Saat:06:12
Haqqımızda

Ekspertlər qiymət artımı ilə bağlı rəsmi iddiaları əsassız sayır

2021-10-19 12:24:00

Ekspertlər qiymət artımı ilə bağlı rəsmi iddiaları əsassız sayır

İqtisadçılar işıq və qazın qiymət artımının iqtisadi əsasları olmadığını deyirlər

Natiq Cəfərli: "Azərbaycan idxalçı deyil, ixracatçı ölkə olduğundan, dünya bazarlarında gedən proseslər bizə təsir göstərmir"

Rəşad Həsənov: “Bu kimi əsaslandırmalar mövcud vəziyyəti tam da əhatə etmir”

"Bu istiqamətdə dövlət xidmətlərini təşkil edən şirkətlərin irəli sürdüyü iddialardan qaynaqlanır. Məsələnin əsas nöqsanlı tərəfi ondan ibarətdir ki, bu müəssisələrin dövlət büdcəsindən asıllığının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər onun xərclərinin optimallaşdırılması, səmərəliliyinin artırılması və korrupsiyanın aradan qaldırılması kimi məsələləri deyil, yalnız ən asan yolu seçirlər"

Xəbər verdiyimiz kimi, ötən həftə Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin və elektrik enerjisinin tarif tənzimlənməsinə dair müraciətlərə baxılıb. İclasda bir sıra qərarlar qəbul olunub. Qərara əsasən, əhalinin illik istehlakının 1200 kub metrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Yəni 2 qəpik. Əhali üçün 1200-2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə qaldırılıb. Qərar verilib ki, “Azəristiliktəchizat” ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılsın. Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1000 kub metr üçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılıb.

“Azərkontrakt” ASC tərəfindən “Azərenerji” ASC-yə enerji istehsalı üçün satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılıb. Hasilatçıdan (“Azneft” İB) alınan qazın tarifi 7,5 qəpikdən 9,0 qəpiyə artırılıb. Qərarla müəyyən edilib ki, “Azərkontrakt” ASC tərəfindən “Azəriqaz” İB  və “Naxçıvanqaz” İB-yə satılan qazın tarifi 11 qəpikdən 11,8  qəpiyə qaldırılsın. Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir.

Bəs, işıq və qazın qiymət artımının hər hansı iqtisadi əsasları varmı?

İqtisadçı-ekspert Natiq Cəfərli “Hürriyyət”ə açıqlamasında dünya bazarlarında gedən proseslərin birbaşa Azərbaycana təsir göstərmədiyini qeyd etdi. O, Azərbaycanın ixracatçı ölkə olmasını vurğulayaraq, dünya bazarlarında gedən proseslərin idxalçı ölkələrə təsir edəcəyini bildirdi: "Əslində, birinci rəsmi qurumların artımla bağlı verdikləri izaha baxmaq lazımdır: “Dünya bazarlarında enerji daşıyıcılarının qiyməti artır. Bu da istər-istəməz qiymətlərin artımına təsir göstərir”. Bu, doğru tətbiq deyil. Bu, idxalçı ölkələrə birbaşa təsir göstərir. Azərbaycan idxalçı ölkə deyil, əksinə ixracatçı ölkədir. Son illər həm təbii qazın, həm də elektrik enerjisinin hasilatı da kifayət qədər sürətlə artıb. Ona görə də dünya bazarlarında gedən proseslər Azərbaycana birbaşa təsir göstərmir. Dolaysıyla, hansısa təsirləri ola bilər. Məsələn, avadanlıqların alınmasıyla bağlı hansısa təsirləri ola bilər. Amma "dünyada elektrik və qaz bahalaşıb deyə, biz də bahalaşdırırıq" tezisi kökündən yanlışdır.

Digər bir amil isə dövlət müəssisələrinin dövlət büdcəsindən aldıqları dotasiyaların yavaş-yavaş azaldılmasıyla bağlıdır. Dotasiyaların azaldılmasına görə tariflərin yüksəldilməsiylə bağlı qərarlar verilib. Bu da kökündən yanlışdır. Büdcədən ayrılan  dotasiyların azaldıması vətəndaşın çiyninə əlavə yük olaraq düşməməli idi. Əgər həmin şirkətlər zərərlə çalışırlarsa, birinci növbədə onun səbəbləri araşdırılmalıdır. Yəni xərclərin optimallaşdırılması aparılmalı idi. Xərclərin optimallaşdırılmasından sonra maya dəyəri ilə bağlı problem yaranarsa, sonda tariflərin qaldırması ilə bağlı qərar qəbul edilə bilər. Amma ilk olaraq xərclər optimallaşdırılmadan, korrupsiyayla bağlı məsələlər həll edilmədən və tenderlərin şəffaflığı təmin edilmədən birbaşa tariflərin artırılması yolu ilə qiymətlərin qaldırılması vətəndaşın çiyninə qoyulmuş əlavə yükdən başqa bir şey deyil".

"Azəriqaz"da kifayət qədər ciddi izafi xərclərin olduğunu deyən ekspert xərclərin azaldılması ilə bağlı düşünməyin vacib olduğunu vurğuladı: "Avadanlığın qiymətinin qalxması ilə bağlı müəyyən xərclərin artması mümkündür. Dolayısıyla, dünyada gedən proseslərin təsiri mümkündür. Amma, bu o demək deyil ki, "Azəriqaz"da izafi xərclər yoxdur. "Azəriqaz"da kifayət qədər ciddi izafi xərclər var. Burda suallar ortalığa çıxır. Tenderlər şəffaflaşdırılıb? Satınalmalarda şəffaflıq təmin edilib?... Ona görə də "avadanlıqların qiymətinin artması ilə bağlı qiymət artımına gedirik" deməkdənsə, xərclərin azaldımasıyla bağlı düşünmək lazım idi".

İqtisadçı-ekspert Rəşad Həsənov isə "Hürriyyət"ə dedi ki, qiymətlərin artımı dövlət xidmətlərini təşkil edən şirkətlərin irəli sürdüyü iddialardan qaynaqlanır: "Bu günə qədər mediada rast gəldiyim əsaslandırmalarla o qədər də razı deyiləm. Proses ondan qaynaqlanır ki, bu sahədə fəaliyyət göstərən müəssisələr hökümətə əsaslandırırlar ki, bizim zərərlə fəaliyyət göstərməyimizin əsas səbəbi qiymətlərin optimal olmamasıdır. Burda əsas proses məhz qazın qiyməti ilə bağlıdır. Bu da dövlət xidmətlərini təşkil edən şirkətlərin irəli sürdüyü iddialardan qaynaqlanır. Məsələnin əsas nöqsanlı tərəfi ondan ibarətdir ki, bu müəssisələrin dövlət büdcəsindən asıllığının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər onun xərclərinin optimallaşdırılması, səmərəliliyinin artırılması və korrupsiyanın aradan qaldırılması kimi məsələləri deyil, yalnız ən asan yolu seçirlər. O da qiyməti qaldırmaqla, müəssisəyə daxil olan gəlirləri artırmağa çalışırlar. Bu yanaşmanın özünü səhv hesab edirəm. Təbii ki, müəyyən şərtlər dəyişə bilər. Bu gün dünya bazarlarında bir sıra mal və xidmətlərin qiymətləri artır. Əmək haqqı fondu genişlənir. Alınan texnoloji avadanlıqların da qiyməti artır. Bu, hardasa qiymətlərin artılmasına əsaslar formalaşdıra bilər. Cəmiyyəti narahat edən əsas məsələ ondan ibarətdir ki, nə üçün korrupsiyanın qarşısı alınmır? Nə üçün bu vəsaitlərin səmərəsiz xərclənməsi istiqamətində heç bir ciddi tədbirlər görülmür? Bu, gözlə görünəndir. Bu istiqamətdə satınalmalarda qiymətlərin şişirdilməsi kimi kifayət qədər məsələlər vardır. Davamlı olaraq media tərəfindən də gündəmə gətirilir. Amma bu istiqamətdə iş aparılmadığı təqdirdə, yükün yalnız vətəndaşın və biznesin üzərinə yönəldilməsi doğru hesab edilmir".

İqtisadçı əlavə edib ki, qiymət artımının düzgün əsaslandırılmaması cəmiyyətdə haqlı narazılıqlara səbəb olur: "Dediyim kimi, qaz avadanlıqlarının qiyməti artırsa, bu sahədə fəaliyyət göstərən işçilərin də məvaciblərini artırmaq zərurəti vardır. Bununla bağlı addımlar atılır və biz bunu görürük. Yəni bunlar xərc yükünü artırır, bu da məhsulun maya dəyərinin artımına səbəb olur. Amma məsələni tam aydınlaşdırmaq üçün situasiya yoxdur. Məsələnin digər tərəfləri isə qabardılmır. Vəsaitlərin səmərəli xərclənməsi ilə bağlı görülən tədbirləri müşahidə etmirik. Bu baxımdan, bu kimi əsaslandırmalar mövcud vəziyyəti tam da əhatə etmir. Bu da son nəticədə cəmiyyətdə narazılıqlara səbəb olur".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR