Saat:20:42
Haqqımızda

“Əfqan” Mübariz Mənsimovun SAVAŞ BLEFİ: “Palmali”nin sahibi 11 yaşında necə sovet zabiti olub?

2022-05-16 20:41:00

“Əfqan” Mübariz Mənsimovun SAVAŞ BLEFİ: “Palmali”nin sahibi 11 yaşında necə sovet zabiti olub?

Son həftələrdə Azərbaycan və Türkiyə mediasındakı çıxışları ilə diqqət mərkəzinə düşən iş adamı Mübariz Mənsimov publikanın gözünün içinə qıpqırmızı yalan püskürməkdədir.

“Palmali” şirkətlər qrupunun sahibi, artıq uzun müddətdir, Türkiyə vətəndaşlığını qəbul edərək qardaş ölkədə yaşayan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov fərqli kanallara müsahibələrində izləyici auditoriyasında ironiya, ən yaxşı halda təəccüblə qarşılanan qeyri-adi fikirlər səsləndirməkdədir.

Ümumiyyətlə, son vaxtlarda yerli mediada Mənsimovun talış separatizmini alovlandıran, Azərbaycan dövlətinə qarşı ermənilərlə eyni cəbhədə yer alan şəxslərə öz çevrəsində həvəslə yer verməsinə, onlarla dərin işbirliyində olduğuna dair çox sayda təkzibedilməz materiallar dərc olunub.

Təbii, hər imkanda “türk oğlu türk olduğunu” və “üçüncü nəslində erməni olanları şirkətdə işə götürmərəm” “qətiyyət”ini afişa edən Mənsimov qeyd olunan separatçılarla bağlılığına min don geydirib, onları təmizə çıxarmağa çalışsa da, bu, ortadakı faktı əsla dəyişmir.

Qayıdaq Mənsimovun cəmiyyətdə birmənalı qarşılanmayan, daha çox özündən “ötkəm oğlan” obrazı yaratmaq cəhdi kimi qiymətləndirilən fikirlərinə. “Palmali”nin sahibi “Xural”a müsahibəsində 2020-ci ildə öldürülən kriminal avtoritet Nadir Səlifovla (“Lotu Quli”) telefon söhbətində “leksikonundakı bütün söyüşləri” ona yağdırdığını, “qanuni oğru”nun isə bu təhqirlərə üzr istəyib sağollaşmaqla cavab verdiyini deyib.

Mənsimovun bu iddiasına reaksiya verənlərin əksəriyyəti onun adıçəkilən, artıq həyatda olmayan kriminal avtoritetlə bağlı söylədiklərini ciddiyə almadı. Doğrudan da, “Lotu Quli”nin kriminal aləmdəki sanbalını və fərdi xüsusiyyətlərini nəzərə alsaq, onun “Palmali” sahibinin təhqirlərini üzrxahlıqla qarşıladığı inandırıcı deyil. Amma bu məqam Mənsimovu heç narahat etməyib. Hər halda, o da bilir ki, “Lotu Quli”nin bu iddianın hesabını çəkməsi artıq imkansızdır.

Yeri gəlmişkən, Mənsimovun bu iddiası sağlığında “Lotu Quli” ilə münasibətləri olmuş bir çox şəxsləri də qəzəbləndirib. Onların sırasında olan jurnalist Eynulla Fətullayev isə Mənsimovun dediklərinə sərt qarşılıq verərək, onu “dilini kəsməklə” təhdid etməkdən də çəkinməyib:

“Qardaşımız Quli həyatda yoxdur, amma biz varıq və ayaqdayıq. Qardaşımıza dil uzadanın dilini kəsərik! M.Mənsimov həyatda ən böyük səhvini etdi”.

Amma iş adamı, heç olmasa, bu iddiasının tozanağı çəkilənə qədər gözləməyərək növbəti absurd fikri ilə publikanın qarşısına çıxıb. O, Türkiyənin “Birgün” qəzetinə geniş müsahibəsində çox məqamlara toxunduqdan sonra jurnalistin onun Əfqanıstan savaşında iştirakı haqda sualını da cavablandırıb. Özü də necə... Siz də oxuyun:

“Bəli, 1980-ci illərdə gənc zabit olaraq, xidmət etdim. Müharibəni, Əfqanıstanın əzablarını gördüm. İndi oralar üçün çox üzgünəm”.

İlk baxışda mübahisə doğuracaq heç nə yoxdur. Lakin bu deyilənlərə tarixi ardıcıllıqla baxdığımızda Mənsimovun “barıtın ölçüsü”nü yenə itirdiyini görərik. Özünüz də müqayisə edin: keçmiş SSRİ-nin Əfqanıstana hərbi təcavüzü 1979-cu il dekabrın 24-də başlayıb və 1989-cu il fevralın 15-də müharibə dayandırılıb.

Mənsimovun 1968-ci ildə anadan olduğunu vurğulasaq, bu halda Əfqanıstan savaşı başlayanda onun cəmi 11 yaşı olub. Müharibənin təqribən 10 il davam etdiyini gözə alsaq, o zaman Mənsimovin 1986-cı ildə, 18 yaşında hərbi xidmətə çağırılması və Əfqanıstana göndərilməsi mümkündür.

SSRİ-də hərbi xidmət müddəti iki il olduğu üçün adam məntiqlə 20 yaşında, yəni 1988-ci ildə ordudan tərxis olunmalıdır. Stop! Bəs Mənsimov Əfqanıstanda zabit olaraq xidmət etdiyini deyir axı. Hə, iplər elə burada dolaşır. Çünki SSRİ-də ali hərbi təhsili 21-22 yaşdan tez başa vurmaq mümkün deyildi. Bu səbəbdən Mənsimovun o yaşda hətta ən aşağı zabit heyətinə düşməsi də imkan xaricindədir. Yaxşı, onda Mənsimovun publikaya “oynamağının” məntiqi nədir? Doğru cavabı ancaq özü verə bilər.

Çox maraqlıdır, Mənsimov nədən özü barəsində əleyhinə çevrilən, ictimai rəydə kəskin ironiya ilə qarşılanan, reallıqdan uzaq fikirləri niyə ard-arda dövriyyəyə buraxır? Normalda insan öz fəaliyyətini nə qədər şişirtməyə çalışsa da, yenə müəyyən nöqtədə “ağ etmək olmaz” deyərək dayanır. Görünür, Mənsimovda özünü olduğundan daha vacib persona kimi göstərmək maniyası elə güclüdür ki, “daxili əyləc”i sözünə baxmır. Nəticədə belə gülünc doğuran, sahibini son dərəcə qeyri-ciddi göstərən absurd iddialar yaranır.

Bu yerdə Milli Məclisin deputatı, 1969-cu il təvəllüdlü Siyavuş Novruzovun Əfqanıstanda “naçalnik razvedkanın rəisi” olması haqda məşhur iddiası yada düşür. Mənsimov da yəqin ki, Əfqanıstanda “naçalnik aviasiyanın rəisi” olub. Bəlkə də, daha yüksək post tutub...

Deməyə nə var ki...

Aqil Vəlili

Oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR