Saat:22:31
Haqqımızda

“ƏDALƏTLİ MÜHAKİMƏ TƏLƏB EDİRƏM!” – Tanınmış bəstəkar həbsxanadan “Hürriyyət”ə məktub göndərdi

2022-06-30 11:12:00

“ƏDALƏTLİ MÜHAKİMƏ TƏLƏB EDİRƏM!” – Tanınmış bəstəkar həbsxanadan “Hürriyyət”ə məktub göndərdi

Həbsdə olan gənc bəstəkar Tural Bayraməliyev iddia etdiyi qanunsuz həbsi ilə bağlı həbsxanadan “Hürriyyət”ə yeni məktub göndərib. Hurriyyet.az həmin məktubu oxucularına təqdim edir:

“Mən, tanınan bəstəkar və ictimai xadim Tural Bayraməliyev, bir daha həbsxanadan yazıram. Və azadlıq haqqımı əldə edənə qədər də yazacam. Bu dəfə yazaraq təəssüf və hiddətlə onu nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu təqsirləndirildiyim qondarma cinayət işi üzrə hətta üzə çıxmış yeni hala belə baxmaq istəmir. Ötən həftə səlahiyyətli nümayəndəm Samir Zeynalovdan aldığım məlumata görə, iş üzrə yeni açılmış halla bağlı Ali Məhkəmənin Plenumuna ünvanladığım ərizənin icraata götürülməsindən imtina edilib və bu barədə müvafiq qərar qəbul olunub. Lakin qərarın məzmunu və əsası nədən ibarətdir, nə mənə, nə də nümayəndəmə məlum deyil. Çünki qərarı nə cəza çəkdiyim müəssisəyə göndəriblər, nə də ki, bu barədə zəruri məlumat veriblər.

Görün, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq sistemi necə böyük bir biabırçılığın girdabına məhkum olub ki, hətta məhkumun əleyhinə olan qərar belə ondan gizlədilir, onun və nümayəndəsinin məlumat almaq hüququ məhdudlaşdırılır. Sanki sözügedən məlumat dövlət sirri təşkil edən məxfi məlumatlardır və ona əlçatımlılıq ola bilməz.

Göründüyü kimi, mənə münasibətdə ədalətlili məhkəmə araşdırması hüququ hələ də təmin edilməmiş olaraq qalır. Elə ilk gündən olduğu kimi... Niyə? Çünki həbsim sifarişlidir. Çünki Azərbaycanda ədalətli məhkəmə-hüquq sistemi və məhkəmə hakimiyyətinin müstəqilliyi yoxdur. Bu anlayışlar sadəcə kağız üzərində mövcuddur və vətəndaş üçün praktiki əhəmiyyətə malik deyil.

Bəs kimdir, qanunsuz və qərəzli həbsimin sifarişçisi? Əlbəttə ki, “fövqəlnazir” Kəmaləddin Heydərov! Zərrə qədər olsun şübhəm yoxdur. Bu barədə əvvəlki açıqlamamda ətraflı məlumat vermişəm. Lakin xatırlatma üçün bir daha konkret olaraq qeyd etmək istəyirəm ki, mənə qarşı açılmış qondarma cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış Şədiyyə Salehli “fövqəlnazir”ə yaxınlığı ilə seçilir. Dəhşət saçan biabırçılıqdır ki, Kəmaləddin Heydərov fövqəladə halların qarşısının alınmasında əhəmiyyətli işlər görmək əvəzinə, vəzifə səlahiyyətlərinin icrasını mənim qanunsuz həbsim üzərindən həyata keçirərək məhkəmələrə müdaxilə edir, adı dələduzluqda halanan şəxsi mənim ziyanıma qoruyur və istəklərini həyata keçirir. Əgər dediklərimdə zərrə qədər yanılmış olsaydım, Azərbaycan məhkəmələrindən, ələxsus Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevdən bu qədər sözlə ifadə olunması müşkül olan ədalətsizlik və süründürməçilik görməzdim.

Ona görə də mən adlarını sadaladığım bu şəxslərə yox, yenə də Azərbaycan Respublikasının birinci şəxslərinə - hörmətli Prezidentimiz İlham Əliyevə və Birinci-vitse prezident xanım Mehriban Əliyeva üzümü tuturaq kömək istəyirəm...

Düçar olduğum bu ədalətsizlik məni haqqı olan azadlığımdan və övladlarımın nəfəsindən, qoxusundan 4 ildir ki, məhrum edib. Mən mərhəmət istəmirəm, ədalət tələb edirəm. Ədalətli mühakimə mənim hüququmdur və mən ədalətli mühakimə tələb edirəm!

Azadlıq hüququm bərpa olunana qədər ardı olacaq...

Diqqətinizə görə minnətdaram!

Hörmətlə,

Tural Bayraməliyev,

13 saylı Cəzaçəkmə Müəssisəsi”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR