Saat:19:38
Haqqımızda

Əlbir olub iki məmur bir-biriylə...

2023-03-15 11:40:00

Əlbir olub iki məmur bir-biriylə...

Dünyanın müxtəlif ölkələrində başdan aşırılan fırıldaqlar barədə vaxtaşırı yayılan xəbərləri oxuyanda gözəgörünməzə şükür etməyim gəlir, düşünürəm ki, yox, təkcə biz deyilik, bizim günümüzdə, hətta bizdən betər olanlar da var.

Yoxsa bəzi həmvətənlərimiz oturub-durub deyirlər, guya biz dünyanın ən fırıldağa meylli, ən əliəyri, ən tamahkar, ən səriştəsiz camaatıyıq. Elə deyil. “Ən” deyilik, bu işlərdə orta yerlərdəyik. Yəni bu xasiyyət, xislət, məziyyətimizlə nə qürur duymalıyıq, nə də xəcalət çəkməliyik.

Amma hərdən elə xəbərlər yayılır ki, adam heyrətlənir. İstər-istəməz fikirləşirsən ki, yəni belə bir fırıldağa qol qoyan adam fikirləşmir ki, bunun üstü açılar, adamı çəkərlər içəri, boğazını, dil-dodağını quruda-quruda sorğu-sual edərlər, axırda da yığdıqlarını əlindən alar, özünü də 3-5 illiyə basarlar ağzıbirə?

Belə görünür ki, insanlardakı tamah və iştah hissi, oxumuş adamların sözü olmasın, özünüqoruma instinktini üstələyir, gözü örtür və onlar bu işin sonrasını fikirləşmirlər. Məsələn, bir mənzili 4 adama 75 min manatdan satan və 300 min manatı qatlayıb cibinə qoyan tikinti şirkətinin sahibləri, görəsən, nə düşünürmüşlər? Hesab edirmişlər ki, o 4 nəfərdən biri cəld tərpənib, gedib həmin evdə oturacaq, yerdə qalan üçü isə gəlib görəcəklər ki, ev tutulub və “ta neynəyək, qismət beləymiş” deyib gedəcəklər? Heç onlardan biri masasının üstünə 75 min manat saydıqları adamın ofisinə gəlməyəcəklər ki, ya evi ver, ya pulu?

İndi elə şeylər edənlərin bir xeylisi türmədədir. Ola bilər, onlar indi fikirləşirlər ki, bir müddət yatıb çıxacaqlar, həmin 300 minlər hesabına toplanmış 30 milyonun, nə qədər olmasa da, bir hissəsi qalacaq, başlarını dolandıracaqlar.

Dünın jurnalist Zaur Qənbərov Gədəbəy rayonun Arıqıran kəndində yaşayan Xəyalə adlı qadının başına gələn bir fırıldaq hadisəsindən yazıb. Maraqlı söhbətdir. Heç demə, 3-4 il əvvəl həmin qadın Arıqıran kənd icra nümayəndəliyinə işsizliklə bağlı müraciət edib. İcra nümayəndəsinin müavini Ədalət Musayev onu işə düzəldəcəyini bildirib, qadının sənədləri götürüb. Bir müddət sonra Musayev qadının sənədlərini geri qaytarıb, deyib ki, iş düzəlmədi. Bu il isə Xəyalə xanım işsizliklə bağlı Dövlət Məşğulluq Agentliyinin Gədəbəy rayon şöbəsinə müraciət edəndə idarədə ona bildiriblər ki, sən işsiz deyilsən, 3 ildən çoxdur ki, işin də var, maaş kartın da.

Gəncəlilər demişkən, ta heş nə, məlum olub ki, o vaxt Ədalət Musayev və Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının keçmiş müdiri Yusif Murquzov onu işlə “təmin ediblər”, amma xanıma iş olmadığını deyiblər və maaş kartını verməyiblər. Üstəlik, maaş kartı kimdə qalıb, qadının adından maaşı kim alıb, yeyib, bilinmir. Ola bilər, bölüblər, ya da başqa bir vəzifəli əlbirləri olub, ona veriblər ki, qonağı-qarası olur, özünü dolandırsın.

Gədəbəydə bilmirəm, amma bir müddət əvvəl başqa rayonlarda kart işinə İH başçıları baxırdı, çoxunda bir kolodluq kart vardı – 6-lıqdan tuza qədər.

Hələ bu işdə reklam və ya antireklam olmasın deyə adını çəkmədiyim bankın Gədəbəy filialının da mənfi səciyyəli rolu olub. Necə olur ki, qardaşın kartını qardaşa vermədikləri halda yad bir qadının maaş kartını Musayev-Muğruzov cütlüyünə veriblər? O da ola bilər ki, bunu banka yuxarıdan deyiblər. Bilirsiniz, yuxarıdan deyilən hər əmr qanuni qüvvəyə malikdir, yerinə yetirilməlidir.

Hazırda vətəndaşa, kartına giriş-çıxış barədə heç bir məlumat və sənəd verilmir. Təkcə rekvizit təqdim edilib, o da bir işə yaramır.

İndi bunun adı nədir? Bu, dələduzluqdan, vəzifə cinayətindən betər bir şeydir. Çünki bir işsiz qadın illərlə işsiz-gücsüz oturub, maddi sıxıntı çəkib, dələduzlar isə dövlətdən onun adına verilən pulla gedib kababxanada oturub yeyib-içiblər.

Belələrini Stalinin vaxtında nə edərdilər, bilirsiniz.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR