Saat:04:08
Haqqımızda

"Əgər dəmir yollarını tez və keyfiyyətlə modernləşdirsək, bütün yollar Bakıya aparacaq" - NATİQ CƏFƏRLİ

2024-04-04 12:36:31

"Dövlət büdcəsindən nəqliyyat sektoruna, dəmir yollarına "xəsislik" etmədən daha çox vəsait ayrılmasına çalışmalı, bu sahəyə özəl yatırımların, xarici investorların cəlbi üçün çalışmaq lazımdır"

"Azərbaycan Dəmir Yollarının (ADY) İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarovun geniş müsahibəsini oxudum, çox maraqlı detallar var və əslində, yüksək vəzifəli məmurların öz sahələrinə stateji baxışını göstərən açıqlamaların olması çox yaxşıdır, "vizionla" bağlı ip ucları verir. Elçin müəllimin açıqladığı rəqəmlər çox maraqlıdı. Ölkədə 4234 km dəmir yolları varmış və bu yolların böyük əksəriyyəti 20-ci əsrin 50-ci, 60-cı illərində çəkilib. İnfrastruktur çox köhnəlib, ciddi yatırımlara, yenilənməyə ehtiyac var". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

İqtisadçı ekspert bildirib ki, ADY hissə-hissə yolları modernləşdirir, təmir edir, amma bu işlərin xeyli sürətləndirilməsinə ehtiyac var: "Çünki hər il ayrılan vəsaitin çox olmadığına görə yenilənən yolların həcmi çox deyil. Mənim diqqətimi bu məsələ nədən çəkdi, əslində ən azı 3 başlıqda bu məsələnin ciddi müzakirə edilməsinə ehtiyac var. Nəqliyyat sektorunun Azərbaycan ÜDM-də payı son 1 ildə 5,4%-dən 7%-ə yüksəlib. Deməli, bu sahənin sürətlə artma potensialı var. Bundan başqa, Azərbaycanın “post-neft” dönəminə artıq daxil olduğunu nəzərə alsaq, ölkə iqtisadiyyatının yeni "driver"lərə acil ehtiyacı var. Nəqliyyat sektoru, əsasən də dəmir yolları ilə tranzit yükdaşımalar ölkə iqtisadiyyatı üçün yeni fürsətlər aça bilər. Onu da nəzərə alaq ki, Azərbaycan öz coğrafi mövqeyini iqtisadi dividendə çevirmək, regional nəqliyyat-logistika mərkəzi olmaq planları var. Deməli, nəqliyyat sektoruna daha çox investisiya qoyulmalı, dəmir yolları həm sürətli, həm də təhlükəsiz olmalıdır. Amma 50-60-cı illərdən qalmış infrastrukturla bunu etmək çətindir, daha sürətli müasirləşmə baş verməlidir ki, indiki qarışıq dünyada yeni nəqliyyat “hub”ı olmağa imkanımız olsun".

Natiq Cəfərli deyib ki, ötən əsrin 30-cu illərində ABŞ-da ciddi iqtisadi böhran (Great Depression) yaşandı, o zaman işsizlik, kasıblıq dəhşətli dərəcədə artmışdı: "ABŞ hökuməti böyük depressiyadan, böhrandan məhz nəqliyyat infrastrukruruna küllü miqdarda investisiya qoyaraq çıxdı. Milyonlarla iş yeri yarandı, ölkənin Qərbdən Şərqə, Şimaldan Cənuba bağlayan, Atlantik okeanını Sakit Oken ilə birləşdirən dəmir yolları şəbəkəsi quruldu. Nəticədə ABŞ iqtisadiyyatı böhrandan çıxdı və günü bu gün də ölkənin əsas yolları o zaman tikilən yollardır. İndi bizim də qarşımızda dövlət investisiyalarının rasional xərclənməsi, bunun iqtisadi aktivliyə böyük dəsək verməsi vəzifəsi var. Məncə, 4234 km-lik dəmir yollarının süətlə müasirləşdirilməsi layihəsi onminlərlə iş yeri və yeni qitisadi fürsətlər yarada bilər. Azərbaycan Cənubi Qafqazın lideridir, bölgəmizin gələcəyində ölkəmiz açaq rol oynayır, bundan sonra da rolu artacaq. Əgər biz dəmir yollarını tez və keyfiyyətlə modernləşdirsək, bu rol daha da artacaq, obrazlı desək, bütün yollar Bakıya aparacaq. Həm də əgər sürətli və təhlükəsizlik dəmir yolları şəbəkəsi yaransa Bakının nəqliyyat, tıxac problemlərini də həll etmək olar – söhbət tək Sumqayıt istiqamətindən, Bakı ətrafı qəsəbələrdən getmir. Bakıdan 200-250 km aralıda olan rayon və şəhərlərdən Bakıya 1-1,5 saata qatarla çatmaq mümkün olsa, həmin bölgələrdən Bakıda iş tapıb kirayə mənzildə qalanlar, regionlarda elə öz mənzillərində yaşayaraq Bakıda işləyə bilərlər. Zatən, bu gün Bakıda 1-1,5 saat öz maşını ilə tıxacla və ya bir neçə marşrut dəyişməklə işə gedib-gələnlər heç də az deyil. Yəni, ölkənin sürətli və təhlükəsiz, həm də ekoloji təmiz sürətli dəmir yolları şəbəkəsi ilə əhatə edilməsi tək tranzit yükdaşımaları artırmaqla qalmaz, həm də Bakının sıxlığını da aradan qaldıra bilər".

REAL-ın icra katibi hesab edir ki, bu məsələlərə görə, dövlət büdcəsindən nəqliyyat sektoruna, dəmir yollarına “xəsislik” etmədən daha çox vəsait ayrılmasına çalışmalı, bu sahəyə özəl yatırımların, xarici investorların cəlbi üçün çalışmaq lazımdır: "İnvestora, özəl sektora güvən vermək, gələcəyi göstərmək, ortaya “vizion” qoymaq lazımdır, institutsional maneələr aradan qaldırılmalıdır, qanunları optimallaşdırmaq, rəqabəti artırmaq lazımdır. Başqa yol yoxdur, hamımız anlamalıyıq ki, ölkə artıq “post-neft” dönəmindədir, neftən gələn gəlirlər azalır-azalacaq, deməli tənbəlliyin daşını atmalı, ölkənin qazancının artması üçün müxtəlif yollar (həm də dəmir yollar) tapmalıyıq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176091