Dünya demokratiyası təhlükə altında
2025-ci ilin siyasi gerçəklikləri
Bu gün dünya demokratiyanın ciddi sınaqları ilə üz-üzədir. Bu, sadəcə siyasi rəqabət məsələsi deyil, həmçinin insanların azadlığı, gələcəyi və cəmiyyətlərin ümumi rifahı ilə bağlı dərin bir böhrandır. 2025‑ci ilə dair yeni hesabatlar göstərir ki, demokratiya geriləyir və daha sistemli şəkildə sıxışdırılır.
Rəqəmlər bu haqda nə deyir?
“Democracy Report 2025” sənədinə əsasən:
- Dünyanın təxminən 72% əhalisi artıq avtoritar rejimlərdə yaşayır;
- “Orta dünya vətəndaşı üçün demokratiya səviyyəsi” 1985-ci ilin göstəricilərinə geri dönüb;
- Liberal demokratiyaya(azadlıq, qanun aliliyi, çoxpartiyalı sistem vs.) malik ölkələrin sayı 29-a düşüb;
- 44 ölkədə ifadə azadlığında pisləşmə müşahidə olunub.
EIU-nun “Democracy Index 2024” hesabatına görə, qlobal demokratik skor 5.17-yə enib (0-10 skala üzrə), bu isə 2006-cı ildən bəri ən aşağı göstəricilərdən biridir.
Dünyada yaşayan insanların 39.2%-i avtoritar rejimlərdədir.
Bu rəqəmlər təsadüfi deyil; onlar insanların həyatına, ümidlərinə və azadlıqlarına dair ölçülərdir.
Bu rəqəmlər niyə narahatlıq doğurur?
Bu statistika sadəcə abstrakt rəqəmlərdən ibarət deyil, habelə onlar insanların gündəlik həyatına birbaşa təsir edir. Avtoritarlaşan rejimlərdə söz azadlığı məhdudlaşır, jurnalistlər üçün fəaliyyət daha təhlükəli olur, media azadlığı məhv olur. Demokratik institutlar zəiflədikcə, vətəndaşlar öz səsinin təsirinə inamını itirir. Bu isə radikalizmə, üsyana və ya ümidsizliyə yol açır.
EIU hesabatı göstərir ki, seçki prosesi şəffaflığı və siyasi iştirak sahəsində geriləmə var. Bu o deməkdir ki, “seçki olsa da”, real güc balansı dəyişir. Avtoritarlaşan dövlətlərdə hakimiyyət daha çox birləşir, institutlar zəifləyir.
V-Dem hesabatı da buna diqqət çəkir. Hesabatda qeyd olunur ki, azadlıqların məhdudlaşdırılması (media, assosiasiya, toplaşma azadlığı kimi) hüquqi sistemin balansını pozur və insanların öz hüquqlarını qorumasını çətinləşdirir.
Bu rəqəmlər cəmiyyətə necə təsir edir?
Vətəndaşlar "Səsimin dəyəri yoxdur” düşüncəsilə ya seçkilərdə iştirak etmir, ya da seçkiyə gedir, amma sözlərinin eşidilmədiyini, seçilmiş liderlərin isə asanlıqla güc topladığını hiss edirlər.
Vətəndaşlar dəyişmək, ədalətli və bərabər cəmiyyət arzusunda olsalar da, ümidsizlik nəticəsində arzuların reallaşması çətinləşir.
2025-ci ilin mənzərəsi onu deməyə əsas verir ki, demokratiya təkcə seçki deyil, dəyər, insan hüquqları və ümid deməkdir. Bu gün demokratiyanı qorumaq üçün müstəqil medianı müdafiə etmək, vətəndaşların siyasi savadlılığını gücləndirmək, seçki institutlarının şəffaflığını tələb etmək, QHT-ləri və vətəndaş cəmiyyətini dəstəkləmək və s. addımlar atmaq lazımdır.
Bu iş yalnız siyasətçilərin məsuliyyəti deyil. Demokratiyanı qoruyan cəmiyyətin özü — hər birimiz olmalıyıq.
Kamran NƏSİRLİ
