“Düş, söhbət edək, maykada maşın sürərlər?” - Polislə sürücü arasında insident

2022-08-30 15:15:00

“Düş, söhbət edək, maykada maşın sürərlər?” - Polislə sürücü arasında insident

Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri yayılıb.

Hurriyyet.az xəbər verir ki, görüntülərdə sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia edir. İnspektor Malik Qasımov isə sürücünü çəkiliş etməkdə günahlandıraraq kameranı söndürməsini tələb edir, ona maşından aşağı düşərək söhbət etməyi təklif edir: "Mən dövlətin polisiyəm. Sən dövlətin polisi ilə məzələnəsi adam deyilsən, kişi o hərəkəti eləmir, video çəkmir. Gecə siz yatırsız, biz xidmət aparırıq. Mən sənə yaraşdırmaram elə çəkəsən. 21 ildir yollardayam, sənin yaşın qədər stajım var, düş aşağı gəl söhbət edək. Sənin polislə problemin var? Maykada maşın sürərlər? Səni sutka gözləyir, polis kapitanı ilə məzələnirsən. Get vətən uğrunda döyüş deyim, hə, gəlib video çəkirsən, ayıbdır, yekə kişisən”.

Əlini maşının qapısı üzərinə qoyub açmağa cəhd edən polis əməkdaşı hadisə yerinə əlavə naryad dəvət edilməsini də təklif edib. 

Sürücü isə polisə danışıq tərzini irad tutaraq, gecə xidmət aparmağın onların vəzifə borcu olduğunu xatırladıb: "Maşını tərk etmirəm. Öz avtomobilimdir, istəsəm maykasız da sürərəm. Gecə xidmət aparmaq sizin vəzifə borcunuzdur".

Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov sürücüyə arxa işığının yanmadığını irad tutub və eyni zamanda onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəyib. Sürücü isə "mən içkili deyiləm, sözümə inanmırsan?" cavabını verib.

Mübahisənin sonunda sürücü cihaza üfürüb və onun içkili olmadığı bəlli olub.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun baş inspektoru, mayor Araz Əsgərli “Qafqazinfo”ya bildirdi ki, yol polisinin xüsusilə gecə saatlarında, istirahət və əyləncə mərkəzlərinin və ya sürücülərin sərxoş halda avtomobil idarə etməsi ilə bağlı ehtimal olunan yerlərdə seçmə üsulu ilə nəzarət profilaktiki qaydada sərxoşluq müayinəsi aparması tam qanunidir və beynəlxalq praktikada bu proses eyni formada icra olunur: “DİN öz fəaliyyətini aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun şəkildə qurur. Yol polisinin vətəndaşa “sizin avtomobilinizi sərxoşluğun yoxlanılması üçün saxlamışıq” deməsi kifayətdir. Sürücünün videoçəkiliş etməsində qəbahət yoxdur və qanunidir. Əməkdaşların sürücü ilə danışıqlarına gəlincə, düzdür, burada lüzumsuz dialoq var və buna görə də aidiyyətı üzrə xidməti araşdırma aparılır. Həmin əməkdaşlar barəsində qanuni tədbir görüləcək.

Gəlin hamımız hüquqlarımızı və vəzifələrimizi düzgün şəkildə qiymətləndirək, qaydalara hörmətlə yanaşaq, etik çərçivədən uzaqlaşmayaq. Bir-birimizin qarşısındakı üstünlüyümüz məsuliyyətli olmağımızla, qanunların aliliyi prinsiplərinə əməl etməyimizlə ölçülsə, cəmiyyət üçün daha faydalı olar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060311