Saat:13:07
Haqqımızda

Dünya liderləri Qarabağı müzakirə edir: Kritik görüşdən nə gözləyək?

2023-06-01 14:03:00

Dünya liderləri Qarabağı müzakirə edir: Kritik görüşdən nə gözləyək?

Milli Məclisin deputatı Elman Nəsirovun “Yeni Sabah”a müsahibəsi:

- Bu gün Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammiti keçiriləcək. Bu sammit çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi mexanizmini necə dəyərləndirirsiniz?

- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması istiqamətində intensiv hərəkətlilik diqqəti cəlb edir. Fikir versəniz, həm Moskva, həm Brüssel, həm də Vaşinqtonda intensiv görüşlər keçirilməkdədir. Doğrudur, bu görüşlər hazırda daha çox kəmiyyət xarakteri kəsb edir, amma əsas məqsəd odur ki, bu, bir keyfiyyət göstəricisinə çevrilsin.

Bu gün isə Kişineuda görüş keçiriləcək. Amma fərqli tərkibdə. Bildiyiniz kimi, Brüssel formatı çərçivəsində Azərbaycan-Ermənistan siyasi liderləri və Avropa İttifaqı Şurasının prezidenti iştirak edirdi. Bir dəfə isə Praqada Fransa prezidenti Emmanuel Makron bu prosesə müdaxilə etmişdi ki, bu da prosesin dayanmasına gətirib çıxardı.

- Kişineu görüşündə Fransa prezidenti ilə yanaşı, həm də Almaniya kansleri Olaf Şolz iştirak edəcək. Almaniyanın bu prosesə qatılmasına səbəb nədir?

- Bu, yeni bir hadisədir. Almaniya bu prosesdə heç bir zaman fəal iştirakçı olmayıb. Amma ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olub. Almaniya prosesə özü-özünü dəfn edən ATƏT-in Minsk qrupunun üzvü kimi deyil, sadəcə Avropa İttifaqının lokomotiv dövlətlərindən biri kimi qatılır.

Azərbaycan-Almaniya münasibətləri də normal münasibətlərdir və Almaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, o cümlədən, Azərbaycana münasibətdə daha çox obyektiv mövqeyi ilə yadda qalıb. Nəzərə alsaq ki, Almaniyada çox güclü türk diasporu mövcuddur, belə olan halda bu faktor da Almaniyanın xarici siyasətinə təsir edən amillərdən biridir.

- Masa genişlənir. Türkiyənin də masada olma ehtimalı mövcuddurmu?

- Mənə elə gəlir ki, Ermənistan-Azərbaycan münasibətlərin normallaşdırılması istiqamətində bu cür səylər kifayət qədər artıb ki, bunun da məntiqi bir nöqtəyə gəlib çıxacağı istisna edilmir. Düşünürəm ki, Kişineu danışıqlarında format bu qədər genişlənibsə, perspektivdə Türkiyənin də iştirakı mümkündür. Çünki Türkiyə qlobal miqyasda böyük oyunçudur. Ona görə də Türkiyəsiz nəinki regional, eləcə də bir çox hallarda beynəlxalq məsələlər də həllini tapa bilmir və Türkiyənin iştirakı həll prosesinə böyük dəstək verir. Bunu Rusiya-Ukrayna müharibəsi fonunda bir daha gördük. Bu müharibə fonunda həllini tapmayan mürəkkəb məsələləri – taxıl dəhlizi, əsirlərin qaytarılması və digər məsələlərdə məhz Türkiyənin müdaxiləsi öz müsbət nəticələrini verdi.

- Azərbaycanın təkidi ilə Türkiyə də danışıqlara qoşula bilər?

- Ola bilər. Çünki belə olan vəziyyətdə Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərin normallaşdırılması prosesində yaranmış formatlardan kənarda qalması məntiqsiz görünür. Əgər bu prosesdə Fransanın və Almaniyanın iştirakı mümkün olursa, mənə elə gəlir ki, bütün reallıqlar fonunda Türkiyənin iştirakı tam məntiqlidir. Bu iştirak, nəticə etibarilə, Cənubi Qafqazda çoxdan gözlənilən uzunmüddətli və dayanıqlı sülhün gəlməsi üçün münbit şəraiti təmin edə bilər.

- Fransanın bu görüşdə ermənipərəst mövqedən çıxış etdiyini bilirik. Bəs Almaniya?

- Hələ ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun yaradılması müzakirə edilərkən, Heydər Əliyev məhz Almaniyanın həmsədr dövlətlərdən biri olması məsələsinə gündəmə gətirmişdi. Bunu da şərtləndirən 2 amil var idi: birincisi, Almaniyada Fransa kimi güclü erməni lobbisi və diasporu yoxdur, ikincisi isə orada köklü və güclü türk diasporu mövcuddur. Həm də o dövrdə Almaniyanın “Deminex” adlı enerji şirkəti Azərbaycan neftinin istismarı prosesində iştirakı niyyətini ortaya qoymuşdu. Lakin Almaniyanın həmsədr olmasına Ermənistan mane oldu, Fransanın namizədliyini irəli sürdülər. Belə vəziyyətdə isə Azərbaycan Almaniya əvəzinə ABŞ-ın namizədliyini dəstəklədi. Səbəb də o idi ki, Azərbaycanın ABŞ-ın nəhəng enerji şirkətləri ilə əməkdaşlığının əsası qoyulmuşdu və biz ABŞ-dakı güclü enerji lobbisinin imkanlarından faydalanmaq istəyirdik.

Tarixən Almaniya ilə belə sıx münasibətlərimiz olub. Hətta Türkiyə-Almaniya münasibətləri fonunda da Almaniyanı özümüzə yaxın hesab edirik. Mənə elə gəlir ki, Almaniyanın, sonra isə Türkiyənin bu prosesə cəlb edilməsi tənzimlənmə məsələlərində çox ciddi siyasi dividentlər gətirə bilər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR