Saat:22:01
Haqqımızda

ƏFV EDİLƏNLƏR 100-dən ARTIQ İNSANI QƏTLƏ YETİRİB - Ukraynadan qayıdan keçmiş məhbusların ilginc cinayətləri

2024-04-26 14:47:55

ƏFV EDİLƏNLƏR 100-dən ARTIQ İNSANI QƏTLƏ YETİRİB - Ukraynadan qayıdan keçmiş məhbusların ilginc cinayətləri

Kremlin məhbəsdən azad edərək Ukraynaya qarşı işğalçılıq müharibəsinə cəlb etdiyi cinayətkarların əhəmiyyətli hissəsi Rusiyaya qayıdandan sonra yerli əhalinin qəniminə çevrilirlər. Həmin şəxslərin məskunlaşdıqları yaşayış məntəqələrində insanlara rahatlıq vermədiyinə dair mütəmadi şikayətlər dərc edilir. Onların çoxsaylı ağır cinayətlərinin statistikası isə Kreml tərəfindən mümkün qədər gizlədilir.

Rusiyanın “Vyorstka” nəşri Vladimir Putinin əfv etdiyi “xüsusi hərbi əməliyyat veteranları”nın vətənə qayıtdıqdan sonra törətdikləri cinayətlərə dair statistika yayımlayıb. Müharibə “qəhrəmanlıqları”nın öz həmvətənlərinə, qonşularına, dostlarına, hətta öz doğmalarına qarşı törətdikləri ağır cinayətlər (qətl, zorlama, quldurluq və digər əməllər) dəhşətlidir.

Yazıda bildirilir ki, jurnalistlər təkcə açıq mənbələrdəki məlumatlar əsasında bu şəxslərin azı 100-dən artıq insanı qətlə yetirdiklərini müəyyən ediblər. Belə ki, son iki ildə açıq mənbələrə görə, Ukraynadakı müharibə iştirakçılarının törətdiyi cinayətlər nəticəsində azı 107 nəfər ölüb, təxminən bir o qədər də ağır yaralanıb: “Geri qayıdan əsgərlər insan tələfatı ilə nəticələnən azı 84 cinayət törədiblər: 76 nəfərin ölümü ilə nəticələnən 55 qətl, 18 nəfərin sağlamlığına ağır zərər vurulması və nəticədə 18 nəfərin həlak olması, 9 yol hərəkəti qaydasının pozulması nəticəsində 11 nəfərin ölümü və sair. Bundan əlavə, həmin şəxslərin narkotik maddələrdən istifadəyə təhriki səbəbindən iki azyaşlı həyatını itirib. Məhkəmə hökmlərinə əsasən, Putinin Ukraynadakı müharibədə iştirakına görə əfv etdiyi məhbuslar artıq Rusiya Federasiyasında törədilmiş yeni qətllərə görə 6 ildən 11 ilə qədər azadlıqdan məhrum ediliblər. Müharibənin digər “veteranları” isə 7,5-10 il müddətinə azadlıqdan məhrum olunublar. Müharibə iştirakçılarının əlavə maddələrlə mühakimə olunduğu hallarda maksimum müddət müvafiq olaraq 20-22 ilə qədər çatır.

Ölümlə nəticələnən ağır bədən xəsarəti hallarında isə bu müddətlər bir qədər aşağıdır: özəl hərbi şirkətlərin muzdluları üçün 5,5 ildən 10 il 8 ayadək, digər əsgərlər üçün - 6 ildən 9,5 ilədək həbs.

Müharibədə iştirak edən, lakin bunu rəsmiləşdirməyənlərin də törətdikləri ağır cinayətlər var ki, onlar yuxarıdakı statistikaya salınmayıb. Məsələn, Petrozavodskda həyat yoldaşını güllələyən hərbçinin cinayəti, eləcə də Mahaçqalada “Kadillac”ı ilə ana və uşağı vuran Milli Qvardiya əsgərinin yol hərəkəti qaydalarını pozması statistikaya daxil edilməyib”.

Müəlliflər qeyd edirlər ki, ağır cinayətlər, xüsusilə də qətl törədən 45 əfv edilmiş müharibə “qəhrəmanı”ndan 24-ü eyni cinayəti təkrar törədənlərdir: “Ən çox yayılmış cinayət həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmadır. Vətənə qayıdan müharibə veteranları ən azı 87 belə cinayət törətmiş, nəticədə 18 nəfər həlak olmuş, 70 nəfər ağır yaralanmışdır.Onların arasında Rostov vilayətində “vaqnerçi” Vasili Vasyukov tərəfindən mübahisə zamanı törədilmiş qətl də var. Vasyukov onu anasının əvəzinə böyütmüş 77 yaşlı nənəsinə bir neçə bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. Başqa bir misal. Putin tərəfindən əfv edilən Andrey Rıkaşev “xüsusi hərbi əməliyyat” ilə bağlı mübahisədən sonra öz tanışını Moskva vilayətindəki uşaq meydançasında öldürüb. Cinayətkar öz tanışının arteriya damarını kəsib və o ölənə qədər siqaret üçün mağazaya gedərək, geri qayıdıb. Orada polisi gözləyərkən isə həmin an meydançada olan uşaqla söhbət edib.

Elə olur ki, mübahisələrin və qətllərin səbəbi qısqanclıq və ya köhnə incikliklər də olur. Belə ki, Tula vilayətində “Vaqner” in muzdlu əsgəri İlya Massalitin keçmiş sevgilisini qısqandığı kişiyə bir neçə bıçaq zərbəsi vurub, sonra isə onun başını balta ilə yarıb. Udmurtiyada “Axmat” batalyonunun könüllüsü Sergey Batuev köhnə tanışını kabellə boğaraq öldürüb. Səbəb də bu olub ki, guya o, bir vaxtlar Batuevdən borc götürüb və qaytarmayıb”.

“Vyorstka” qeyd edir ki, nə Rusiya Federasiyasının dövlət qurumları, nə də media çox vaxt qatillərin “döyüş keçmişi” barədə məlumat vermir. Cinayətlərin özləri isə hesabatlarda standart cinayətlər kimi keçir və buna görə də diqqətdən kənarda qalır.

Yazıda daha sonra deyilir ki, Rusiya Federasiyasının Kirov Vilayət Məhkəməsi təqaüdçünü zorlamaqda və vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilinən Novı Buret kəndinin sakini, “Vaqner” PMC-nin keçmiş döyüşçüsü İvan Rossomaxini, cəzasını ciddi rejimli koloniyada çəkməklə, 22 il müddətinə azadlıqdan məhrum edib: “O, 2022-ci ildə başqa bir qətlə görə həbs cəzası çəkərkən “Vaqner” tərəfindən “işə götürülüb”. Rossomaxin 2019-cu ildə həmkəndlisini öldürüb və buna görə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, hələ 2034-cü ilin sentyabrında azad edilməli idi. Lakin vaxtından 12 il tez vətənə qayıdıb. Özü də artıq "Şimal Hərbi Dairəsinin Qəhrəmanı", “Vaqner” PMC-nin medalı və Rusiya Prezidenti Vladimir Putinin əfv fərmanı ilə. 2023-cü ilin yazında isə 85 yaşlı Yuliya Buyskixi zorlayıb və qətlə yetirib”.

Göründüyü kimi, Rusiyanın Ukraynada davam etdirdiyi işğalçılıq müharibəsinin ağır fəsadlarından biri də müharibədən qayıdanların törətdikləri cinayətlərdir. Belə görünür ki, hakimiyyəti və müharibəni dəstəkləyən rusiyalılar hələ uzun müddət bu vəziyyətlə barışmalı olacaqlar…

C.Məmmədov

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174431