DYP-nin LÜKS AVTOMOBİL “SEVGİSİ”... – Yol polisinin bahalı avtomobillərə marağı nədən qaynaqlanır?
Ekspert: “Yol polisinə Neftçalanın “Xəzər” avtomobillərini vermək lazım idi”
Məlum olduğu kimi, yol polisinə yeni “Volvo” markalı bahalı avtomobillər verilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) məlumatına əsasən, “Volvo S90” və “Volvo S60” modeli olan avtomobillər artıq xidməti maşın statusu alıb. DYP-nin Yol Patrul Xidməti Alayının balansına verilənbu avtomobillərin Bakıdan kənarda, əsasən magistral yollarda istifadə ediləcəyi bildirilir.
Qeyd edək ki, kifayət qədər bahalı və lüks hesab olunan “Volvo” markalı avtomobillərin DYP-nin istismarında olması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksər sosial şəbəkə istifadəçiləri sözügedən avtomobillərin qiymətinin kifayət qədər baha olmasından şikayətləniblər. Onlar dövlət büdcəsindən maliyyələşən DYP-nin bu cür avtomobillər əvəzinə yerli və nisbətən ucuz markalardan istifadə etməli olduğunu bildiriblər.
Əslində DYP-nin istismarında son model avtomobillərin olması zaman-zaman insanların haqlı narazılığına səbəb olub, sosial şəbəkələr vasitəsilə gündəmə gətirilsə də, bu müddət ərzində qurumun lüks seçimlərində bir dəyişiklik baş verməyib. Əksinə DYP-nin avtomobil parkına daha da bahalı avtomobillər gətirilib.
Məlumat üçün qeyd edək ki, DYP xidməti avtomobil kimi hazırda - “BMW”, “Mercedes”, “Hyundai” və “KİA” markalı avtomobillərdən istifadə edir. Son dövrlər “BMW” modelindən sonra patrul avtomobilləri “Mercedes” modelinə keçid edir. Hazırda Bakıda istifadə olunan “BMW” və “KİA”-lar regionlara göndərilir, regionlarda istismar müddəti bitmiş vaxtilə “od bahasına” alınan həmin avtomobillər isə indi ucuz qiymətə satışa çıxarılır.
Hazırda DYP-nin istifadəsində olan ən bahalı avtomobil “Mercedes AMG C43” hesab olunur. Bu avtomobilin bazar modifikasiya ilə qiyməti 53400 dollardır.
“Volvo”-nun S60 və S90 modellərinin qiymətinin bazar dəyərinə gəlincə, bu avtomobilər təxminən 30-60 min dollar aralığında təklif edilir. Maraqlıdır ki, bu avtomobillərin də alınması ilə bağlı müqavilə dövlət satınalmaları üzrə müqavilələrin reyestrində öz əksini tapmayıb.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu cür avtomobillərin saxlanması, texniki xidməti də kifayət qədər vəsait tələb edən bir məsələdir. Yeri gəlmikən, onu da qeyd edək ki, hazırda “Mercedes AMG C43” modeli Azərbaycanla yanaşı cəmi bir ölkədə - Avstriyada istifadə edilir. Bu həmin Avstriyadır ki, bu gün dünya reytinqində ən bahalı polis avtomobillərinin olduğu ölkələr siyahısında 8-ci sıradadır...
Bəs maraqlıdır DYP-nin bu cür bahalı avtomobillərə marağı nədən qaynaqlanır?
Nəqliyyat eksperti İlqar Hüseynli “AzPolitika.info”-ya şərhində bildirib ki, əslində DYP-nin nəqliyyat parkının yenilənməsinə ehtiyac yox idi:“Biz ilk növbədə bu suala cavab tapmalıyıq – DYP-nin parkı yenilənməli idimi? Bildiyiniz kimi, DYP parkının yenilənməsi ilk növbədə “BMW” markalı avtomobillərlə başlayıb. Daha sonra onları əvəz etmək üçün ölkəyə çox bahalı “Mercedes” maşınları gətirilib. Ardınca DYP daha bahalı alqı-satqılara keçid edərək, “KİA” və “Hyundai” markalı avtomobillərə yönəlib. Səhv etmirəmsə, artıq bu avtomobillər rayon polislərinin istismarına verilib. Mən hesab edirəm ki, DYP-nin avtomobil parkı istismar müddətini başa vurmayıb. Açığı DYP parkında kifayət sayda lüks avtomobil olduğu halda, dövlətin yenidən bu qədər vəsait xərcləməsi başa düşülən deyil. Mən anlamıram ki, bu hansı diskomfortdan yaranan bir ehtiyacdır?”.
Ekspert Qarabağda gedən bərpa-quruculuq işləri fonunda bu cür xərcləmələrə ehtiyac olmadığını deyib:“DYP cərimələrdən, keçirdiyi müxtəlif təlim və kurslardan kifayət qədər vəsait əldə edən və özünü maliyyəşdirən bir strukturdur. Amma sözügedən avtomobillər dövlət büdcəsi hesabına alınır. Əgər bu cür satınalmalarda DYP-nin gəlirlərindən istifadə olunsaydı, biz bunu müəyyən mənada anlayışla qarşılaya bilərdik. Lakin biz görürük ki, burada qənətcillikdən kənarlaşma var. İndi ölkənin elə bir vaxtıdır ki, hər qəpik, hər manata böyük ehtiyac var. Bəs Qarabağda bərpa-quruculuq işlərinin getdiyi bir vaxtda yeni və bahalı avtomobillərə nə ehtiyac var? Onsuz da, bizim magistral yollarımızda makimal sürət həddi 110-dur. Eyni zamanda, bu yollarda kifayət qədər DYP postları var və qanunla müəyyən edilib ki, istisna hallardan başqa polis sürücünü təqib edə bilməz. Demək istəyirəm ki, belə bir şəraitdə yüksək sürəti ilə seçilən bu cür avtomobillərə heç ehtiyac da yoxdur axı. Ehtiyac varsa belə onsuz da, ölkədə yüksək sürətə malik olan yetəri qədər “BMW” və “Mercedes” markalı polis avtomobilləri var”.
Ekspert təklif edib ki, Neftçala istehsalı olan “Xəzər” markalı avtomobillər DYP istismarına verilə bilər:“Hazırda Neftçala Avtomobil Zavodunda istehsal olunan 800 ədəd “Xəzər” markalı avtomobil var. İnsanların maraq göstərməməsi, bazardakı tələb-təklif şərtlərinə görə bu avtomobillər həmin zavodun ərazisində qalıb. Məncə DYP-yə Neftçalanın “Xəzər” avtomobillərini vermək lazım idi. Onsuz da, DYP əməkdaşlarının işi işə gəlib-getməkdən, komandirlərini harasa aparmaqdan ibarətdir. Zənnimcə dövlət başçısının müşahidəsi üçün bahalı, lüks avtomobillərdən başqa digər polislər yerli istehsal olan avtomobillərdən istifadə etməlidirlər”.
Qeyd edək ki, qonşu ölkələrin polis sistemində Azərbaycandan fərqli olaraq əsasən yerli istehsal və ucuz patrul avtomobilərindən istifadə edilir. Məsələn, qardaş ölkə Türkiyədə “Fiat Doblo”, “Ford Transit Connect”, “Tofaş Şahin”, “Renault Toros”, “Renault Megane 2”, “Renault Clio Symbol” kimi ucuz və yerli marakalara üstünlük verilir.
Qonşu ölkə Rusiyada isə polislər hələ SSRİ dövründən yerli avtomobillərdən istifadə edir. Ancaq yerli maşınlarla yanaşı, “Ford”, “Audi”, “Toyota” kimi xaricdə istehsal edilən, lakin ucuz olan avtomobillər də istismar edilir.
Avtomobilin vətəni Almaniyada yol-patrul xidməti üçün əsasən, “Audi A6”, “Audi A8”, “BMW 3”, “BMW 5”, "Mercedes-Benz B-klass", "Mercedes-Benz C-klass", "Mercedes-Benz E-, “Mercedes-Benz S-klass”, “Mercedes-Benz Vito”, “Opel Insignia”, “Opel Astra”, “Opel Omega”, “Opel Zafira”, “VW Passat”, “VW Sharan”,”VW Touran” kimi avtomobillərdən istifadə edir. Dubayda isə varlı şəhərin polisləri “Mercedes” və “BMW” markalı avtomobillərdən istifadə edir. Kanada polisi isə bir çox hallarda ata üstünlük verir. Bununla yanaşı “Ford Crown”, “Chevrolet Impala”,”Chevrolet Lumina” və “Chevrolet Caprice” kimi avtomobillərdən də istifadə edilir.
Maraq üçün dünyanın ən bahalı polis avtomobilinin olduğu ölkələrin siyahısını təqdim edirik:
1. Dubay – “Bugatti Veyron” - 4 milyon dollar;
2. Almaniya – “Mercedes-Benz Brabus” - 580.000 dollar;
3. Böyük Britaniya – “Lamborghini Murcielago” - 380.000 dollar;
4 . Cənubi Afrika Resbuplikası – “Lamborghini Gallardo” - 248.000 dollar;
5. Qətər – “Porsche Panamera” - 175.000 dollar;
6. Birləşmiş Ərəb Əmirlikləri – “Nissan GT-R” - 100.000 dollar;
7. Avstriya – “Porsche Carrera” - 95.000 dollar;
8. Avstraliya – “Lotus Exige Cruiser” – 84.000 dollar;
9. ABŞ – “Dodge Charger Police Interceptor” – 66.000 dollar.
Hər halda bu gedişlə bir neçə ildən sonra Azərbaycanın da adını bu siyahıda görsək təəccüblənməməliyik...
azpolitika.info