Əbülfəs Qarayev MƏHKƏMƏYƏ GƏTİRİLƏCƏKMİ? - Ortada konkret İTTİHAMLAR VAR...

2021-09-15 10:40:00

Əbülfəs Qarayev MƏHKƏMƏYƏ GƏTİRİLƏCƏKMİ? - Ortada konkret İTTİHAMLAR VAR...

 

 Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Ötən prosesdə təqsirləndirilən Zakir Sultanov və iş üzrə şahid qismində dindirilən “Azəraqrartikinti” ASC-nin filial müdiri Nüsrət Ömərov keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb ediblər. Məhkəmənin sabiq nazirlə bağlı məsələyə münasibəti sentyabrın 16-da keçiriləcək iclasda məlum olacaq.

Hazırda məhkəmədə Azərbaycan Milli İncəsənət Muzeyinin təmirinə ayrılan 31 milyon manat vəsaitlə bağlı epizod araşdırılır. İncəsənət Muzeyinin təmirinə bu qədər böyük vəsait ayrılmasını şahid Ömərov belə izah edib: “Təmir prosesinə xaricilər də cəlb olunmuşdu. İtalyanlar bizdən 12 milyon pul almışdı. Xaricilər yaxşı şəraitli ev, istirahət istəyirlər. Bəzən nağd vəsait lazım olurdu. Bu zaman hesabdan çıxarıb nağdlaşdırırdıq, təyinatı üzrə istifadə edirdik”.

Şahid Ömərov vurğulayıb ki, işlərin necə həyata keçirilməsindən ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevin də xəbəri olub: “Xahiş edirəm, onu çağırıb dindirin. Bir çox işlərdən onun da xəbəri var”. Ardınca təqsirləndirilən Sultanov özü də sabiq nazirin məhkəməyə çağırılmasını istəyib.

Mədəniyyət Nazirliyinin sabiq rəhbərliyinin, xüsusən də Əbülfəs Qarayevin fəaliyyətindən xəbərdar olanlar deyirlər ki, bu gün o, yaxasını kənara çəkib özünü heç nə baş verməmiş kimi aparır. Faktiki isə Mədəniyyət Nazirliyinin balansında olan və Bakının ən gözəgəlimli yerlərində yerləşən bir çox kitabxanalar məhz Əbülfəs Qarayevin “yüngül əli” ilə “özgəninkiləşdirilib”. Belə kitabxanalardan biri də İçərişəhərdə olub.

“Əbülfəs Qarayev İçərişəhərdə yerləşən və Mədəniyyət Nazirliyinin balansında olan kitabxanalardan birini satmaq istəyirdi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə Əbülfəs Qarayevin bu sövdələşməsinə qarşı çıxmışdı. Buna görə nazirlə idarə rəsinin böyük bir davası olmuşdu. Hətta Əlikram Əliyev Əbülfəs Qarayevə kəskin sözlər demişdi, ondan özbaşınalığa son qoymasını istəmişdi. ”91-lər"dən olan Əlikram Əliyevlə nazir arasında bu əsnada mübahisə yaranmışdı, dava düşmüşdü. O zaman bu dava haqda mətbuatda da yazılar dərc olunub. Bundan az sonra isə Əbülfəs Qarayev Əlikram Əliyevi vəzifəsindən uzaqlaşdırdı. İçərişəhərdəki kitabxana da 850 min manata satıldı", - deyə qaynağımız bildirib. Maraqlıdır ki, bu epizoda cinayət işinin materiallarında rast gəlinmir.

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Tarixi-mədəniyyət binalarının təmir-bərpası zamanı 6 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində suçlanan Sultanov istintaq dövründə ziyanı ödəyib. Bunun 4 milyon manatı nağd pul şəklində ödənilib. Sabiq xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min, və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub. O, həmin əmlakların da ziyanın ödənilməsinə yönləndirilməsi üçün razılıq verib. Sultanovla birlikdə həbs olunan mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun məhkəməsi yekunlaşıb. O, rüşvət alma ittihamı ilə 8 il azadlıqdan məhrum edilib. Sabiq nazir müavini özünü təqsirli bilmir.DogruXebər.az