Saat:13:06
Haqqımızda

Əhalinin 40%-i PENSİYA YAŞINA çatmamış vəfat edir – Onların hesabındakı VƏSAİT kimə qalır?

2022-11-21 11:55:00

Əhalinin 40%-i PENSİYA YAŞINA çatmamış vəfat edir – Onların hesabındakı VƏSAİT kimə qalır?

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib. Vəfat edənlərin 40%-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub. Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 47%-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər.

Nəzərə alaq ki, 12 il əvvəl - 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.

Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.

Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.

Pensiya yaşının uzadılması ortaya maraqlı suallar çıxarıb. Pensiya yaşına çatmadan insanlar vəfat etdikdən sonra onların hesabına yığılan kapitalın taleyi necə olur?

Məsələyə iqtisadçı Akif Nəsirli aydınlıq gətirdi. O, bizim.media-ya açıqlamasında bildirdi ki, mövcud qaydalara görə pensiya yaşına çatmayan vətəndaşlar dünyasını dəyişərkən yığılan kapital DSFM-yə qalır:

“Halbuki, dünyada bunun çox yaxşı nümunələri var. Məsələn, Danimarka, Niderland, Yeni Zellandiya və digər ölkələrdə belə bir qayda var ki, yığılan pensiya kapitalı bütün hallarda vətəndaşa qaytarılır. Hətta vətəndaş pensiya yaşına çatmamışdan əvvəl dünyasını dəyişirsə onda onun hesabına yığılmış kapital bütövlüklə mərhumun ailə üzvlərinə qaytarılır. Mənim zənnimcə bizim ölkə üçün ən ideal pensiya siyasəti də məhz adını çəkdiyim ölkələrin nümunəsidir”.

Millət vəkili, iqtisadçı Aydın Hüseynovunsa məsələyə münasibəti fərqli oldu. O, bizim.media-ya bildirdi ki, dünya ölkələrində pensiyaların müəyyən edilməsinin müxtəlif qaydaları var:

“Bizdə isə yanaşma fərqlidir. Bizim dövlət büdcəsinin 40 faizdən çox hissəsi sosial xərclərə yönəlir. Bu da onun göstəricisidir ki, dövlət pensiyaların artırılması üçün çox böyük vəsait xərcləyir. Ona görə də indiki vəziyyətdə ən optimal variant pensiyaların minimum həddinin artırılmasıdır. Əgər minimum və orta pensiya insanların maraqlarına uyğun olsa onda pensiya kapitalının yığılmasına da maraq artar və bütün müzakirələr də aradan qalxar”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR