Saat:19:25
Haqqımızda

Əcnəbi seyrə PUA-larla çıxır, biz hələ ələm gəzdiririk...- BİABIRÇILIQ + VİDEO

2022-08-10 23:18:00

Əcnəbi seyrə PUA-larla çıxır, biz hələ ələm gəzdiririk...- BİABIRÇILIQ + VİDEO
Atif İsmayılov:“Dini biliklərə mənsub olan şəxslərin sayı az və dini maariflənmə işində təbliğatın zəif olduğuna görə insanlar bu cür kənar ölkələrdən daxil olan “adət-ənənələrə” yiyələndilər”
 
“Bu insanlar arasında yüksək səviyyədə maariflənmə işi aparılsa, ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq”  
 
Məhərrəm ayının 10-cu günü Aşura Gününə təsadüf edir. Şiə müsəlmanları üçün olduqca mühüm olan bu gün matəm kimi qeyd olunur. Bu tarixdə Məhəmməd Peyğəmbərin (s.a.v) nəvəsi İmam Hüseynin (ə) və onun ailəsinin Kərbəla döyüşündə şəhid olmasına görə, bu gün bütün şiə müsəlmanları  yas saxlayır, müxtəlif dini ayinləri yerinə yetirir. Ölkəmizdə də hər il bu tarix məscidlərdə, dini məkanlarda mərasimlər keçirilir, insanlar qan vermə aksiyasına qoşulur.
 
Lakin bəzi insanlar tərəfindən yayılan videolar bu günün təhrif olunmasına gətirib çıxarır. Belə videolardan biri də Feysbuk sosial şəbəkəsində yayılıb. Videoda bir şəxsin əlində “ələm” adlandırdığı dəyənəklə yerə yıxıldığı görünür. Guya, həmin dəyənək onu tutan şəxsi idarə edir, sosial media istifadəçilərinin dili ilə desək, dəyənək “cuşa gəlir”.
Bu tip bir neçə video hər il mütamadi olaraq mediada yayılır, müzakirə mövzusuna çevrilir. İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bu barədə danışıb. Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində dini savadlılığın az olması nəticəsində bu kimi hallar baş verir:
 
“Xüsusilə, Sovet rejimindən sonra məscidlərimiz, ibadət yerlərimiz açıldı, insanlar  rahat dini ayinlərini icra etməyə başladı. Lakin bu zaman dini biliklərə mənsub olan şəxslərin sayı az və dini maariflənmə işində təbliğatın zəif olduğuna görə insanlar bu cür kənar ölkələrdən daxil olan “adət-ənənələrə” yiyələndilər. Təbii ki, bunların İmam Hüseynin (ə) Aşura məktəbi ilə əlaqəsi yoxdur. Sadəcə İmam Hüseynə (ə) əzadarlıq saxlayanların özünəməxsus matəm şüarları, qeydetmə forması var.  Məhz bu da Azərbaycanda çox qədim əzadarlıq saxlama metodudur. Məsələn, ələmin uçması, zəncirin vurulması, hətta baş yarmalar qədim  zamanlar ölkəmizdə mövcud olub. 
 
Biz bunu inkar edə bilmərik. Sovet dönəmindən öncə və sonra dini maariflənmə həddən artıq az olduğuna görə bu kimi ayinlər yerinə yetirilirdi. Hətta uşaqlığımda yaşadığım Cənub bölgələrində bəzi məscidlərdə bu rituallar qeyd olunurdu. O zaman insanlar bunu xurafat kimi qəbul etmirdirlər.
 
 Zamanın tələblərinə uyğun insanlara dini  biliklər aşılanmadığına görə , onlar İmam Hüseynə (ə) olan hüzün və kədərini  hansısa formada yerinə yetirirdilər. Amma indiki zamanda insanlar dinə daha çox sevgi və rəğbət bəslədiyinə görə, elmə fikir verilir, Quran təbliğ olunur, Peyğəmbərin (s) nəvəsinin başına gələn hadisələr televiziyalarda göstərilir. İnsanlar da həqiqəti dərk etdikdə anlayır ki, bu addımların Aşura məktəbi ilə bağlılığı yoxdur. 20-30 il əvvəl Azərbaycanda qan çıxarma olayını indi biz xurafat kimi qəbul edirik və onu qan vermə ilə əvəz etmişik. Gələcəkdə bununla bağlı fəsadlar ortaya çıxarsa, biz məcbur qan verməni də başqa bir münasib yolla əvəz edəcəyik”.
 
İlahiyyatçı hesab edir ki, maariflənmə işlərinin aparılması məqsədəuyğundur:
 
“Bu gün insanlar Bakıda mülayim şəkildə İmam Hüseynə (ə) olan sevgisini, məhəbbətini sakitcə ifadə edir. Xütbələr dinlənilir, mərsiyələr normal şəkildə deyilir. 
 
Biz buna maariflənmə sayəsində nail olmuşuq. Azərbaycanın ucqar rayonlarında qalan bu adət -ənənələrin aradan qalxması üçün o bölgələrdə olan dini icmalarda, məscidlərdə aktiv fəaliyyət göstərilməlidir. 
 
İnsanlara düzgün təlim verməli, dinin gözəllikləri anladılmalıdır. Həmin bölgələrə yüksək səviyyədə biliyə malik olan insanlar təyin olunmalıdır. Nəticədə insanlar yavaş-yavaş anlayar ki,  hansı əməllər İmam Hüseynin (ə) əzadarlıq məktəbinə fayda verər, hansı əməllər zərər verər. 
 
Bizim dinə düşmənçilik edənlər bunları pis formada qələmə verirlər. Amma insanları dinləsələr, görəcəklər ki, bu yalnız əzadarlığın bir ifadə formasıdır. Bu insanlar arasında yüksək səviyyədə maariflənmə işi aparılsa, ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq”.  

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR