Dünyada COVİD-ə yoluxanlar yenə artır - Azərbaycanda da durum ürəkaçan deyil

2021-11-25 11:09:00

Dünyada COVİD-ə yoluxanlar yenə artır - Azərbaycanda da durum ürəkaçan deyil

Həkim: “Buster doza olunmayanlarda immunitet yoxdur”.

Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, dünyada infeksiyaya yoluxan və bu virusdan ölənlərin sayı əvvəlki yeddi günlə müqayisədə 6 faiz artıb. Yeni infeksiyaların demək olar ki, 67 faizi Avropada qeydə alınıb. Orada yoluxanların sayında 11 faiz artım olub. Eyni zamanda yoluxanların sayında azalma Cənub-Şərqi Asiya (11 faiz), Şərqi Aralıq dənizi (9 faiz) və Afrikada (4 faiz) qeydə alınıb. Qərbi Sakit Okean regionunda (29 faiz), Amerikada (19 faiz) və Avropada (3 faiz) ölüm halları artıb. Bununla belə, Afrikada (30 faiz), Cənub-Şərqi Asiyada (19 faiz) və Şərqi Aralıq dənizində (4 faiz) ölənlərin sayı azalıb.

Noyabrın 23-nə olan məlumata görə, pandemiyanın başlandığı gündən dünyada 257 469 528 koronavirusa yoluxma, 5 158 211 ölüm faktı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 436 031 nəfər artıb, 6 433 nəfər ölüb.

Rusiyada da vəziyyət kritik olaraq qalır. Ölkədə COVİD-19-a yoluxanların sayı 9 434 393 nəfərə çatıb.

Son sutka ərzində 1 240 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə infeksiyadan ölənlərin sayı 267 819 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.

Almaniyada isə gün ərzində yüksək yoluxma qeydə alınıb. Belə ki, son sutka ərzində 66 884 nəfər yeni növ COVİD-19-a yoluxub. Pandemiya başlayandan ikinci antirekord sayılır, birinci noyabrın 18-də qeydə alınmışdı - 65 371 yoluxma halı.

Finlandiyada isə uşaqlar arasında koronavirusa yoluxma hallarının sayının sürətlə artdığı deyilir.  Son bir həftə ərzində 20 yaşa qədər olan gənclər arasında 2600 yoluxma halı baş verib ki, bu da oktyabrın ortalarına nisbətən iki dəfə çoxdur.

“Oulu OYS” Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər üzrə pediatrı Niko Palanne deyib ki, uşaqlar reanimasiyaya düşməyiblər. Amma böyük siniflərdə oxuyanlar xəstəliyi böyüklər kimi keçirirlər, onların çoxu xəstədir. Finlandiyanın təhsil naziri Li Andersson deyib ki, məktəblər şagirdlər arasında yayılan COVİD-19 infeksiyası barədə valideynlərə açıq məlumat verməlidir.

Azərbaycanda da epidemioloji vəziyyət ürəkaçan deyil. Xüsusilə də ölüm sayları çoxdur. Yazını hazırladığımız zaman bəlli olan statistik göstəriciyə əsasən, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 1924 yeni yoluxma faktı qeydə alınıb, 1873 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 578 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7709 nəfər vəfat edib, aktiv xəstə sayı 27 718 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584, ötən müddət ərzində isə ümumilikdə 5 473 157 test aparılıb.

İnsanlar artıq 3-cü doza vaksinasiya da olunurlar. Bununla belə, yoluxma və ölüm sayında hər hansı fərq hiss olunmur. 

Koronavirusla bağlı ölüm sayı bir qədər çoxdur

Mərdan Əliyev 

Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev son epidemioloji vəziyyətlə bağlı narahatlığını ifadə edib: “Yoluxma sayı artmaqda davam edir. İnsanlar üçüncü dozanı vurdurmaqda elə də maraqlı deyillər. Çünki birinci, ikinci dozanı vurdurub artıq arxayınlaşıblar. Tək bizdə deyil, bütün dünyada, o cümlədən Türkiyədə də vəziyyət belədir. Peyvəndin vurulma tempində azalma qeydə alınır. İnsanların peyvəndə qarşı marağı azalıb və peyvənd olunanların sayı da azalır. Bunun səbəbi müəyyən insanların arxayınlaşması ilə əlaqədardır. Çünki artıq virus təqribən iki ildir var, artıq insanlar buna öyrəşiblər. Vaksinasiya önəmlidir, eyni zamanda qızıl qaydalara da mültəq əməl edilməlidir. Əks təqdirdə, bu virusun öhdəsindən gəlmək çətin olacaq”.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gün 34 474 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 418, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 827 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 363 317, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 059 543, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 538 992, buster doza üzrə vaksinasiya olunanların sayı isə 764 782 təşkil edir.

Emil Qasımov: “Öncəki dalğalarda bu qədər böyrək çatışmazlığı görülmürdü” -  13.08.2021, Sputnik Azərbaycan

 Emil Qasımov

Azərbaycan Tibb Universitetnin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə bizimlə söhbətdə bildirib ki, yoluxma sayının azalmasında bir neçə qayda var, onlara riayət etmək lazımdır: “Yoluxma sayının azalmasında bunların rolu var. Qapalı məkanlarda maska taxmaq, məsafə saxlamaq, kütləvi yerlərdə iştirak etməməkdir. Demirik ki, heç iştirak etməyin, sadəcə, lazım olduqda. Peyvənd olunmağın xəstəlik sayının artıb-azalmasında elə bir rolu yoxdur. Var, amma çox azdır. Xəstəliyi ağır keçirmədə peyvəndin rolu böyükdür. Məsələ burasındadır ki, bizim ölkəmizdə neqativ hallara çox rast gəlinir. Məncə, vaksin olunanların sayı açıqlanan rəqəmlərdən aşağıdır. Bunun xəstə sayında və ölümlərin olmasında rolu var. Bununla bağlı dövlət qurumlarının rəsmiləri də bildirirlər ki, vaksin olunanların bir qismi əslində peyvənd olunmayıb”.   

Həkim onu da əlavə edib ki, pandemiyanın bitməyəcəyi barədə deyilənlər doğru deyil:  “Dünyada indiyə qədər yayılan pandemiyaların hamısı bitib. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Amma nə zaman bitəcəyi barədə fikir söyləmək çətindir. Elmə məlum olan məsələ odur ki, nə qədər tez bir zamanda kollektiv immunitet yaranacaq, pandemiyanın bitmə ehtimalı o qədər çoxdur. Aylardı dövlətimiz də, həkimlər də bildirirlər ki, 3-cü doza vaksin tətbiq olunmalıdır. Tutaq ki, fevral, mart aylarında  peyvənd olunan insanların vaksin olunmasından 6 ay keçib. Bu insanların çoxu 3-cü doza vaksin olunmayıb. 3-cü doza-buster doza olunmayanlarda immunitet yoxdur. Onlar vaksin olunmuş sayılmırlar. 3-cü doza çox vacibdir, rolu böyükdür. İnsanların çoxu üçüncü doza olunmayıb”.