“ƏHSƏN” QRUPUNUN ÜZVÜ NECƏ ƏMƏKDAR ARTİST OLDU... - Əhsən Rəhmanlı yazır

2022-04-17 12:32:00

“ƏHSƏN” QRUPUNUN ÜZVÜ NECƏ ƏMƏKDAR ARTİST OLDU... - Əhsən Rəhmanlı yazır

Onun səsi vokal olaraq, həm də dəyərli, aydın, parlaq və məlahətlidir. Cəsarətlə deyə bilərik ki, o, uşaqlıqdan musiqi təhsili, vokal dərsi alsaydı. Azərbaycanın sənət aləmində özünə daha böyük yer tutar və məşhurlardan biri ola bilərdi.

Müslüm Hüseyn oğlu Quliyev 1957-ci il oktyabrın 15-də Şərur əyalətinin Danzik kəndində doğulub. Həmin kənd 1977-ci ildə Gümüşgölün və Arpaçayın qarşısını kəsib Naxçıvanda əhalinin su müşkülünün həll edilməsi zamanı başqa yerə köçürülüb. Həmin ilin oktyabr ayında həmin bəndin, yaradılan su anbarının açılışı olub. Belə ki, 1975-ci ildən kəndlərin köçürülməsi 1977-ci ilin oktyabrında sona çatıb. Salınan kəndlərdə evlər dövlət vəsaiti hesabına tikilmişdi.

Haşiyə: “Vaxtılə əvvəlki Danzikdə 100-110 ev olub, bu kəndin sahələrində taxıl və çəltik əkilib. Kəndin öz dəyirmanı olub, dəni orada üyüdüblər. Müslümün xatirələrindən: “Uşaq çağlarımda çəltik sahələrini də görmüşəm. El arasında Danzik kənd adının bir izahı belə idi:-Yəni dəni döymək, zing etmək yeri-dənzik, zing döymək, çəltik döymək məkanı. Başqa versiya-dan söküləndə, dan yerini, səhəri zikr etmək. Bu kənd iki dağın arasındadır. Hər səhər dan üzü görünürdü, Günəş iki dağın arasından çıxırdı. Danzikdə dağın ən uca yerində, kəllləsində quyu var. Orada Böyük qala, Xırda qala keçmişin nişanəsidir. Su quyusu Kiçik qaladadır. Quyunun kənarında kol bitib. Onun budaqları ip kimidir, möhkəmdir, qırılmır. Tarixən quyudan su çəkmək üçün həmin kolun budaqlarından ip əvəzinə istifadə edilib.

Danzikin ərazisi əkinçilik və maldarlıq üçün daim əlverişli olub. Arpacay və Muğanlıq (Muğamlı) kəndi buradan uzaq deyil”.

Akademik İsa Həbibbəyli Danzik kəndindəndir.

Mözumuza qayıdaq. Hüseyn kişinin ailəsində 5 oğul və üç qız dünyaya gəlib. Müslüm 1964-cü ildə kənddəki səkkizillik məktəbin I sinfinə daxil olub. Doqquzunçu sinfi Gümüşlü kəndində davam edib.

Müslümü dinlərkən: “II sinifdə olanda Əkbər müəllim (İsa Həbibbəylinin atası) məni nəğmə dərsində həmişə oxudardı. Ən cox oxutduğu “Lalələr” mahnısı idi. 6-cı sinifdə ilin yekununda, qiymət cədvəlinin təqdim edilməsində “Gəraylı” aşıq havası üstündə “Sən bu diyara xoş gəldin” mahnısını musiqi müşayiəti olmadan oxudum. Çox bəyəndilər. 6-7-8-ci siniflərdə məktəbin bütün tədbirlərində musiqi müşayiəti olmadan oxuyurdum”.

Müslüm 6 yaşından özü sərbəst nağara çalmağı öyrənibmiş. 15 yaşında olanda kənddəki bir toyda zurnaçı Apoş ustanın dəstəsinin tərkibində nağara çalıbmış. Kəndin toylarının çalğıçısı həmişə Apoş usta olardı. Müslüm neçə illər kəndin toy-mağarında Apoşun zurnasının sədasına oxuyub. Zurna tonallqlarında, orta və zil pərdələrdə oxumaq müğənni üçün çox çətin olsa da, Müslüm bunun öhtəsindən gələr, işi yola verərdi. Hamı kəndin yetirməsi gənc müğənni ilə fəxr edər, daim təriflərdilər. Onun xatirələrindən: “1971-1972-ci illərdə məni Naxçıvana baxış-müsabiqəyə göndərdlər. Orada nə oxuyacağımı soruşurdular, deyirdim, soruşanda ki, hansı tonallıqda? Deyirdim ki, tonallıq bilmirəm. Çalırdılar oxuyurdum”.

Müslüm əlinə düşən 1 “rubl”ları toplayıb özünə 50 “rubl”a “İdel” markalı tədris qarmonu alır. Həmin alət indiyə qədər qorunub saxlanır. O, musiqi ilə beləcə məşğul olur, nağara, qarmon çalır, oxuyur. O, danışır: “Qrammafon vallarından, radiodan ən çox Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və Baba Mahmudoğlunu dinləyirdim. Daha sonra Məmmədbağırın oxumağını xoşladım, çox dinlədim, öyrəndim”.

M.Quliyev orta məktəbdən sonra 6 ay sürücü kursunda təhsil alıb və buranı 1976-cı ildə Naxçıvan şəhərində bitirərək hərbi xidmətə çağrılıb. O, Sverdlovsk şəhərində Sovet ordusu sıralarında sürücü kimi xidmət edib. Əsgərlikdən öz kəndinə qayıdıb. 1981-ci ildə ilk dəfə sərbəsr müğənni kimi öz kəndində toyda oxuyub. Beləliklə, onu toylara dəvət ediblər. Az sonra daha yaxşı tanınan, ifası bəyənilən bu gənc Şərurun toylarında və bütün tədbirlərində oxumağa başlayıb.

Onu müşayiət edən dəstənin tərkibində zurnaçı, usta Apoş, gitaraçalan Hüseyn Əliyev, qarmonçalan Teymur, ionika ifaçısı Bəylər və nağaraçalan Hüseyn olub.

1985-1986-cı illərdə o, Naxçıvan televiziyasına konsertlərə dəvət olunub. Həmin konsertlərin yayımlanması bir əyalət sənət adamı kimi Müslüm Quliyevi tanıdaraq sevdirib. Onu öz dəstəsiylə Qərbi Azərbaycana konsert və toylara dəvət ediblər. Sənətinin dəyərləndirilməsi onun repertuar genişliyi ilə əlaqədar idi. Toyların repertuarı öz yerində, Müslüm xalq və bəstəkar mahnılarını da bacarıqla, yerli-yataqlı, tam düzgün, səviyyəli formada təsirli şəkildə oxuyurdu. Bu uğura səbəb onun cavanlıq həvəsi, sənətə gənclik eşqilə öz töhfəsini vermək istəyi idi. Müslüm yalnız mahnı ifaçısı deyil, muğamlardan hissələri, təsnifləri də səviyyəli şəkildə və yüksək peşəkarlıqla oxuyur.

Xalq musiqiisi kimi yetişənlərin hər biri bilir ki, xalq toyları, el məclisləri sənətkar kimi yetişmək üçün əsl məktəb, zəngin və böyük təcrübə qazanmaq mənbəyidir. Müslüm də gənclik illərindən başlayaraq belə məktəb yolu keçib. Öz işinə xüsusi sevgi bəsləyən, toy sənətçisi kimi tələbata məsuliyyətlə yanaşan Müslüm illərlə çox şey əxz edib, öyrənib və xalqın musiqi mədəniyyətinə ləyaqətlə xidmət edib.

M.Quliyev Şərur rayon mədəniyyət evinə dəvət olunub 1984-2000-ci illərdə burada çalışaraq bütün bədii-kütləvi tədbirlərdə səsini xalqa ərməğan edib. Onu alqışlar ruhlandırıb, yaşadıb, sənət sevgisinə stimul olub. Onun xatirələrindən: “Şərur mədəniyyət evinin yeni binasının açılışında naxşıvanlı ustad tarzən, əməkdar incəsənət xadimi Əkrəm Məmmədov bizi konsert üçün hazırladı. Bir mahnı oxudum. Əkrəm müəllim soruşdu:

-Təhsilin var?

-Xeyr, heç bir təhsil almamışam.

-Çox təəssüf-dedi.

O, məni musiqi təhsili almağa həvəsləndirdi, dedi ki, imtahanlara az qalıb, tez sənədləri hazırlayıb təhvil ver”.

M.Quliyev 2003-cü ildə sənədlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verib və musiqi fakültəsinə “solo oxuma” ixtisası üzrə qəbul olunub. Sənət üzrə imtahan qəbul edənlər arasında olan xalq artistləri-Mobil Əhmədov (1931-2006) və Canəli Əkbərov (1940-2021) Müslümün səs tembrinə yüksək dəyər vermişdilər. Müslüm imtahanda xalq mahnıları və Ü.Hacıbəylinin (1885-1948) “Sənsiz” romansını oxumuşdu. Mobil müəllim Müslümə əla qiymət yazmışdı. M.Quliyev ADMİU-da sənət üzrə Mobil Əhmədov, Baba Mahmudoğlu (1940-2006) və Yalçın Rzazadədən (1946-2021) mükəmməl dərs alaraq buranı 2007-ci ildə nailiyyətlərlə başa vurub. Onun fikirlərindən: “Təhsil illərində solfecio və digər dərslər hər birimizin inkişafına təkan verdi. Səsdən düzgün istifadə qaydalarını B.Mahmudoğludan öyrəndim. 5 il ərzində bizim sinfin konsertmeysteri bəstəkar, mahir piano ifaçısı Gülşən Mirzəbəyova olub. Onun zəngin biliyindən də çox şey öyrəndik. Gülşən xanımın piano müşayiətilə çox rahat oxuyurduq. Təhsil ocağınn tədbirlərində də məni Gülşən xanım müşayiət edib”.

Müslüm ali təhsil zamanı Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində toyların əsas müğənnlərindən biri olub. O, milli nəfəs alətləri ifaçısı Kamal Babayev, nağaraçalan Eldarla Güney Azərbaycanın Xoy, Maku və Urmiyə şəhələrində toy-büsatın carçısı olaraq soydaşlarımıza bol-bol sevinc bəxş edib.

Müslümgil 1995-1997-ci illərdə Türkiyənin İğdır, Qars şəhərlərində və bu əyalətlərin müxtəlif yerlərində düyünlərdə çıxış edərək oradakı Azərbaycan türklərini musiqimizin inciləri ilə tanış etmiş və onlara Azərbaycan sənətini daha da sevdirmişdilər. Müslümün oxuduğu xalq və bəstəkar mahnıları Rizə şəhərinin şənliklərində böyük marağa səbəb olmuşdu. 1999-cu ildə Türkiyə düyünlərində onu Gəncədən ora dəvət alan, mahir qarmonçalan Arzu Qədimov da müşayiət edirdi.

Bakıdakı ANS televiziya kanalında 2008-ci ildə “Əməkdar artist” adlı musiqi yarışması keçirilirdi. Yarışma 3 ay çəkdi. Burada ölkəmizin hər yerindən müxtəlif yaş həddində sənət adamları, onlar arasında Müslüm Quliyev də iştirak edirdi. Müslüm birincilik qazanaraq əməkdar artist adını almış və KİA markalı avtomobilə sahib çıxmışdı. Bu uğur onu tamaşaçılara, musiqi aləminə və bütünlükdə cəmiyyətdə yaxşı tanıtmışdı. Həmin zamandan indiyə qədər onu çox yerlərə konsertlərə və toy şənliklərinə dəvət edirlər.

Çox əfsus ki, belə istedadlı vokalçı, məlahətli səsli müğənni, ali təhsilli mütəxəssis nə konsert, nə də təhsil müəssisələrində işlə təmin olunmayıb. Son 15-20 ildə çoxları kimi o da yaşı 40-dan artıq olduğu üçün işə qəbul edilməyib. Axı onun səsi nadir səslərdəndir, tembri sıradan deyil, gözəldir, seçiləndir, həm də pedaqoji təcrübəni ali təhsil illərində yaxşı öyrənib.

O, 2017-ci ildən Əhsən Rəhmanlının rəhbəri olduğu “Əhsən” qurpu ilə əməkdaşlıq edir. Bu ansamblın müşayiətilə radio üçün “Evləri var xana-xana” xalq mahnısını, sözləri özünün, musiqisi Gülşən Mirzəbəyovanın “Naxçıvanım” mahnısını, Məmmədabağır Bağırzadənin (1950-2005) yaradıcılığından bir neçə nümunəni, sözləri və musiqisi Əhsən Rəhmanlının “Nəvə məryəm” mahnısını oxuyaraq diskə yazdırıb. O, hazırda Bakıda, Naxçıvanda, Türkiyədə, Rusiyada konsertlər və toylarda çıxış edir.

Müslüm Quliyev 1979-cu ildə ailə qurub. Bir oğul, iki qız böyüdüb. Beş nəvəsi var.

 

Əhsən RƏHMANLI,

Tədqiqiatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya