"Əl-Qaidə" lideri eyvana çıxanda dronla vurulub - Ayman əl-Zəvahiriyə qarşı əməliyatın detalları (FOTOLAR)

2022-08-04 13:12:00

İllər boyu bir çox ekspertlər “Əl-Qaidə” lideri, dünyada ən çox axtarılan terrorçulardan olan Ayman əl-Zəvahirinin Əfqanıstanla Pakistan arasındakı dağlıq ərazidə gizləndiyinə inanıblar. Ancaq o, iyulun 31-də Kabilin mərkəzində, ABŞ vergiödəyicisinin puluna salınmış Şirpur zənginlər məhəlləsində öldürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunda “Əl-Qaidə” liderinin ölüdürülməsi ilə bağlı dərc edilən məqalədə qeyd olunur.

Müəlliflər yazırlar ki, əfqanlar üçün Şirpur korrupsiya və hakimiyyəti simvolizə edir. Bütün bunlar Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinin çöküşü ilə nəticələnib. Zəvahirinin şəhərin diplomatik ərazisindəki sakit yerdə bir neçə ay qaldığı güman edilir.

Şirpur 2001-ci ildə ABŞ Əfqanıstanı tutandan sonra tikilib, ölkənin yeni siyasi elitasının məskəninə çevrilib. Ərazidəki villaların bəziləri xarici şirkətlərə və hökumətlərə ifrat qiymətə kirayə verilirdi.

Şirpurdakı ərazinin böyük hissəsinin yüksək rütbəli hökumət rəsmiləri və nüfuzlu keçmiş hərbi komandirlər tərəfindən ələ keçirildiyi deyilir. Keçmiş səhra komandirlərinə beynəlxalq hərbi missiya səlahiyyət verib, onlar sərvət sahibi olublar.

Kabil sakinlərinin çoxu Şirpura “Çurpur” deyir. “Çur” yerli dari dilində “oğurlanmış” deməkdir. 2003-cü ildə böyük korrupsiya qalmaqalından sonra Əfqanıstan polisi Şirpurdan bir neçə yüz adamı, o cümlədən altı naziri çıxarıb. Ancaq tanınmışların çoxu buna etiraz edib, ərazidə qanunsuz evlər tikiblər.

2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirən “Taliban” liderləri və ailələri Şirpurdakı boş villalara köçüblər. Çəhrayı rəngdə üçmərtəbəli, hündür hasarlar və tikanlı məftillərlə əhatələnmiş evdə isə Zavahiri və ailəsinin gizləndiyi güman edilir.

Anonimlik şərtilə danışan ABŞ rəsmiləri Zəvahirinin evin eyvanına çıxarkən ABŞ dronundan atılan "Hellfire" raketləri ilə öldürüldüyünü deyib. Zəvahirinin Şirpura “Taliban” Kabili tutandan sonra köçdüyü bildirilir.

Anonimlik şərtilə danışan Taliban rəsmisi radioya deyib ki, ev “Taliban”ın Daxili İşlər naziri və Həqqani şəbəkəsinin lideri Siracəddin Həqqaniyə məxsus olub. Həqqani Taliban qruplaşmasının nüfuzlu qanadıdır. ABŞ Həqqaninin ələ keçirilməsi üçün 10 milyon dollar mükafat vəd edib. O, Federal Təhqiqatlar Bürosunun (FBI) ən çox axtardığı şəxslərdən biridir.

“Taliban” rəsmisi Zavahirinin yaşadığı evin ərafında yüksək təhlükəsizlik tədbirlərinin görüldüyünü, evə yalnız Həqqani və “Taliban”ın Müdafiə naziri Molla Məhəmməd Yaqubun hərdənbir baş çəkdiyini deyib.

“Dron hücumundan sonra evin yerləşdiyi küçə tam bağlanıb, oraya heç kəs buraxılmır”, – “Taliban” rəsmisi söyləyib.

 

 

2020-ci ildə Dohada imzalanmış ABŞ-“Taliban” razılaşmasına görə, silahlı qruplaşma “Əl-Qaidə” üzvlərinə sığınacaq verməməyə boyun olub. Bu razılaşma beynəlxalq missiyanın Əfqanıstandan çıxmasına yol açıb.

ABŞ Dövlət katibi Entoni Blinken “Taliban”ın Zəvahiriyə sığınacaq verməklə razılaşmanı kobudcasına pozduğunu deyib. “Taliban”ın sözçüsü Zabihulla Mücahid Zəvahirinin qətlini şərh etməyib, ancaq Vaşinqtonun dron zərbəsilə Doha razılaşmasını pozduğunu iddia edib.

Zəvahiri “Əl-Qaidə”nin başçısı Üsəma bin Laden 2011-ci ildə ABŞ qüvvələrinin Pakistana reydi zamanı öldürülündən sonra şəbəkənin başına keçib. 71 yaşlı Zəvahiri Birləşmiş Ştatlarda 2001-ci ilin 11 sentyabr terrorunun arxasında duran şəxslərdən biriydi. Həmin hücumlardan sonra ABŞ Əfqanıstanı tutaraq “Əl-Qaidə” liderlərinə sığınacaq verən “Taliban” rejimini devirib. O zaman Zəvahiri və bin Ladenin Pakistana qaçdığı deyilirdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060243