Saat:04:47
Haqqımızda

“Əfv Komissiyasının tərkibi dəyişməlidir” – Novella Cəfəroğlu

2025-05-26 16:20:54

“Əfv Komissiyasının tərkibi dəyişməlidir” – Novella Cəfəroğlu

Hüquq müdafiəçilərinin, o cümlədən Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun əfv olunması üçün Əfv Məsələləri Komissiyasına təqdim etdiyi dustaq siyahısından heç kimin adı bu gün verilən əfv sərəncamına düşməyib. 

Hurriyyet.az xəbər verir ki, məlumatı Medianews.az-a hüquq müdafiəçisi, Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu verib.

N.Cəfəroğlu deyib ki, buna səbəb Əfv Məsələləri Komissiyasıdır: “Əfv Məsələləri Komissiyasında çox ləyaqətli insanlar var. Amma hesab edirəm ki, artıq bu komissiyanın tərkibi dəyişməlidir. Orada insanların dərdini daha yaxşı bilən, dövlətimizin beynəlxalq nüfuzunu daha dərindən düşünən şəxslər olmalıdır”.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun bu ilin ötən müddəti ərzində ayrı-ayrı məhbuslarla bağlı üç dəfə ölkə Prezidentinə müraciət etdiyini, həmin müraciətlərdə qaldırılan məsələlərin hamısının həllini tapdığını vurğulayan N.Cəfəroğlu əlavə edib: “Axı biz həmişə Prezidentə müraciət edə bilmərik. Əfv məsələsi ilə komissiya məşğul olur. Ona görə əfv olunmasını zəruri hesab etdiyimiz 37 nəfərlə bağlı dövlət başçısına yox, məhz Əfv Məsələləri Komissiyasına müraciət etmişik. Komissiyaya digər hüquq müdafiə qrupları da siyahılar göndərib. Həmin siyahılarda isə 100-dən çox məhbusun adı olub. Amma komissiya bu siyahılardan heç kimin adını Prezidentə təqdim etməyib. Nəticədə bizim və digər hüquq müdafiə qruplarının təqdim etdiyi siyahıdan heç kimin adı əfvə düşməyib. Dövlət başçısının əfv sərəncamı imzalaması olduqca yaxşı bir hadisədir. Amma Əfv Məsələləri Komissiyasının bu sərəncam ərəfəsindəki fəaliyyəti məni olduqca məyus etdi. Komissiyanın tərkibi dəyişməlidir. Biz hüquq müdafiəçiləri, ziyalılar məhbuslarla bağlı birbaşa Prezidentə üz tutanda məsələ həllini tapır. Başqa instansiyalardan Ombudsmanla işləyəndə də razı qalırıq, çünki Ombudsman öz səlahiyyətləri çərçivəsində olanda bizim xahişlərimizi həll edir, səlahiyyətindən kənar olan xahişlərimizi isə yuxarılara çatdırır. Ancaq Əfv Məsələləri Komissiyası belə etmədi. Müraciətimiz komissiyada ilişib qaldı, həllini tapmadı. İndi mənə çoxsaylı telefon zəngləri daxil olur. Həm azadlığını ən azı səhhətindəki problemlər sarıdan zəruri saydığımız dustaqların taleyindən, həm də hüquq müdafiəçilərinin siyahısından heç kimin əfvə düşməməsinə görə Azərbaycana qarşı sərgilənə biləcək münasibətdən narahatam”.

Xatırladaq ki, mayın 26-da sərəncam imzalayan Prezident İlham Əliyev 220 məhkumu əfv edib. Azadlıqdan məhrum edilmiş 175 şəxs cəzadan azad olunub, 25 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Şərti həbs cəzası almış 1 nəfər, azadlıqdan məhrumetmə cəzası təxirə salınmış 2 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər əfv olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 4 nəfər islah işləri cəzasından, 1 nəfər cərimə cəzasından qurtulub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176511