, Azərbaycanın rastlaşdığı ciddi problemlər, Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bir şəraitdə Azərbaycan Respublikasının adının Şimali Azərbaycan adlandırılması İranla münasibətlərə də ciddi təsir edəcək. O ki qaldı Əblüfəz bəyə bu cür təkliflərin olması və onun münasibətinin necə olmasına, əlbəttə, belə təkliflər olub. Əbülfəz Elçibəyin 1970-ci illərdə ”Azərbaycanın bütövlüyü haqqında düşüncələr" əsəri olub. Həmin əsərdə Əbülfəz bəy bütövləşməni necə gördüyünü əsaslı şəkildə yazıb. Əbülfəz bəy bütün təkliflərə açıq idi və müzakirə edirdi. O, ad məsələsində sözügedən dəyişiklik ideyasına qarşı olmasa da özünün konkret olaraq mövqeyi bu idi ki, Azərbaycanı bütöv görür və Bütöv Azərbaycan Dövləti anlayışını düzgün sayır. Əbülfəz bəy bizim yaşadığımız müstəqil Azərbaycanı Azərbaycanın quzeyi, Arazın o tayında soydaşlarımızın yaşadığı ərazini isə Azərbaycanın güneyi adlandırırdı. Onun çıxışlarında, müsahibələrində də bu cür ifadələr qeyd olunurdu".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR