Saat:14:51
Haqqımızda

"Əgər süni qiymət artımı varsa, deməli ölkədə bazar iqtisadiyyatı yoxdur" - NATİQ CƏFƏRLİ

2021-09-23 11:35:00

"Bizdə qiymət artımının əsas səbəbkarı dövlət qurumlarının öz işlərinin fəlsəfəsini bilməməsi, rəqabətsizlik mühiti və məmur biznesidir"

"Türkiyədə son günlər ən çox müzakirə olunan mövzu "süni qiymət" artımıdır. Türkiyə rəsmiləri qiymət artımının, inflyasiyanın günahını, bizim dildə desək, "alverçilərdə" görürlər, onları "günah keçisinə" çevirmək istəyirlər". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

İqtisadçı ekspert hesab edir ki, bu məsələnin müzakirəsi bizdə də hərtərəfli getməlidir, çünki məmurlar, hökumət nümayəndələri, hətta prezident belə ara-sıra bizdəki bahalığı süni qiymət artımı ilə izah etməyə, bütün oxları iş adamlarına tərəf çevirməyə başlayırlar: "Gəlin, bəzi prinsipial məsələlərdə anlaşaq. Birincisi, əgər rəqabətli mühit, bazar iqtisadiyyatı institutları varsa, süni qiymət artımı ola bilməz. İkincisi, əgər süni qiymət artımı varsa, deməli ölkədə bazar iqtisadiyyatı yoxdur, olan nədirsə, adı bazar iqtisadiyyatı deyil. Yəni, "süni qiymət artımı var", deyən istənilən hökumət özü-özünə ziyan vurmuş olur, özü-özünü tənqid etmiş, işinin nəticəsiz olduğunu elan etmiş olur".

"Bazar iqtisadiyyatında qiymət tənzimlənməsi mümkündürmü" sualını cavablandıran Natiq Cəfərli qeyd edib ki, bəli, bunun mexanizləri var: "Məsələn, ağıllı ökumətlər görür ki, bazarda daxili istehsalı olmayan və ya çox az olan məhsulun qiyməti artır, həmən həmin növ məhsulun gömrük rüsumlarını ya sıfırlayır, ya da çox aşağı salırvə ya, həmin növ məhsullarla bağlı vergiləri azaldır, ƏDV-ni ləğv edir. Bu addımlar da kömək olmasa, həmin növ məhsulun ölkədə istehsalını artırmaq üçün təşviqlər elan edir, istehsalçılara faizsiz, ya da çox aşağı faizlə və uzunmüddətli kretitlərin verilməsini təmin edir. Bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə qiymət manipulyasiyaları olurmu? Əlbəttə olur, amma bu çox zaman "dumping" (dempinq) şəklində baş verir və dövlət orqanları belə şirkətləri ciddi cəzalandırır. Yəni, iri şirkətlər çox zaman qiyməti azaldırlar (dempinq) ki, orta və kiçik şirkətlər rəqabətə davam gətirməsin, müflisləşsinlər və bazardan çıxsınlar, sonra həmin iri şirkətlər daha çox bazar payına sahib olmaqla dempinq zamanı itgilərini artıqlaması ilə geri qaytarırlar. Sözün qısası, institutlaşmış bazar iqtisadiyyatında süni qiymət artımı deyil, tam tərsi, süni qiymət azalması müşahidə edilir və dövlət də bunun qarşısını almaq üçün anti-inhisar qanunlarını və rəqabət məcəlləsini işə salır".

REAL-ın icra katibinin sözlərinə görə, bizdə iqtisadi münasibətlərin, iqtisadi sistemin adını tapmaq belə, çətindir: "Obrazlı ifadə ilə mövcud sistemə "dövlət-məmur kapitalizmi" demək olar. Bizdə qiymət artımının əsas səbəbkarı dövlət qurumlarının öz işlərinin fəlsəfəsini bilməməsi, rəqabətsizlik mühiti və məmur biznesidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR