“Efirləri qadınlar zəbt edib, görün nə qədər ailələr dağılıb, boşananlar da..” – Akif İslamzadədən ETİRAZ + ÖZƏL

“Efirləri qadınlar zəbt edib. Verilişə dəvət edənlər də qadınlardır. Mənim bir dostum var, deyir ki, qadınlarla kişilər bərabərdir. Mən istəmirəm kişilərlə qadınlar bərabər olsun. Televizoru açırıq ancaq qadınlardır. Belə olmaz. Bu cəmiyyətin zəifliyinin birinci göstəricisidir. Hələ bu harasıdır? Hələ bir də görəcəksiniz ki, qadın müğənnilər çoxalacaq. Qadınlar iş başında kişilərdən daha çox olacaqlar. Gedişat bunu göstərir”.
Bu sözləri Medianews.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.
Müğənni boşanmaların sayının artdığını və bu işdə də qadınları günahlandırıb:
“Mən 20 ildən danışmıram. Sonuncu 10 ili götürün. Görün nə qədər ailələr dağılıb, boşanmalar çoxalıb. Özü də boşanma təşəbbüsü qadınlardan gəlir. Bu da nə ilə əlaqədardır? Qərbin apardığı siyasətdir. Milliliyi dağıtmaq istəyirlər. Bunun hamısı zamanında kitablarda da yazılıb, mən özümdən danışmıram. Götürün oxuyun da kitabları. Bu məmləkətdə ən ucuz əşya kitabdır. Necə ki, 1400 il bundan əvvəl yazırdılar ki, səhra bədəviləri, yəni ərəblər Dubayda hündürmərtəbəli binalar tikməkdə bir-birləri ilə yarışacaqlar. Bu gün də eyni şeyləri görürük. Valideynlə övlad arasında pərdə götürülüb. Bu cəmiyyət heç də yaxşılığa doğru getmir” deyə o bildirib.
Akif İslamzadə bildirib ki, mahnılarını oxuyan gənclərə hər zaman dəstək olub:
“Mən heç kimə qadağan edib deyə bilmərəm ki, mahnımı oxuma. Bu düzgün deyil. Nəinki mən, heç bir müğənni bunu deyə bilməz. Bəlkə də deyirlər, amma deməməlidirlər. Mənim ifamda olan mahnılar artıq xalqın dilində əzbərdir. Gənclərlə münasibətim də çox yaxşıdır. İcazə alıb ifa edirlər. Sevməsələr oxumazlar ki.. Demək ki, mahnılarımı sevib, hörmət edirlər ki, oxuyurlar da. Sevda Ələkbərzadə silsilə mahnılarıma müraciət edib. Müğənni Zamiq də həmçinin” deyə sənətkar bildirib.
Əli Əsgər
