"Ekrandan səhnəyə" - Akademik Dövlət Musiqili Teatrda nümayiş olunan "Bəxtiyar" tamaşası haqda

2022-05-09 23:30:00

Mayın 6-da, saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bəxtiyar" tamaşasının nümayiş olunacağını bir neçə gün əvvəldən bilirdim. Rəhbərliyindən tutmuş, bütün yaradıcı heyətinə qədər bu tamaşanın uğurlu olmasına görə əllərindən gələni edirdilər. Səbrsizliklə gözlədiyim o gün gəlib çatmışdı. Mən də teatr sevən yaradıcı bir insan kimi üz tutdum Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yerləşdiyi ünvana.

Biləndə ki, "Hürriyyət" qəzetinin əməkdaşıyam, məni çox isti, səmimi qarşıladılar. Çox sevindim ki, “dördüncü hakimiyyət”in nümayəndələrinə, jurnalistikaya qarşı teatrımızda da məhəbbət, sevgi, sayqı var. Pandemiyadan əvvəl Musiqili Komediya Teatrının bir-birindən maraqlı tamaşalarına çox gedib baxırdım. Pandemiya bitəndən sonra birinci dəfədir ki, bu teatra gedirdim.

Həmişəki kimi məni həmkarım, teatrın cəfakeş mətbuat katibi Fəridə xanım qarşıladı. Beləliklə, mənim üçün ayrılan yerlərdən birinə əyləşib, digər tamaşaçılar kimi "Bəxtiyar" tamaşasını izləməyə başladım.

1955-ci ildə Əməkdar incəsənət xadimi Lətif Səfərovun rejissorluğu ilə çəkilən "Bəxtiyar" filminə demək olar ki, hər kəs baxıb, əsərin süjet xətti ilə tamaşaçı kimi hamımız tanışıq. 67 ildir ki, "Bəxtiyar" filmi mavi ekranın bəzəyinə çevirilib.

"Bəxtiyar" filminin motivləri əsasında 67 ildən sonra eyniadlı tamaşa -"Bəxtiyar" musiqili komediyası mavi ekranlardan möhtəşəm səhnəyə ayaq açmışdı. Tamaşa görkəmli bəstəkarımız Tofiq Quliyevin musiqiləri əsasında nümayiş edilirdi və onun 105 illiyinə, əziz xatirəsinə ithaf olunub.

Tamaşa sevimli sənətkarımız, dünya şöhrətli, səsiylə könülləri riqqətə gətirən SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən "Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal Ağabala obrazını canlandırır, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Şövqi Hüseynov, Əkbər Əlizadə Yusif obrazını canlandırır, Nadir Xasiyev, Nahidə Orucova, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, professor Rəcəbov obrazını Elçin İmanov canlandırır Rauf Babayev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Elnarə Nağdəliyeva Gülcahan obrazını canlandırır, Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, Firuz Məmmədov, Elxan İsmayılov, Hidayət Əliyev, Zaur Əliyev, Fərid Rzayev, Nigar Qarayeva, Murad Əliyev, Əli Kərimov, Nərmin Əliyeva, Adelin Öztürk, Mehriban Rəcəbova, Kübra Quliyeva, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov və başqaları müxtəlif obrazlarda tamaşaçıların qarşısına çıxıblar.

Tamaşanın baş rolunda Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar.

Bəxtiyar neftçidir. Neftçilikdən müğənniliyə qədər ucalır. Çünki Bəxtiyarın gözəl səsi var. Oxuduğu nəğmələrlə nə qədər tamaşaçı qəlbini fəth edib, insanları feyziyab edib. Təbii ki, Bəxtiyarın istedadına rişxənd edənlər də, paxıllıq edənlər də var. Bəxtiyar haqsızlıqlara dözə bilmir, tez-tez özündən küsür, özünə qapılır. Tamaşaçılar qarşısına çıxıb yeni nəğmələrini, mahnılarını sevənlərinə təqdim etmək istəmir. Bəxtiyarı müğənni kimi ruhlandıran konsertlərin təşkilatçısı Ağabala olur. Ağabala Bəxtiyarı həvəsləndirir, bölgələrdə konsertlərini təşkil edir. Deyir ki, Bəxtiyar, ruhdan düşmə, səni sevməyənlərin, istəməyənlərin acığına öz üzərində çalışmalısan, mütləq oxumalısan. Sənin nəğmələrinə görə biz nə qədər tamaşaçılar toplayırıq. Xalqa, sevənlərinə həm gözəl səs nümayiş etdirirsən, həm də pul qazanırıq. Ağabala onu da deyir ki, Bəxtiyar, elə bilirsən mənə bu sənət yollarında paxıllıq olmayıb? Əlbəttə ki, olub. Bu sənət yollarında saç ağartmışam, saç.

Eyni sözləri Konservatoriyanın professor Rəcəbov da Bəxtiyara söyləyir. Deyir ki, Bəxtiyar, sən mütləq oxumalısan. Hətta professor Rəcəbov Bəxtiyara Konservatoriyada təhsil almağına görə dəstək də olur.

Maraqlı obrazlardan biri də Yusif obrazıdır. Yusif Bəxtiyarla dost olsa da eyni zamanda da rəqib də deyillər. Saşanı Bəxtiyar da sevir, Yusif də. Eyni zamanda Saşa Bəxtiyarla Yusifin uşaqlıq dostu sayılır. Yusifin də Bəxtiyar kimi mahnı oxuduğu vaxtlar olur. Ona deyəndə ki, Yusif, sən də oxuyursan, cavab verir ki, mənim Bəxtiyardan nəyim əskikdir?

Əziz oxucular, şübhə etmirəm ki, hər biriniz bu tamaşadan çox yüksək təəssüratla dönəcəksiniz. Çox istərdim ki, yolunuzu teatra tərəf salasınız. O zaman mənim sözlərimə haqq verəcəyinizə şübhə etmirəm. İnanıram ki, hər biriniz “Bəxtiyar” tamaşasından böyük zövq alacaqsınız.

Odur ki, bu zövqü bizlərə - tamaşaçılarına bəxş etdiyinə görə, dəyərli səhnə ustalarına, eləcə də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Akademik Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə minnətdarlığımızı bildiririk.

Hazırladı: Fuad BİLƏSUVARLI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya