Dünyada nə qədər insan heç vaxt internet istifadə etməyib? - Şok rəqəmlər
BMT-nin son hesabatı, dünya əhalisinin nə qədər böyük bir hissəsinin rəqəmsal dövrün hələ də kənarında qaldığını ortaya çıxarıb.
İnternetə çıxışı olmayan nəhəng kütlənin 96 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hesabat göstərir ki, zəngin və kasıb ölkələr arasında "bağlantı uçurumu” hələ də çox dərindir.
Artıq demək olar ki, hər kəs günün 24 saatı onlayndır. Lakin Birləşmiş Millətlərə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən hazırlanan hesabat, dünya əhalisinin dörddə birindən çoxunun internetdən heç istifadə etmədiyini göstərir.
ITU-nun məlumatına görə, hazırda təxminən 6 milyard insan internet xidmətlərindən istifadə edir. Bu, 2024-cü ildəki 5,8 milyard istifadəçi ilə müqayisədə 200 milyon artım deməkdir. Lakin bütün bu artıma baxmayaraq, 2,2 milyard insan hələ də tamamilə offlayn vəziyyətdədir.
İTU-nun illik "Həqiqətlər və Rəqəmlər” araşdırması göstərir ki, 2024-cü ildə internetdən heç istifadə etməyənlərin sayı 2,3 milyard idi və azalma çox cüzi olub. Bu vəziyyət, dünya əhalisinin 96 faizini əhatə edən 3G mobil şəbəkələrinə baxmayaraq yaşanır.
Hesabat göstərir ki, internetə çıxışı olmayan 2,2 milyard insanın böyük əksəriyyəti dünyanın ən yoxsul bölgələrində yaşayır. Bu insanların 96 faizi aşağı və ya orta gəlirli ölkələrdədir.
İnternetə çıxış sahəsində böyük irəliləyişlər olsa belə, hesabatın müəllifləri zəngin və kasıb ölkələr arasında hələ də böyük bir "bağlantı boşluğu”nun qaldığını bildirirlər. Adam başına düşən orta gəlirin 1.135 dollardan aşağı olduğu aşağı gəlirli ölkələrdə insanların yalnız 23 faizi internet istifadəçisidir.
Regionlara nəzər salsaq, insanların cəmi 36 faizinin onlayn olduğu Afrika, açıq şəkildə internet istifadəsinin ən aşağı olduğu bölgədir. Onu 70 faiz göstərici ilə Ərəb Dövlətləri, 77 faizlə Asiya-Sakit okean regionu izləyir. Digər tərəfdən, Avropa və Amerika qitələrində insanların cəmi 8–12 faizi internet istifadəçisi deyil. Adam başına düşən orta gəlirin 13.935 dollardan yüksək olduğu "yüksək gəlirli” ölkələrdə isə əhalinin 94 faizi onlayndır.
ITU-nun Baş Katibi Doreen Bogdan-Martin deyir: "Rəqəmsal texnologiyaların gündəlik həyatın bir çox sahəsində əsas rol oynadığı dünyada hər kəs onlayn olmağın faydalarından yararlanmalıdır”.
O, rəqəmsal uçurumun artıq yalnız mövcudluqla deyil, həm də sürət, etibarlılıq, əlçatanlıq və rəqəmsal bacarıqlarla ölçüldüyünü vurğulayır.
Hesabat göstərir ki, ölkələrin öz daxilində belə fərqli sosial qruplar arasında internetə çıxış baxımından böyük fərqlər var. Gözlənildiyi kimi, dünya üzrə gənclər yaşlılara nisbətən daha çox internetdən istifadə edir. 15–24 yaş arasında bu göstərici 82 faizdirsə, ümumi əhali üzrə bu rəqəm 72 faizdir. Bu uçurum Afrika kimi internetin az yayıldığı ərazilərdə daha da böyüyür. Bu regionda gənclərin yarısı internetdən istifadə etdiyi halda, ümumi əhalinin yalnız üçdə biri onlayndır.
Kənd və şəhər əraziləri arasında da böyük fərqlər var — kənd yerlərində əhalinin demək olar ki, yarısı (42 faiz) internetdən heç istifadə etməyib. Şəhərlərdə isə bu göstərici 85 faizdir. Hətta internetin geniş yayıldığı Avropada belə, kənd yerlərində insanların 13 faizi hələ də internetə qoşulmayıb.
Bu qədər böyük bərabərsizliklərin, dünya üzrə internetə çıxış göstəricilərindəki ümumi yaxşılaşmalara baxmayaraq davam etməsi düşündürücüdür. 2018-ci ildə dünya əhalisinin yarısı artıq onlayn idi. COVID-19 dövründə kəskin artım olsa da, 2022-ci ildə hələ də əhalinin 37 faizi internetdən heç istifadə etməmişdi.
ITU Telekommunikasiya İnkişaf Bürosunun rəhbəri Cosmas Zavazava bildirir ki, etibarlı məlumatlar effektiv rəqəmsal siyasətlərin və "dünyanı birləşdirmə” vizyonunun əsasını təşkil edir: "Birlikdə çalışaraq və resursları ehtiyacın ən çox olduğu yerə yönəldərək heç kimin geridə qalmamasını və hər kəsin rəqəmsal dövrün imkanlarından tam və təhlükəsiz şəkildə yararlanmasını təmin edə bilərik”. \\Qaynarinfo
