Saat:02:54
Haqqımızda

Düşmənin üzərinə tərlan kimi şığıyan Tərlan - FOTO

2025-02-25 11:36:14

Düşmənin üzərinə tərlan kimi şığıyan Tərlan - FOTO

Tərlan Bəxtiyar oğlu  Quliyev də öz adını  Azərbaycanın yeni, şanlı tarixinə yaza bildi. Özü də 21 yaşında. 44 günlük haqq savaşımızda  Vətən və millət  yolunda canından keçərək  qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna döndü. İndi özü cismən həyatda olmasa da,  kiçik də, böyük də Tərlanı özünə  iftixar mənbəyi, qürur yeri bilir. Vətəni necə sevməyi, halal torpağını qanı bahasına qorumağı zaman-zaman gələn nəsillərə də ondan öyrənəcək.   Bütün bunlara görə  əzəldən ürəyi Vətənə sevdalanan Tərlanın adı həmişə Vətənlə birgə çəkilər.

1999-cu il dekabrın 22-də Cəlilabad rayonunun Tahirli kəndində anadan olan Tərlan Quliyevin ana südü ilə axıb qəlbinə dolan yalnız  gözəl əməllər, Vətənə, insana sevgi olub.  Nəcib məqsədlərə tapınaraq   2017-ci ildə kənd məktəbini bitirib.  Əsgərlik yaşına çatanda  çox sevinib.  Qəlb dünyası sevdalı olsa da, axı  yağ düşmənin Qarabağ torpaqlarının işğalı onu  narahat edirdi. Odur ki, 2018-ci ildə ordu sıralarına yola düşəndə  birinci məqsədi   dığalardan  haqq, ədalət naminə qisas almaq olub.

Tərlan Quliyev  əsgərliyə  Goranboy rayonu “N” saylı hərbi hissədə başlasa da, andiçmə mərasimindən sonra Ağdamın Baharlı qəsəbəsində xidmətini davam etdirib. Orada olarkən XTQ kursuna yazılıb. Tərlan 6 aylıq kurs keçdikdən sonra gizir rütbəsinə yüksəlib.   Bütün xidməti boyu  Vətənə sevgi, düşmənə nifrət hissi onu bir an belə tərk etməyib. Təlimlərdə yüksək peşəkarlıq göstərib, həmişə   səngərə, ermənilərlə  döyüşə can atıb.

Nəhayət, Tərlanın arzuladığı, eləcə  hazır durduğu gün gəlib. 2020-ci il sentyabrın 27-də yağı düşmənin ilan başını  döyüş meydanında  əzərək  Qarabağımızı   azad etmək məqam yetişib. Bu  şərfli vəzifəni yerinə yetirənlərin arasında əlində silah   Tərlan   səngərdə yerini alıb.  İlk gündən döyüşdüyü yerlərin qəhrəman olub. Düşmənin üzərinə tərlan kimi şığıyan Tərlan  Füzuli, Murov, Kəlbəcər, Xocavənd  savaşlarında  ona ürəyincə qan qusdurub.  Onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib.  Həmçinin    İgidliyi, qorxmazlığı  onunla çiyin-çiyinə  döyüşən yoldaşlarına nümunə göstərilib.  Vətən sevdalı igid  oktyabrın  17-də  ağır döyüş meydanında   şəhidlik zirvəsinə ucalıb və doğulduğu Tahirli kəndində torpağa baş qoyub.

Gənc yaşında ömrünü  Vətənə xidmətə həsr edən Tərlan Quliyev  ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”,  Kəlbəcərin, Xocavəndin, Füzulinin azadlığı uğrunda medallara layiq olub.

Bəli, Tərlan Quliyev Vətəni, milləti üçün yaşadı. Odur ki, torpağa gömülmədi, köç etdiyi yer əbədi  könüllər oldu...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.295982