“Düşünmürəm ki, dünən Müdafiə Nazirliyi nəyisə gec elədi”

2022-08-04 14:00:00

“Düşünmürəm ki, dünən Müdafiə Nazirliyi nəyisə gec elədi”

Avqustun 3-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatı zamanı cəmiyyətdə dəqiq və operativ informasiyaya ehtiyac kəskin artırdı. Birdən-birə əksər sosial media istifadəçiləri, hərbi xidmətdə yaxınları olan yüzminlərlə insan gələn xəbərləri gözləməyə, alternativ xəbər mənbələrini izləməyə başladı. Təcrübədən də göründüyü kimi bu vəziyyət müəyyən sosial media kanallarının aktivləşməsinə, erməni teleqram kanallarının önə çıxmasına, xaricdən Qarabağda baş verənlər barədə “operativ” informasiyalar yayan şəxslərin vəziyyəti ələ almağa cəhd göstərməsinə gətirib çıxardı.

Dünən Laçında şəhid olan əsgər Anar Kazımova məxsus olduğu bildirilən foto bir neçə dəqiqə içində sosial şəbəkələrdə yayılmağa başladı, hətta bəzi saytlar da sosial şəbəkəyə inanıb həmin fotonu dərc etməyə başladı. “Qafqazinfo” olaraq məlumatı dəqiqləşdirməyə çalışdıq və məlum oldu ki, foto Anar Kazımova məxsus deyil. 

Bu gün səhər saatlarından isə hərbçilərimizin guya dünən erməni silahlılarını əsir götürməsi ilə bağlı videolar yayılmağa başladı. Yenə də video bir neçə saniyə içində bütün sosial şəbəkə platformalarında göstərildi. Daha sonra məlum oldu ki, bu video da köhnədir və dünənki "Qisas" əməliyyatı ilə heç bir bağlılığı yoxdur.

 

Günün ən ağır dezinformasiyası isə şəhid anasının ölüm xəbəri ilə bağlı idi. Bilib-bilmədən hamı şəhid Anarın anasının ürəyi partladığı barədə məlumatı tirajladı...

Ötən gün baş verənlər: şəhidə məxsus olmayan fotonun “Şəhid Anarın fotosu”, köhnə videonun yeni kimi təqdim edilməsi, “Şəhid anasının ürəyi partlayıb öldü” başlığı ilə həqiqətə uyğun olmayan məlumatların yayılması cəbhədə baş verənləri fürsət bilib izləyici və laykla məşğul olanların sayının çox olduğunu bir daha göstərdi.

Hərbi ekspert Üzeyir Cəfərov “Qafqazinfo”ya bildirib ki, əməliyyatlar zamanı, eləcə də digər vaxtlarda hərbi qüvvələrin hərəkətini əks etdirən görüntülərin nümayiş etdirilməsi, eləcə də dəqiqləşdirilməmiş məlumatların yayılması yolverilməzdir:

“Ötən gün həyata keçirilən əməliyyatla bağlı bu dəfə də bizim sosial media seqmenti özünü yaxşı aparmadı. Əvvəla, bu ordunun həyata keçirdiyi xüsusi bir əməliyyatdır. Niyə biz əsgər və zabitlərimizin həyatını riskə atmalıyıq? Ən xırda bir detalın mətbuatda-mediada yayılması böyük bir əməliyyatın taleyini həll edə bilər, uğursuzluqla nəticələnməsinə gətirib çıxara bilər. Belə hallarda səbir, dözümlülük nümayiş etdirmək lazımdır. Müdafiə Nazirliyi gün başa çatmamış məlumat yaydı. Elə şeylər var ki, tələsmək olmaz. Düzü bəzi dostların, həmkarların hərəkətləri məni məyus etdi. Erməniyə maraqlıdır ki, otursun Moskvada və ya İrəvanda məlumat öyrənsin. Bizimkilər də sosial şəbəkələrdə yazırlar: Kəlbəcərdə hərbi kalon gördüm, filan yerdə hərbi helikopter uçurdu... və sair. Ermənilərə də elə bu lazımdı ki, ajiotaj qaldırsınlar, diqqəti öz üzərlərinə çəksinlər, özlərini zərərçəkmiş kimi göstərsinlər. Şükürlər olsun ki, dünən əməliyyat uğurla başa çatdı. Strateji yüksəkliklər geri alındı. Bu, böyük hadisədir”.

Üzeyir Cəfərov əlavə edib ki, sosial media seqmenti bu kimi məsələlərdə dəqqətli olmalıdır: “Lakin dünən onun şahidi olmadıq. Ordu kiminsə sifarişi, istəyi ilə işləmir, bu son dərəcə həssas məsələdir. Mən düşünmürəm ki, dünən Müdafiə Nazirliyi nəyisə gec elədi. Əgər ordu sıralarında bəzi hərbçilər sosial şəbəkələrdə görüntülər yayırsa, canlı yayım açaraq məsuliyyətsizlik edirsə, onlar müəyyən edilir və məsuliyyətə cəlb edilirlər. Yayılan hər hansı dezinformasiya və ya görüntü Ordu ilə yanaşı ölkənin beynəlxalq imicinə də zərər vura bilər".

Media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, bu kimi hallarda sosial media seqmenti də ənənəvi media kimi hərəkət etməli, məsələlərə eyni qayğı ilə yanaşmalıdır:

“Hesab edirəm ilk öncə ənənəvi media və ya sosial media bu kimi vəziyyətlərdə eyni qayğılarla hərəkət etməlidir. Xüsusilə əgər söhbət həyatını itirən şəxsdən gedirsə, burada operativlikdən əvvəl dəqiqlik prinsipini əsas götürmək lazımdır, nəticədə yanlış fotosu yayılmış şəxsin özünün və ya yaxınlarının həyatında sağalmaz yaralar, fəsadlar yarana bilər. Ona görə də bu kimi hallarda ailənin xəbəri olmadan bəzi məlumat və görüntülərin yayılmasını doğru hesab etmirəm. Vəfat edən şəxsin ailəsinin məlumatlandırılmasından sonra dəqiqlik prinsipinə söykənərək bəzi məlumatları yaymaq olar, lakin bu dəfə də iki dəfə düşünmək, özünü həmin şəxslərin yerinə qoymaq lazımdır.

İkinci məsələ ondan ibarətdir ki, ötən gün yaranan vəziyyət və bu kimi hallarda cəmiyyətdə informasiyaya tələb çox yüksəlir və insanlar alternativ xəbər mənbələri axtarışına çıxır. Belə olduqda erməni mənbələrinin, qeyri-dəqiq informasiyalar yayan şəxslərin önə çıxmasını görürük və dezinformasiyaya meydan yaranır. Düşünürəm ki, rəsmi qurumlarımız, cavabdeh orqanlar bu kimi hallarda mövcud vəziyyətlə bağlı dərhal reaksiya verməlidir. Ola bilər əməliyyat davam edir, nəticələri gözləmək lazımdır, lakin səthi də olsa cəmiyyəti rəsmi məlumatlarla təmin etmək lazımdır ki, qeyri-dəqiq informasiyalara meydan açılmasın. Daha sonra daha ətraflı, detallı məlumatlar vermək olar. Ümumilikdə isə belə hallarda dəqiqlik prinsipini operativliyə qurban vermək doğru deyil, müəyyən qədər operativliyi geri atmaq, dəqiq informasiyalara söykənmək lazımdır”.

Qeyd edək ki, avqustun 3-də Laçın istiqamətində Qarabağdakı qanunsuz erməni silahlılarının Rusiya sülhməramlılarının olduğu ərazidən Ordumuzun mövqelərini atəşə tutması nəticəsində Azərbaycan hərbçiləri anti-terror əməliyyatına başlayıb. "Qisas" adı verilən əməliyyatlar çərçivəsində qanunsuz-erməni terrorçularının bir sıra mövqeləri məhv edilib, strateji yüksəkliklər nəzarətə götürülüb, düşmənin xeyli texnikası və canlı qüvvəsi sıradan çıxarılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061227